Həyatın mənası itib, heç nədən zövq ala bilmirsiz? - "Yanma" sindromundan əziyyət çəkənlər
Hazırda bir çox psixoloq və terapevtlərin çox işlətdiyi, dəbdə olan "peşəkar yanma" sindromu artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlikləri siyahısına daxil edilmək ərəfəsindədir.
Ətrafımızda çox insanların üzləşdiyi bu sindromun səbəb və əlamətlərini təqdim edirik. Diqqətlə baxın, əgər sizdə bu əlamətlərdən 3-ü varsa, deməli, artıq yanma prosesindəsiz.
1.Nə sevinc var, nə kədər
Emosional yanma zamanı insan nəinki dərin kədər, qüssə hissindən, həmçinin sevincdən də məhrum olur. Əvvəllər sizi xoşbəxt edən səbəblər, sevimli yer, qəhvə, şokolad, yemək heç bir hiss yaratmır. Siz özgələrinin və özünüzün belə başına gələn pis bir xəbərə, hadisəyə ürəkdən kədərlənmirsiz. Artıq heç nə vecinizə olmur.
2.İştahınız və yuxunuz yoxdur
Sanki daim tox, daim yuxulu gəzirsiz. Uzun müddət bu hala öyrəşdikdən sonra, orqanizm özünü elə aparır ki, sanki ona yuxu və yemək heç lazım deyil. Sanki illər boyu qulluq etmədiyiniz, qayğısına qalmadığınız bədən və can qisasını alır: "Mənə vaxtında yaxşı baxmadın, al payını”.
Səhər 4 olur, amma oyaqsız. Həkimlər sizə nevroz diaqnozu qoyur. Amma diaqnozunuz bu deyil. Çox yorulsanız da, yatmırsız. "3 saat yatım, bəs edər”.
3.Özünə güvən və dəyər sıfıra enib
Hər şeydə özünüzü günahlandırır, deməli mən pisəm düşünürsüz. Bu qədər işlədim, can yandırdım, heç kimə yarımadımsa, bundan sonra nə düzələcək.
4.Problemlərə təslim olursuz
Əvvəllər nəinki doğmaların, hətta yadların belə problemini üstələyib, onun həlli üçün qaçırdız. Artıq o resursunuz bitib. Emosional yanma sizə özünü ələ alıb, iradə göstərmək gücünü əlinizdən alıb. Bu ona bənzəyir ki, bronxitdən öskürən adama yalvarırsan ki, nə olar, öskürmə, sağal. Belə yardım olmur. Sizə iradə yox, artıq yardım lazımdır.
5.Rəhm, mərhəmət hissiniz ölüb
Göz yaşınız belə əvvəlki kimi axmır. Dərdli birinə laqeydsiz. Özünüzə qarşı mərhəmətiniz necə azalıbsa, başqalarının da dərdinə acizlik kimi baxıb, heç nə olmaz, dözər düşünürsünüz.
Kiməsə xeyriyyəçilik etmək isə mənasız gəlir. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyinizi düşünürsüz. Hər kəs dərdini özü çəkməlidir.
Kimlər bu sindroma tutulur?
Bu orqanizm və psixikanın normadan artıq yüklənmədən çökməsi, sönməsindən yaranır. İnsan yaradılanda onun beyni, hüceyrələri, ruhu, psixikası həyatda müəyyən qədər ciddi stresslərə tab gətirməyə proqramlaşdırılıb: bu hər hansı itki, doğmaların itkisi, təbiət hadisəsi, gözlənilməyən bəla və s. Amma elə insanlar var ki, işi, peşəsi, ixtisası bu stresi onlara illərlə, aylarla yaşadır. Ona görə sinir sistemi bu yüklənmədən yanır. Sanki sayğac atır və işıqlar sönür.
-İşi ilə bağlı müxtəlif insanlarla ünsiyyətdə olan, məsələləri həll edənlər
-Böyük, çətin məsuliyyəti olanlar
-İşində öz zəhməti ilə yüksələnlər
-Həftənin 7 günü, 20 saat işinə bağlı olanlar
-İşi, olduğu yer ürəyiycə olmayıb, könülsüz çalışanlar
-İşində daim yüksəlmək və bunun üçün əlavə kurslar, seminarlar və s. keçənlər
-Eləcə də həm işləyib, həm çalışan gənc valideynlər, hansı köməkləri yoxdur
Hansı peşələrdə bu daha çox baş verir:
-Psixoloq, psixiatrlar
-Xilasedicilər
-Həkimlər
-Xeyriyyə fondları işçiləri
-İncəsənət adamları
-Hərbçilər
-Proqramistlər, kibernetiklər
Siyahını uzatmaq olar. Hətta işində çox yaxşı satıcı olan biri də 10 il ərzində peşəkar yanmaya tutula bilir.
Bütün bu sahələrdə çalışanlar işləri ilə bağlı, bəzən heç özlərinə aid olmayan stresin zərbəsini birinci qəbul edirlər.
Başqalarının oduna yananlar desək daha düzgün olar.
Bir gün sinir sistemi "bəsdir, məndənbu qədər” deyib insanın həyatı üçün vacib olan bütün hissləri söndürərək yanma rejiminə keçir.
Təbii ki, bütün xəstəliklər kimi bu sindrom da öncədən yüngül simptomlarla özünü göstərir. Əgər iştahınız azalırsa, işə könülsüz gedirsizsə, işlə bağlı zənglərə əsəbi cavab verirsizsə, illərdir istirahət etmir, heç yerə getmirsizsə, tez-tez səbəbsiz ağrılar, baş ağrıları, yorğunluq, yuxusuzluq sizi üzürsə, siz artıq uçurumun bir addımlığındasız.
Nəzərə alaq ki, ilkin mərhələdə xilas olmaq mümkündür, nəinki artıq yanma baş verdikdə.
Nə etməli?
-İlk növbədə işdən uzunmüddətli fasilə, məzuniyyət götürülür. Siz hətta dəhşətli xəstəliyə tutulub müalicə alarkən necə işdən imtina edəcəksizsə, o cür davranmalısız. Çünki professional yanma xərçəngdən də qorxuludur.
- Telefon, sosial şəbəkələr, bir sıra mobil texnoloji vasitələrdən istifafəni minimuma endirirsiz
-Musiqi, rəqs, komediya – yalnız bunlara baxıb,qulaq asmalısız
-Özünüzdən tələblərinizi azaldın. İdeal olmağı unudun. Özünüzü dünyanın ən key, bacarıqsız insanı hesab edin.
-Özünüzü təhlükəsiz hiss edin. Sizin həyatınız üçün təhlükə yoxdursa, qalanı boş şeydir.
-Ətrafdan, doğmalardan diqqət tələb edin, arzularınızı bildirin, ya da heç olmasa sizi narahat etməsin.
-Uşaqlığınıza qayıdın. Uşaqlıqda sizi nə sevindirirdisə, onları edin. Şirniyyat, şirin pambıq, cizgi filmi, yelləncək. İnanın ki, beyniniz buna görə sizə təşəkkür edəcək.
-Bədəninizi və beyninizi illərlə adət etdiyi hərəkətlərdən, vərdişlərdən uzaqlaşdırın. Nəyi illərlə etmisizsə, onları yox, tamam başqa əks şeylər etməlisiz. Bu zaman beyin neyronları yeni bir həyata açılmaq istədiyinizi anlayacaq.
-Ürəyiniz istədiyiniz, sizə rahatlıq verən insanlarla ünsiyyətdə olun.
Digər insanlarla münasibəti sıfıra endirin. Sanki yoxsuz. Lazım gəlsə yeni tanışlıqlar edin. Müxtəlif qruplara qoşulun.
-Bədəninizə qulluq edin. Buna özünüzü məcbur etməlisiz. Gəzinti, masaj, yoqa, hovuz, müxtəlif kosmetoloji vasitələr, müalicəvi prosedurlar – mütləqdir.
-Kənardan kömək alın. Yaxşı bir psixiatr, nevroloq və psixoloqla beyninizi, psixikanızı müalicə edin.\\Medicina