Bu gün dünyada artıq çəki və ya piylənmədən əziyyət çəkən insanların sayı 1 milyarddan çoxdur və hər il təxminən 3 milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir. Təəssüf ki, həm dünyada, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılmaqdadır.
Statistikaya əsasən, dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda 2 dəfədən çox, kişilərdə təxminən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 4 dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb.
Məsələni “Yeni Sabah”a şərh edən dietoloq Dürrə İsmayılova bu barədə valideynlərə bəzi tövsiyələr verib:
“Piylənmədən əziyyət çəkən insanlar hər hansı virusa hər kəsdən öncə yoluxur. Burada uşaq, ya da böyük fərqi yoxdur. Piylənmə deyəndə bədən zəifliyi, immunitetin aşağı olması o saat nəzərə çarpır. Bizdə belə bir adət var. Xəstələnmədən həkimə müraciət etmirik. Səhhətimizdə hər hansı problemin yaranmasını gözləyirik. Ümid edirik ki, bu iş həkimin vitamin yazılan reseptləri ilə həll oluna bilər. Ancaq bu belə deyil. Çünki bizdə ekologiya, hava şəraiti, su və s. amillər 50 faiz zəifdir. Piylənmə və onun törətdiyi fəsadların qarşısını almaq üçün valideynlər, xüsusilə analar bu mövzuya həssas yanaşmalı, övladlarının nə ilə qidalandığına diqqət etməlidirlər. Marketdən alınan qidalarla uşaqların bəslənməsi doğru hal deyil. Hədsiz dərəcədə cips, popkorn kimi quru və zərərli qidaların istehlakında bir sıra problemlər ortaya çıxa bilir”.
Qidalanma mütəxəssisi bildirib ki, uşaqların yemək rejiminə diqqət yetirmək olduqca vacib məsələdir:
“Piylənmə - xəstəlik deməkdir. Bu xəstəlik çox böyük bir vərdiş halına çevrilib. Bu xəstəlikdən qorunmaq üçün uşaqlara sink, beyin kalsiumu verilməlidir. Piylənmənin çox pis fəsadları olur. Uşaqların yemək rejiminə diqqət yetirilməlidir. Nəinki uşaqlar, böyüklər də bu məsələyə ciddi yanaşmalıdır. Düzgün rejimdə arıqlayan insanın yenidən kökəlmə ehtimalı 20 faiz təşkil edir. Buraya yuxu rejimi, su və hava balansı kimi amillər daxildir”.