"Hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərə əvvəlcədən peyvənd olunmaq məsləhət görülür. Əlbəttə, burada bir sıra əks göstərişlər də nəzərə alınmalıdır. Əvvəllər vaksinasiyadan 6 ay sonra hamiləliyin planlaşdırılması tövsiyə olunurdusa, sonradan bu müddət 3 və son olaraq 1 aya qədər azaldıldı”.
Gender.az bildirir ki, bunu Bakupost.az-a mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.
Həkim bildirib ki, koronavirus vaksinasiyasının aparılması tövsiyə olunmur:
"Amma çox yüksək risk olduğu halda peyvənd vurula bilər. Ümumiyyətlə bu barədə geniş məlumatlar yoxdur. Hətta bəzi mənbələrdə göstərilir ki, hamilələri gözləyən nəticə hamiləlik zamanı dölün zədələnməsinin potensial riskindən yüksəkdirsə, belə hamilələr vaksinasiya oluna bilərlər. Çünki yüksək risk qrupuna daxil olan hamilələr koronavirusa yoluxsalar, onların vəziyyəti çox ağırlaşa, hətta ölüm baş verə bilər. O ki qaldı dünyaya yenicə uşaq gətirmiş qadınlarda vaksinasiyaya, bu haqda da ziddiyyətli fikirlər mövcuddur. Qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda vaksinasiya oluna bilər. Nəzərə almaq lazımdır ki, doğuşdan sonrakı dövrdə qadın bir qədər zəifləyir. Zahılıq dövrü bitdikdən sonra əgər ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.
Ginekoloq hamilə qadınların koronavirusa yoluxması ilə bağlı məsələyə də aydınlıq gətirib.
O bildirib ki, hamiləlik bir fizioloji prosesdir və bu zaman orqanizmdə adaptasiya-uyğunlaşma reaksiyaları baş verir:
"Hamilə qadının orqanizmində doğuşdan sonrakı dövrdə baş verə biləcək qanaxmanın qarşısını almaq üçün qan laxtalanma sistemində fizioloji hiperkoaqulyasiya (qatılaşma) baş verir. Bundan əlavə, hamilə qadının ürək-damar, tənəffüs və immun sistemlərində də bir çox dəyişikliklər olur. İstənilən infeksiya, o cümlədən koronavirus onsuz da hamiləlik zamanı artmış koaqulyasion potensialı (qanın qatılaşmasını) daha da artırır. Belə vəziyyət qadında tromboz riskini artırır. Əgər hamilədə tromboz riskini artıran vəziyyətlər və xəstəliklər: irsi və qazanılmış trombofilik amillər, autoimmun xəstəliklər, şəkərli diabet və s. varsa, koronavirus infeksiyası daha ağır gedişli olur, hamilənin və dölün vəziyyətlərinə ciddi təsir edir. Bir çox infeksiyalar cift baryerini keçərək dölün infeksiyalaşmasına, hətta bətndaxili ölümünə gətirib çıxara bilər. Əksər hallarda yoluxmalar zamanı infeksiya döl bədənində generalizasiya olunur, dölün neonatal sepsislə və pnevmaniya ilə doğulmasına gətirib çıxarır. Belə hallarda dölyanı mayenin vaxtından əvvəl axması, vaxtından əvvəl doğuşlar, dölün bətndaxili inkişafdan qalması riski yüksək olur.
Hal-hazırda COVİD-19-un hamiləlik və doğuş zamanı dölə keçməsi halları müəyyən edilməyib, virusun dölyanı maye nümunələrində və ciftdə aşkarlanma hallarına təsadüf olunmayıb. Virusun ana südündə aşkarlanmasına tək-tək hallarda rast gəlinib. Doğuşdan sonra xəstə ana və ya yenidoğulmuşa qulluq edən şəxslərlə sıx əlaqə zamanı COVİD-19-la neonatal infeksiyalaşma qeydə alınıb. Bir çox tədqiqat işlərində hamiləlik zamanı koronavirusun anadan dölə keçməsi ehtimalının az olması göstərilir. COVİD-19-lu hamilələrdə düşüklər, dölün bətndaxili inkişaf ləngiməsi, dölün distressi, vaxtından əvvəl doğuşlar qeyd olunur. Vaxtından əvvəl doğuşlar özbaşına olub və ya həkim tərəfindən ana və döldə olan göstərişlərə əsasən aparılıb. Sonuncu halda hamiləlik əsasən cərrahi yolla başa çatdırılıb”.