Hər bir evdə kiçik aptek adlanan qutu və ya rəf olmalıdır. Əksər hallarda həmin qutuya müxtəlif xəstəliklərdən müalicə alandan sonra qalan preparatlar yığılır və lazım gələndə onların istifadə müddətinin bitdiyi aşkar çıxır.
Evdə saxlanılması zəruri olan dərman vasitələri barədə məlumat verən Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Qutu və rəflərə ilkin tibbi yardım üçün lazım olan sarğı materialları olmağı məsləhətdir, o cümlədən antiseptik məhlullar, həyəcan və müxtəlif mənşəli sıxıntı olduğu zaman dərman preparatlarının olması məsləhət görülür”.
İlk növbədə dərmanları evdə uşaqların əlləri çatmayan yerdə saxlamaq, bəzilərini isə soyuducuya qoymaq lazımdır. Altı aydan bir onların saxlama müddətini ötüb keçməməsi də yoxlanılmalıdır.
Həkim-terapevt deyib: “Dərman preparatlarının həkim təyinatı ilə olması daha düzgündür, çünki hər bir orqanizm fərqli olduğu üçün ona uyğun da dərman preparatları olmalıdır. Bununla yanaşı, ilkin tibbi yardım üçün lazım olan dərmanlar mütləq evdə saxlanılmalıdır”.
İlk tibbi yardım qutusunda bu kimi vasitə və dərmanlar yer almalıdır:
- bint, jqyt, plastr
- antiseptik vasitələr (“perekis”, yod və s.)
- ağrıkəsici preparatlar
- ürək ağrılarına qarşı preparatlar (nitroqliserin və s.)
- spazmolitik preparatlar (no-şpa və s.)
- allergiyaya qarşı preparatlar (suprastin, tavegil və s.)
- detoksikasiya preparatları (smekta və s.)
- orqanizmdə suyun balansını bərpa edən preparatlar (rigedron və s.)