Tromb qan laxtasıdır. Tromb damarın tamlığı pozulanda (məsələn, travma zamanı) damarın divarını sanki bağlamaq və qanaxmanı dayandırmaq üçün əmələ gəlir və bu orqanizmin təbii qoruyucu mexanizmidir.
Əgər bu mexanizm olmasaydı insanlar adi kiçik travmadan qanaxmaya görə ölə bilərdilər.
Lakin bəzi xəstəliklər zamanı tromblar orqanizmdə daha tez-tez və ciddi səbəb olmadan əmələ gəlməyə başlayır ki, bu artıq insan sağlamlığı və həyatı üçün təhlükə yaradır.
Tromb qan axını ilə damarlar boyu hərəkət edəndə daha nazik damara düşə və onu tam bağlaya bilər. Bu ağciyər, beyin və ya ürək damarında baş verərsə insan ölə bilər. Əgər tromb ətrafın (əsasən ayaq damarlarında baş verir) damarını bağlayarsa insanda qanqrena inkişaf edə bilər.
Thrombosis UK (Böyük Britaniya) təşkilatının açıqladığı statistikaya görə, “Qərbdə hər 37 saniyədə 1 insan venoz tromboemboliyadan ölür. Hər il trombların ağırlaşmalarından daha çox insan həlak olur nəinki avtomobil qəzaları, süd vəzi xərçəngi və QİÇS-dən birlikdə».
Thrombosis UK-nın mütəxəssisləri qeyd edirlər ki, tromblar daha çox ətraflarda əmələ gəlir.
Trombun qol və ya ayaqda simptomları:
- nəbz kimi vuran və ya tutmaşəkilli ağrı
- tromb olan sahənin şişməsi
- tromb olan sahənin qızarması
- həmin yerin isti olması.
Simptomların daha yüngül və ya ağır olması trombun ölçüsündən asılıdır. Tromb kiçikdirsə, ətraf bir qədər şişə bilər və ağrı az ola bilər. Tromb iri olanda bütün ətraf şişir və insan çox ciddi ağrı hiss edir.
Trombun digər simptomları arasında: qəfil əmələ gəlmiş təngənəfəslik, sinədə kəskin ağrılar (ağrılar nəfəs alanda daha da arta bilər), öskürək (bəzən qanlı). Bu simptomlar əmələ gələndə vaxt itirmədən həkimə müraciət edin. \\Saglamolun