Türkiyəli dietoloq Mürşüd Özener orucun bir çox xəstəliklərin müalciəsində effektli təsiri olduğunu bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma mütəxəssisi yağların yandırılması nəticəsində şəkər və xolesterin səviyyəsinin yaxşılaşdığını deyib:
"Orucun immunitetə bir çox faydası var. Gündəlik həyatda çox enerji verən qidaları yemək insanlarda zamanla insulin müqaviməti, köklük və şəkər xəstəliyinin inkişafına səbəb olur. Qənnadı məhsullar, şəkər nisbəti yüksək olan meyvələr, xəmir xörəkləri, ağ çörək, plov kimi ərzaqlar qara ciyəri yağlandırır. Beləliklə, orqanizmin xəstəliklərə qarşı müqaviməti zəifləyir və öz funksiyalarını yerinə yetirə bilmir. Oruc qaraciyərin işini asanlaşdırır və tarazlayır. Bədən yenidən daha mühüm funksiyalarına yönəlir, orqanizmin infeksiyalarla mübarizə və özünü xəstəliklərdən qoruması asanlaşır. Orqanizminin oruc tutduğunu insan bütün qida maddələrini tamamilə həzm etdikdən sonra anlamağa başlayır. Bu vəziyyət qanda şəkərin səviyyəsini aşağı salaraq orqanizmdə halsızlıq və süstlük, baş ağrısı, ürəkbulanmanın əlamətləri ilə özünü göstərir. Orqanizm enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükozaya yönəlir. Daha sonra enerji mənbəyi kimi bədəndə və qaraciyərdə toplanan yağlardan istifadə edir. Yağların yandırılması ilə həm artıq çəkilər gedir, həm də şəkər və xolesterin səviyyəsi yaxşılaşır”.
Dietoloq Ramazan ayında bədənin uzun müddət susuz qalması və onun təsirlərini haqqında fikirlərini belə ifadə edib:
“İnsan bədəni gün ərzində 2 litr suya ehtiyac duyur. Odur ki, imsakda və iftarda su çox için, bitki çaylarına, duzsuz ayran və az şəkərli kompotlara yer verin. Qazlı və çox şəkərli içkilər qəbul etməyin. Orqanizmin karbohidrat ehtiyacı isə aşağı karbohidratlı qidalarla qarşılanmalıdır.
Paxla şorbası, tam taxıllı çörək, bulqur plovu, xurma və az şəkərli alma, çiyələk kimi meyvələr yeyilməlidir. Orqanizm üçün lazım olan zülal ehtiyacını da yüksək zülal tərkibli ərzaqlarla qarşılamaq lazımdır. Məsələn, yumurta, qatıq, balıq, toyuq və ət, ya da yaşıl mərci kimi məhsullara üstünlük verilməlidir.
Bədənin yağ ehtiyacını zeytun yağı, yaxud da fındıq və qoz kimi çərəzlərlə qarşılamaq olar. İftarı 1-2 stəkan su, 1 xurma və ya 2 qaysı, 1-2 zeytun və ya 2 qoz ilə açmalıyıq. Daha sonra həzm sistemini asanlaşdırmaq üçün 1 kasa şorba, bir dilim qara lavaş və ya 1 dilim tam taxıllı çörəklə açmalıyıq. Yeməyə bir az fasilə verdikdən sonra da 1 boşqab ətli qiymə, toyuq, balıq, ya da paxla yeməyi ilə yekunlaşdırın. İftara tərəvəz salatını da daxil etməliyik. Mədə və həzm xəstəliklərinin qarşısını almaq üçün tərəvəzləri buxarda bişirin və ya qaynadın. Qızartma və ağır şirniyyatlardan uzaq durmağa çalışın. İftardan sonra 2-3 saat meyvə və qatıq və ya bir pay südlü şirniyyat yeyin”.
Mürşüd Özener onu da əlavə edib ki, oruc tutan şəxslərin imsakda durması vacibdir:
“İmsakda su çox içməliyik ki, orqanizm zəifləməsin. Keyfiyyətli protein tərkibli yumurta, az duzlu pendir, şor və ya bir stəkan süd, 3 qoz və ya 1 qaşıq zeytun yağı ilə tam taxıllı çörək yeməliyik. Sellüloz mənbəyi olan xiyar isə gün ərzində yarana biləcək qəbizliyin yaranmasına mane olacaq. Qara çayı çox dəmləməyin. Şoraba zeytun, turşu, pendir kimi duzlu qidalar susuzluq hissi yarada bilərlər. Meyvə qrupundan da 1 ədəd meyvə yemək olar. Səhər yeməyi yeyə bilməyənlər doyurucu olması üçün imsakda ən azından bir kasa yaşıl mərci şorbası ilə zeytun yağı əlavə edilmiş çoban salatı yeməlidir ki, bədən zəifləməsin”.