İyunun əvvəli olsa da, artıq ötən aydan başlayaraq bazarlarda qarpız, qovun satılır. Hələ ki, bazarda daha çox qarpız məhsuluna rast gəlirik. Qiyməti isə o qədər də münasib deyil, belə ki, 1 kq-ı 3 manatdan satılır. Yəni əgər 6-7 kiloqramlıq qarpız almaq istəsəniz, 20 manatdan keçməli olacaqsız. Eləcə də qovunun qiyməti də hələlik çox bahadır - kilosu 5-6 manat.Beləliklə, bazarda qarpız yemiş satışı artsa da, məlum olduğu kimi indiki mövsümdə satılan bu məhsullar əsasən mineral gübrənin köməyi ilə yetişir. Onların əsl yetişmə mövsümü isə iyul ayının sonlarından başlayır. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan temperatura yalnız həmin aylarda təsadüf olunur. Ona görə də mütəxəssislər adətən avqust ayından tez qarpız, yemiş yeməyi məsləhət görmürlər.
Bəs hazırda bazarda satılan qarpızı yeyək ya yeməyək?Medicina.az xəbər verir ki,
mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib: "Bizim qurumun əməkdaşları xüsusi cihazlarla satılan qarpızlardakı nitratın miqdarını ölçüb. Məlum olub ki, hazırda satılan qarpızlarda onun miqdarı normadan iki dəfə artıqdır. Əhali bilməlidir ki, hazırda qarpızların və yemişlərin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Normalara görə, bir kiloqram qarpızın tərkibində 60 milli qramdan çox nitrit olmamalıdır. İnsan gün ərzində 200-300 milli qramdan artıq nitrit qəbul etsə zəhərlənər. Hesablasaq görərik ki, bir adam hətta tərkibində normalara uyğun 60 milli qram olan 3 kilo qarpız yesə, artıq o, zəhərlənməyə məruz qalar.
Normadan artıq nitriti olan qarpızı rəngindən, çəkisindən, dadından seçmək olar. Belə ki, əsl qarpızın rəngi tünd al-qırımız olur, görünən zoğları olmur, çəkisi 4-5 kq-dan artıq olmur, bıçaq vuranda çatlayır. Nitriti çox olan qarpızın rəngi isə çəhrayı olur, zoğları görünür, şirinliyin normadan artıq olur. Ümumiyyətlə qarpız və yemiş çox sevilən məhsuldur. Çox yaxşı olardı ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hələ qarpız-yemişin tarlalarda əkildiyi zaman kənd təsərrüfatı işçilərinin yanında olub, gübrələrin verilməsinə nəzarət etsinlər, məhsulların tarladan satışa qədər olan dövrünü yaxından izləsinlər".
Onu da xatırladaq ki, bu mövsümdə satılan qarpızların qəbulu zamanı tez-tez zəhərlənmə halları baş verir. Mütəxəssislər qeyd edir ki, bu cür zəhərlənmə zamanı insanda qəfil halsızlıq, soyuq tər, təzyiqin qəfildən düşməsi kimi hallar müşahidə edilir. Bəzən də olur ki, qarpızdan zəhərlənən şəxsdə zəhərlənmənin fəsadları qalır. Buna görə də qarpızdan zəhərlənən şəxsə dərhal çoxlu maye içirtmək məsləhət görülür. Daha sonra əgər təzyiq düşübsə, onu soyuq tər basıbsa, zərərçəkənin başı aşağı vəziyyətdə qalmasını tənzimləmək lazımdır ki, başına qan getsin. İlkin yarımdan sonra dərhal həkimə müraciət edilməlidir. \\Yeni Müsavat