Qarşıdan yay günlərinin gəlməsini, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətə istirahətə gedən vətəndaşlara, turistlərə müraciət edirik. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, piknikdə olan zaman ərazini tərk etməmişdən qabaq tonqalları söndürsünlər, fermerlər biçənəkləri yandırmasınlar.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, bəzən istirahətdə olanların, kənd sakinlərinin, fermerlərin, sürücülərin ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolaqları, ağaclar, yaşıllıqlar yanır və bu hallar da nazirliyi narahat edir:
"Bütün bu hallar baş verməməsi üçün sürücülər, vətəndaşlar dizel yanacaqları, bitki yağları, benzin kimi mayelərə bulaşmış materialları, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar, müəssisələr, fermer təsərrüfatları, eləcə də əhali meşəyə həmsərhəd olan sahələrdə qurumuş otları, kövşənləri biçin dövrü başa çatdıqdan sonra yandırmasınlar, meşə sahələrinə yaxın kəndlərin sakinləri mütləq şəkildə yanğın təhlükəsizlik qaydalarına əməl etsinlər. Bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, yaşıllıqları qorumağa çağırırıq". \\Oxu24.com