Koronavirusa yoluxan şəxslər xəstəliyi yüngül keçiribsə, 1 ay sonra, simptomları olubsa, 2 ay sonra, xəstəxanaya yerləşdirilən insanlar isə 3 ay sonra peyvənd olunmalıdır.
Bu sözləri Hacettepe Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri üzrə baş mütəxəssisi, professor Mehmet Ceyhan deyib. Xəstəlik keçirənlərdə antikor səviyyəsinin qalıcığından danışan ekspert sözlərinə belə davam edib:
“Hesabatlarda görünür ki, xəstəlikdən sonra immunitet yaranır, lakin bu, koronavirusu nə qədər şiddətli keçirdiyinizlə bağlıdır. Heç bir əlamət olmadan xəstəliyi keçirən insanlarda antikor səviyyəsi daha aşağıdır. Xəstəliklə peyvəndin yaratdığı antikor səviyyəsini müqayisə etsəniz, vaksindən sonra yaranan antikorlar daha yüksəkdir. Xəstəlikdən sonra antikorların qoruyuculuğu peyvənd sayəsində əldə edilən antikorların qoruyuculuğundan 5 qat aşağıdır.
Xəstəlikdən sonra yaranan antikor 3 ay sonra sürətlə azalmağa başlayır, 3 aydan sonra heç bir funksiya yerinə yetirmir. Peyvənddən sonra yaranan immunitet isə daha qüvvətlidir. Peyvəndlər arasında inaktiv peyvəndlərdə daha az antikor meydana gəlir. Amma mRNA, vektor, ya da partikul peyvəndlərdə antikor səviyyəsi daha yüksəkdir. Odur ki, xəstəliyi keçirən hər kəs vaksin olunmalıdır”.
Həkim epidemioloji vəziyyəti də qiymətləndirib:
“Avropada 4-cü dalğa bitməmiş 5-ci dalğa başladı. Ehtiyatlı olmalıyıq, tədbirləri artırmasaq, eyni vəziyyəti yaşayacağıq. Xəstəliklərin artdığı ölkələrdə gündəlik ölüm sayı da artır. Əslində hələ 1-ci dalğadayıq, amma 2, 3, 4-cü dalğalar xalq arasında qəbul olunduğu üçün belə deyirəm”.
Mehmet Ceyhan 5-ci dalğanın başlamasının səbəblərini qeyri-adekvat tədbirlərin görülməsi, iş yerlərində, ictimai nəqliyyatda və toplantılarda (toylar, qapalı toplantılar, idman tədbirləri, konqreslər, məktəblər) izdihamın artması, “delta” variantının yoluxucu xüsusiyyəti ilə izah edib. /publika.az/