Vəziyyət çox pisləşə bilər, odur ki... - Azərbaycanlı həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI
Koronavirusun Hindistanda yayılan Delta variantı Uhanda yayılan virusdan 100 faiz daha yoluxucudur və qripəbənzər əlamətləri ilə fərqlənir.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Emil Qasımov deyib. O bildirib ki, son vaxtlar Böyük Britaniya da yoluxanların əksəriyyətində Delta variantı aşkarlanıb:
“Avropanın proqnozuna görə, avqustun sonuna doğru insanlar arasında yayılacaq olan virusun 90 faizi Delta variantı olacaq. Hesab edirəm ki, bununla bağlı narahatlığa səbəb var. Delta variantının Britaniya ştammından 50-60 faiz daha yoluxucu olması o deməkdir ki, o, Uhan, yəni klassik variantından 100 faiz daha çox yoluxucudur.
Bu variantın ölkəmizdə yayılacağı proqnozlaşdırılır. Mən özüm də şəxsən bu cür proqnozlaşdırıram.
Onun digər variantlardan fərqi isə qripəbənzər simptomların çox olmasıdır. Yəni baş, boğaz ağrısı, burun axıtınsı və əlavə olaraq ishal kimi şikayətlər ilə fərqlənir”.
E. Qasımov onu da qeyd edib ki, bu ştammın öldürücülüyü barədə dəqiq tədqiqat olmasa da, yoluxduruculuğu çox olduğu üçün xəstəliyi ağır keçirənlərin, xəstəxanaya yerləşdirənlərin, reanimasiyaya ehtiyac olanların sayında artım olması təbiidir. \\Oxu24