Xəbər lenti
Reklam
Rusiyalı baş kardioloq azərbaycanlıları sağlamlaşdırmağın yollarını GÖSTƏRDİ
 
Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin baş kardioloqu Yuri Belenkov Bakıda Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı keçirilən tədbirdə öz tövsiyələrini verib.
Bu barədə məlumatı təqdim edirik. Azərbaycana şəkərli diabet və ürək-damar xəstəliklərinin profilaktikası ilə bağlı xüsusi dövlət proqramı lazımdır. Bunu Rusiya Kardiologiya Cəmiyyətinin vitse-prezidenti, RF Səhiyyə Nazirliyinin baş kardioloqu Yuri Belenkov Bakıda Azərbaycan Elmi-Tədqiqat Kardiologiya İnstitutunun 40 illiyi ilə bağlı keçirilən bayram tədbirində deyib.
Kardioloqun sözlərinə görə, bu xəstəliklər Azərbaycanda erkən ölümlərin əsas səbəblərindən biridir. O qeyd edib ki, azərbaycanlılar tez-tez ikinci tip şəkər xəstəliyindən və eyni zamanda arterial hipertenziya ilə müşayiət olunan ürəyin işemik xəstəliyindən əziyyət çəkirlər.

"Burada bir sıra özəlliklər var, lakin onlar əsasən həyat tərzi ilə bağlıdır. Faktiki olaraq ürək-damar xəstəliklərinin əsas faktorları bizim keçirdiyimiz həyat tərzidir. Sizin yeməklər çox dadlı və yağlıdır. Buna görə də düşünürəm ki, yaxın illərdə əsas məsələ əhali arasında profilaktik iş aparmaqdır" - deyə kardioloq bildirib.


Belenkovun fikrincə, profilaktika ən maraqlı məşğuliyyətdir. Çünki onu həyata keçirmək sonradan müalicə almaqdan yaxşıdır. Azərbaycan əhalisinin sağlamlaşdırılması siyasətinə idmanın, sağlam qidalanmanın, siqaret və spirtli içkilərdən imtinanın təbliği daxil edilməlidir.
 

O qeyd edib ki, əgər profilaktika proqramlarına dövlət büdcəsindən vəsait ayrılsa, bu Azərbaycan üçün daha sərfəli olar və tibbi xidmət daha ucuz başa gələr.
"Bu, çox sayda endovaskulyar müalicə mərkəzləri tikməkdən və ürək əməliyyatları keçirməkdən ucuz başa gəlir. Bunu əhaliyə izah etmək lazımdır. Bu, nə qədər tibbin işidirsə, bir o qədər də dövlətin işidir" - həkim əlavə edib.
Belenkov misal olaraq Rusiya təcrübəsini göstərib. Qeyd edib ki, artıq bir neçə ildir Rusiyada ürək-damar xəstəlikləri ilə bağlı profilaktik proqramlar həyata keçirilir. Onun sözlərinə görə, nəticədə ölkədə yaşam müddəti kəskin şəkildə yüksəlib: "Nəticə var. Bütün bunlar realdır, amma bunu hamı biryerdə etməlidir - həm həkimlər, həm KİV, həm də dövlət."
Bunlarla yanaşı, məşhur kardioloq Azərbaycanda miokard infarktının "qızıl saat" adlandırılan dövrdə diaqnostikasını inkişaf etdirməyi tövsiyə edib: "Bu, faktiki olaraq, ürək-damar əzələ zədələnməsinin simptomları aşkarlandığı andan üç saata yaxın müddətdir. Bu müddətdə pasientin həyatını xilas etmək olar. Vaxtında xəstəxanaya yatırmaq və koronar arteriyaya stendin qoyulması ilə xəstənin həyatını ölümdən xilas etmək mümkündür." \\Medicina.az
Tarix: 20 iyun 2019
Baxış: 414

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş