Çox insanlar son zamanlar başın, boyunun sanki dəmir halqa, kaska, rezin kimi sıxılması, spazmı və bundan yaranan ağrıdan şikayətlənir.
Xəstələr ağrını belə izah edir: sanki başımı dəmirlə sıxırlar. Baş dartılır, ağrı bir neçə saatdan bir neçə günə kimi davam edir. Ağrı çiyin, boyun, gözlərə yayılır.
80% hallarda bu xoşxassəli, gərginlik tipli ağrılar olur.
Kimlərdə çox rast gəlinir?
Çox zaman emosional oyaq, gərgin, təşvişli, nevrozlu, depressiyada olan, ciddi neqativ hadisə yaşayan, stres səviyyəsi çox olan, gərgin zehni işdə çalışan insanlarda baş verir.
Gəncliyindən boyun, çiyin əzələlərini gərginləşdirib sıxan adamlarda boyun damarları sıxılır, spazma uğrayır, sinirlər təsir görür.
Xroniki gərginlik ağsının əsas səbəbi aylarla davam edən stress və gərgin həyatdır. Gizli depressiya da bu səbəbin altında yatır.
Əgər bu ayda bir iki dəfə baş verirsə, ağrıkəsicilərlə kəsmək olar. Lakin 2 həftədən çox davam edib, 6 ay çəkirsə, bu təhlükəli simptomdur. Bura artıq əzələ, sinir iltihabı, damar problemi qoşulub.
Belə xəstələr işdə fasilə verib gəzməli, yüngül gimnastika etməli, sakitləşdirici vasitələr içməli, mütləq yaxşı yatmalı, istirahət etməli, streslə mübarizə aparmalı, psixoloq, nevroloq, psixiatr müayinəsindən keçməlidirlər.
Hansı hallarda daha təhlükəli problemdən qaynaqlanır:
- Əgər baş beyin zədə, zərbə alıbsa
- Ağrının xarakteri dəyişir, getdikcə güclənir
- Bədən hərarəti yüksəlir
- Öskürəndə, asqıranda ağrı olur
- Ağrıkəsici içsəniz də ağrı əksinə güclənir
- Ürəkbulanma, qusma, görmədə ikiləşmə yaranır
Bu zaman təcili olaraq kardioloq, nevroloq baxışı olmalı, əsas damarlar dopler, baş MRT edilməli, vacib analizlər verilməlidir. \\Medicina