Bədənimiz çox ağıllı və mürəkkəb mexanizmdir. O, daim keşikdədir, rahat olanda heç bir ağrı, narahatlıq vermir, lakin daxildən qandan tutmuş adi damarlara kimi problem varsa, mütləq insana bunu hiss etdirir. Onun da öz xəbərdarlıq siqnalları var, lakin çox zaman insanlar bunu görmür, iqnor edir və bu da çox təhlükəlidir.
Bədənin verdiyi 5 SOS siqnalını təqdim edirik. Bunlardan biri və ya bir neçəsi bir müddətsiz sizdə varsa, keçməsini gözləməyin, mütləq müayinələrə gedin.
1. Təngnəfəslik, nəfəs darlığı, boğulma hissi
Tənəffüsün pozulması beynin, ürəyin qanla təchizatını pozur, oksigen yetməzliyinə səbəb olur. Ona görə ağciyər,döş qəfəsi, sinədə olan istənilən sıxıntı, sanki havasızlıq hissi, yanğı zamanı elə sabahı terapevt, kardioloqa getməlisiz. Bu ürək-damar, ağciyər xəstəliklərindən xəbər verə bilər.
2. Qarında kəsici, deşici ağrılar, ciddi spazmlar
Çox adam bunu qaz, köp ilə əlaqələndirir, giya qarnına soyuq olub. Amma soyuqdəymə zamanı qarın kəskin ağrımır. Ağrını verən daxili orqanlardır. Bu zaman ağrıkəsici iynə vurub ötüşdürmək olmaz. Dərmanlar ağrını kəsib, problem maskalayır, xəstəni və həkimi çaşdırır.
Qarında yuxarıdan aşağıya istənilən nahiyədə ağrı qastrit, xora, kolit, yara, appendisit, peritonit, qanama, Kron və hətta onkoloji xəstəliklər ola bilər. Qadınlarda yumurtalıq partlaması, kistlər, burulma, uşaqlıq miomaları da ciddi ağrı verir.
3. Aydan çox davam edən yuxusuzluq
Yuxusuzluq bioloji saatın, ritmlərin pozulmasıdır. Bu siqnallar pozulduqda insan beyni yuxuya getmə və oyanma əmri almır, bədən, beyin istirahət etmir. Hazırda dünyada 30% kişi, 37% qadın yuxusuzluqdan əziyyət çəkir.
Yuxusuzluğun səbəbləri xarici və daxili amillərdən qaynaqlanır. Əgər siz səbəbsiz olaraq gecə yarı yatıb, səhər tezdən əzgin oyanırsızsa, beyninizdə pozulmalar olacaq və getdikcə çəki itkisi, yaddaşda zəiflik, qıcıqlanma, əsəbilik artacaq. Ona görə bu problemlə bağlı yuxu mütəxəssisi somnoloq və nevroloqa müraciət edin. Özünüz yuxugətirici dərman içməyin.
4. Səbəbsiz arıqlama
Əgər siz həmişəki kimi yeyirsizsə, amma bununla bağlı iştah azalıb və arıqlayırsızsa, bu ciddi siqnaldır. Qəfil kəskin arıqlama vərəmdən tutmuş autoimmun və onkoloji xəstəliyin əlaməti ola bilər. Eləcə də hepatit, sirroz və ağciyər xəstəliklərində də insan çəki itirir.
5. Gözlərin qarşısında tor, qığılcım, qaralma, qara nöqtələr
Gözlərin qarşısında nöqtə kimi qara xəttlər, torlanma yarandısa, 3 gün ərzində göz həkiminə müraciət edin. Bu korluqla nəticələnə bilər və ya katarakta əlaməti ola bilər. /Medicina.az