"Son illərdə insanların vaxt qıtlığı səbəbindən yarımfabrikat məhsullara marağı artıb. Lakin bu məhsullardan istifadə zamanı bir çox vacib məqamlara diqqət yetirmək lazımdır. Xüsusilə də onlayn platformalar vasitəsilə sifariş edilən və satışı həyata keçirilən qida məhsullarının seçimi zamanı daha diqqətli olmaq vacibdir. Nəzərə almaq lazımdır ki, yarımfabrikat məhsulların böyük bir hissəsi ət tərkibli məhsullardır. Ət zülal mənşəli məhsul olduğu üçün onun düzgün saxlanılmaması, mənşəyinin məlum olmaması və keyfiyyətsiz xammaldan istifadə edilməsi insan sağlamlığı üçün ciddi risklər yarada bilər".
Gender.Az bildirir ki, bunu Redaktor.Az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi.
O qeyd etdi ki, belə məhsullar alınarkən ilk növbədə onların hazırlanma mənbəyinə və istehsal prosesinə diqqət yetirilməlidir:
"İstehlakçı məhsulun tərkibində istifadə olunan ətin keyfiyyətli və təhlükəsiz olduğuna əmin olmalıdır. Çünki bəzi hallarda yarımfabrikatların hazırlanması zamanı keyfiyyətsiz ətlərdən, qeyri-standart xammaldan və ya ət adı altında müxtəlif qarışıqlardan istifadə edilə bilər. Bəzi məhsullarda ətin payı azaldılaraq qığırdaq, dəri və digər qida dəyəri aşağı olan hissələrdən istifadə olunduğu hallar da müşahidə edilir. Eyni zamanda, keyfiyyətsiz xammaldan istifadə edildiyi zaman məhsulun dadını, görünüşünü və rəngini dəyişmək üçün süni dadvericilər, rəngləndiricilər və digər kimyəvi əlavələrdən istifadə oluna bilər. Bu cür maddələrdən normadan artıq istifadə isə insan sağlamlığı üçün müəyyən risklər yarada bilər".
Ekspert vurğuladı ki, yarımfabrikat məhsullarda ən vacib məsələlərdən biri də onların düzgün saxlanma şəraitidir:
"Temperatur rejiminə əməl olunmayan məhsullarda bakteriyaların çoxalması üçün əlverişli mühit yarana bilər. Bu isə qidanın keyfiyyətinin aşağı düşməsinə və insan sağlamlığı üçün təhlükəli hala gəlməsinə səbəb ola bilər. İstehlakçıların diqqət etməli olduğu əsas məqamlardan biri də məhsulun qablaşdırılması və etiket məlumatlarıdır. Qablaşdırmanın üzərində məhsulun tərkibi, istehsalçı haqqında məlumat, hazırlanma tarixi, son istifadə müddəti və saxlanma qaydaları aydın şəkildə göstərilməlidir. Bu məlumatların olmaması və ya natamam təqdim edilməsi məhsulun etibarlılığı ilə bağlı şübhələr yarada bilər".
Müsahibimizin sözlərinə görə, məhsulu hazırlayan şəxslərin sağlamlıq vəziyyəti və sanitar-gigiyenik qaydalara əməl etməsi də mühüm amillərdəndir:
"Qidanın hazırlanması zamanı iş mühitinin təmizliyi, işçilərin mütəmadi tibbi müayinədən keçməsi və gigiyena normalarına riayət olunması vacibdir. Əks halda, məhsula müxtəlif mikroorqanizmlərin keçməsi və nəticədə istehlakçılarda sağlamlıq problemlərinin yaranması mümkündür. Bu səbəbdən hər hansı yarımfabrikat və ya hazır qida məhsulu alarkən onun mənşəyinə, tərkibinə, saxlanma şəraitinə və istehsalçı məlumatlarına diqqət yetirmək vacibdir. Təhlükəsiz və keyfiyyətli məhsul seçimi sağlamlığın qorunmasında əsas amillərdən biridir".
Xədicə BAXIŞLI