Rusiya Səhiyyə Nazirliyinin Baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin Baş direktoru Sergey Boytsov "Rossiyskaya Qazeta"ya müsahibəsində insanın ideal arterial təzyiqi ilə bağlı göstəriciləri açıqlayıb.
Onun sözlərinə görə, əgər insanlar infarkt və ya beyin iflicindən qorxmadan yaşamaq istəyirlərsə, arterial təzyiqləri 140/90-dan xeyli aşağı olmalıdır.
Bununla belə, mütəxəssis qeyd edib ki, hipertoniya xroniki xəstəlikdir və ondan tamamilə qurtulmaq mümkün deyil.
"Yalnız həkimin məhz sizə yazdığı preparatları qəbul etməklə bu xəstəliyi nəzarətdə saxlamaq və yüksək həyat keyfiyyətinə nail olmaq mümkündür. Amma söhbət bir-iki kurs müalicədən getmir. Bəlkə də bunu deməklə çoxlarını məyus edəcəm, amma hipertoniyaya qarşı ömür boyu dərman qəbul etmək lazım gəlir", – deyə kardioloq izah edib.
Boytsov məsləhət görüb ki, hipertoniya ilə mübarizədə arıqlamaq, daha doğrusu, qarın hissədəki piylərdən qurtulmaq çox vacibdir.
"Kişilər üçün bel çevrəsinin 102, qadınlar üçünsə 88 santimetrdən yoğun olması təhlükəlidir", – deyə mütəxəssis qeyd edib.
Baş kardioloq fiziki aktivliyi artırmağı, duzdan sui-istifadə etməməyi, siqaret çəkməməyi və alkoqollu içkilərdən az istifadə etməyi məsləhət görüb. (sputnik.az)