Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, zəiflik, üşümə, baş, əzələ ağrıları, boğaz ağrısı.
Lakin bəzən bu simptomlar adi soyuqdəyməyə deyil, daha ciddi xəstəliklərə işarə edə bilər.
Bu səbəbdən əgər “soyuqdəymə” çox uzun çəkir, qeyri-adi simptomlarla müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət edin.
Qan xərçənginin başlanğıc mərhələlərində hərarətin yüksəlməsi, çox güclü zəiflik, baş və əzələ ağrıları kimi simptomlar meydana çıxır. Bu simptomlarla yanaşı xəstə səbəbsiz arıqlamağa başlayır, dərinin üzərində, xüsusilə sinə, qol və ayaqlarda qırmızı və bənövşəyi ləkələr əmələ gəlir, təngənəfəslik inkişaf edir.
Digər soyuqdəyməyə bənzəyən təhlükəli xəstəlik mononukleozdur. Bu xəstəlik zamanı da hərarət qalxır, zəiflik, boğaz ağrısı olur. Mononukleoz çox ciddi fəsadlar verə bilir. Bu fəsadlar arasında immunodefisit, qaraciyər zədələnməsidir. Mononukleozun digər simptomları: boyun limfa düyünlərinin böyüməsi, sinə və üzdə səpkilər.
Hərarətin yüksəlməsi, baş ağrısı və zəiflik ağır infeksiya olan meningitə işarə edə bilər. Meningit baş və onurğa beyini qişalarının iltihabıdır. Meningit çox təhlükəli xəstəlikdir və vaxtında və düzgün müalicə olunmdığı halda xəstənin ölümünə səbəb ola bilir. Meningitin digər simptomları arasında: ürəkbulanması və qusma, işığa qarşı həssaslıq, boyun əzələlərinin çox gərgin olması (xəstə boyunu aşağı əyə bilmir).
Bəzən elə olur ki, soyuqdəymə keçir, lakin 1-2 həftədən sonra sanki yenidən qayıdır. Bu ağciyər iltihabı olan pnevmoniyaya işarə edə bilər. Pnevmoniya çox ağır xəstəlikdir və vaxtında müalicə olunmadıqda xəstənin ölümü ilə nəticələnə bilər. Pnevmoniyanın simptomları: yüksək hərarət, güclü tərləmə, öskürək, təngənəfəslik. \\Saglamolun