Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Çimərlik mövsümünün gətirdiyi qulaq ağrıları - Həkim MƏSLƏHƏTİ

Bildiyiniz kimi, çimərlik mövsümünün başlanğıcı ilə qulaq ağrıları mövsümü başlayır. Bəs bu ağrıların səbəbi nədir? Bunun qarşısını almaq üçün nə etməliyik?
Almaniyanın Darmştat şəhər xəstəxanasının qulaq, burun və boğaz xəstəlikləri şöbəsinin həkimi Cavid Hüseynzadə bu suallara aydınlıq gətirib.
Həkimin sözlərinə görə, problemin səbəbi xarici otit və ya "yay mövsümü” otiti bəzən də "üzgüçü qulağı” kimi adlanan - xarici qulaq keçəcəyinin kəskin iltihabıdır. Bu da çox ağrılı keçən bir xəstəlikdir, xüsusilədə uşaqlarda. Xarici qulaq keçəcəyi qulağın təbil pərdəsinə qədər olan hissəsidir. Xarici otit zamanı xarici eşitmə keçəcəyindəki dəri bölgəsi iltihablanır.
- Xarici otitin yaranma səbəbləri hansılardır?
- Ümumiyyətlə, bu həssas sahə təbii təbəqə serumen (qulaq kiri) tərəfindən qorunur.  Bu qoruyucu təbəqə, uzun müddət su ilə təmasda olduqda, xüsusi ilə xlorlu su, aradan qaldırılır və bu bölgədəki dəri çox həssas olur. Öz qoruyuculuğunu itirən dəri yüngül toxunmadan belə zədələnərək iltihaba təkan verir. İltihablaşmış dəri tezliklə infeksiyalaşır. Xarici qulaq keçəcəyinin dar, nəm və isti mühiti patogenlərin çoxalması üçün ideal bir mühitdir. Bir neçə saatdan sonra bu özünü qaşınma və ya qulaq ağrısı kimi birüzə verir.
- Xarici otiti necə müəyyən edə bilərik?
- Sadə bir testlə bunu bilmək olar: qulağ məməsini aşağıya çəkdiyimiz zaman və ya qulaq girişində yerləşən qığırdağa təzyiq göstərdiyimiz zaman ağrı baş verərsə, adətən bu xarici qulaq keçidinin iltihabıdır.
Ümumi simptomlar:
- Qulaqda qaşınma
- Qulaq qığırdağında ağrı
- Qulaqdan ifrazat
- Qızartı, şişkinlik
- Eşitmə zəifliyi
- Bəs niyə uşaqlar daha çox əziyyət çəkir?
- Bildiyiniz kimi, böyüklərdən fərqli olaraq, uşaqlar tez-tez suya atlayır və suda daha çox vaxt keçirirlər. Bundan əlavə, uşaqlar, qulaq infeksiyalarına xüsusilə meyilli olurlar, çünki nazofarenks (burun-udlaq) və orta qulaq (qulaq sümükcüklərinin yerləşdiyi bölgə) arasında əlaqə böyüklərlə müqayisədə daha qısa və genişdir - bu da bakteriyaların və mikrobların daha sürətli yayılmasına imkan verir.
Bu xoşagəlməz ağrılardan qurtulmaq üçün sizlərə bir neçə tövsiyəm olacaq. Bunları etdikdə qulaq ağrısı ilə evdə oturma riskini azaldacaqsınız.
Sudan çıxdıqdan sonra reflektor olaraq bir çoxlarımız qulaqdakı suyun boşaldılması üçün, biz daha çox barmağımızla qulağımızı sıxırıq. Bu düzgün deyil, çünki bunu edərək barmaqlarınızla xarici qulaq keçəcəyini asanlıqla zədələyə bilərik və buda itihablaşmaya səbəb olur.
Məsləhətim - qulaqdakı suyu başımızı yana əyərək dəsmalla təmizləmək yetərlidir.
Bir az qəribə səslənə bilər, ancaq çimdikdən sonra otitin qarşısını almaq üçün saç fenindən istifadə edərək qulaqlarınızı quruda bilərsiz. Saç feni ilə qulağınız arasında tövsiyə olunan məsafə 30 santimetrdir və sürəti ən aşağı səviyyəyə qoyulmalıdır.
Əgər uşağınız qulaqda suyun mövcudluğundan şikayətlənirsə, bu halda qulağın üzərinə bir dəqiqədən az bir müddərə isti dəsmalla basın. Sonra başınızı bir dəqiqə ərizində yan tərəfə əyin və maye sızana qədər proseduru təkrarlayın. İstilik eşitmə keçidini genişləndirir və mayenin axışını sürətləndirir.
Mümkünsə, xüsusilə yay aylarında qulaq keçidlərinin süni bağlanmasından imtina edin. Bu hovuz üçün nəzərdə tutulan qulaqcıqlarada aiddir. Çünki onlar xarici qulaq keçəcəyini rütubətdə saxlayırlar və bakteriyaların çoxalmasına şərait yaradırlar.
Qulaq çöpünün daim istifadəsi, xarici qulaq keçidində kiçik travmalar yaradaraq, qoruyucu təbəqəni zədələyir və infeksiyalaşmaya səbəb olur.
- Həkimə nə zaman müraciət etmək lazımdır?
- Əgər qulaq ağrısı axşam saatlarında baş verərsə, ilkin müalicə kimi ağrıkəsici qəbul edə bilərsiniz. Soyuq kompresslərin qoyulması qulağın ağrılarını azaldır. Lakin, növbəti səhər dərhal həkim otorinolaringoloqa müraciət etmək məslət görülür. Bəzən antibiotiklərlə müalicə tələb oluna bilər. Zamanında müalicə olunan otit bir neçə gün ərzində tamamilə sağalır. Amma müalicə olunmadıqda, iltihab orta qulağa yayıla bilər və beləliklə ağırlaşmalara səbəb ola bilər.
Son tövsiyyəm, mütəmadi olaraq həkim-otorinolarinqoloqa müraciət edin. Xüsusilə tətilə gedərkən və ya hovuza abunə almadan əvvəl - qulaqlarda kirin olmasını və ya otomikozu (qulaq kanalının göbələk infeksiyası) istisna edin. \\Bizim.media

Tarix: 09 iyul 2021
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş