Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
1 ay oruc tutan insan RAMAZANDAN SONRA NECƏ QİDALANMALIDIR?

Artıq 11 ayın sultanı Ramazan ayı bitmək üzrədir. Ramazanda necə qidalanmaya diqqət edilməli idisə, ramazandan sonra da buna diqqət etməliyik.
Bayram süfrələri, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər.
Bir ay oruc vəziyyətinə öyrəşmiş mədəmiz yenidən qidaların "hücumuna" məruz qalır.
Bəs görəsən, oruc qrafikində qidalanan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir? Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizmimi bundan sonra əvvəlki vərdişinə qaytarmaq üçün nələr edilməlidir? Orqanizmin əvvəlki gücünü necə bərpa etmək olar?
Orqanizmi birdən-birə alışdırmaq olmaz
Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər. İlk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 5-6 pay şəklində hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları  qəbul etmək məsləhətdir. Bu həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər.
Mütəxəssislər bir ay boyunca gündüz saatlarında aclığa alışan bədənin normal yemə nizamına alışması üçün ən az 9 gün lazım olduğunu qeyd edirlər. Bu müddət ərzində naharların yüngül, günorta yeməklərinin isə az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Mədəni yoran, ağır həzm edilən qidalardan çəkinmək məsləhətdir. Maye qəbuluna da fikir vermək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. İnsan orqanizminin Ramazandan sonra tam normal vəziyyətə düşməsi üçün 3 həftə vaxt lazımdır. Bu vaxt ərzində qida qəbuluna ciddi fikir vermək lazımdır ki, artıq çəki problemi yaranmasın. Ən çox süd-qatıq-pendir, ət-balıq-toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidalar istehlak edilməlidir.
Şəkərli məhsullardan çox istifadə etmək olmaz
Ramazan Bayramı boyunca şərbətli şirniyyat və şokolad istehlakı artır. Bu cür qidalar - şəkər, yağ, unlu məmulatlar qanda  şəkərin miqdarını sürətlə artırır, kaloriləri də çox yüksəkdir. Bayramda nəfisi nəzarətdə saxlamağı da unutmaq olmaz. Bədənə boş enerji verən şokolad və şirnilərdən çox istifadə edilməməlidir. Yağlı şokoladın və həzmi çətin olan şirniyyatların çox istehlak edilməsi  həzm sisteminin fəaliyyətinin pozulmasına, qusmağa və ishala səbəb ola bilər.
Ramazandan sonra qatı marqarin, kərəyağı, krem, mayonez, çipsi, souslar və s. kimi enerji dəyəri yüksək, heç bir bəsləyici dəyəri olmayan yağlı, qızartma və qovurma yeməklərdən çəkinməkdə fayda vardır. Şəkər və şəkərli qidalar (bal, cem, hazır meyvə suları, qazlı içkilər, şirnilər və s.) qana tez qarışarlar. Nəticədə qanda şəkərin miqdarı sürətlə yüksələr və sağlamlığa zərərli ola bilər.
Kökəlmə riskini necə azaltmalı?
Həkimlər insanları orucdan sonra normal bəslənmə rejiminə keçərkən diqqətli olmağa çağırırlar. Orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək,  xüsusilə ağır yeməklərdən istifadə etmək ürəkdə və həzm sistemində problemlər yarada bilər. Ramazandan sonra insanda çox yemə istəyi artmağa başlayır, bu da orqanizmi artıq çəki problemi ilə üz-üzə qoyur. Ramazan bayramında insanların çəkisini artıran  səbəblər bunlardır:
-  Xeyli miqdarda şəkərli çay və qəhvə içmək;
-  Unlu məmulatlardan çox istifadə;
-  Şəkər və şirni istehlakını artırmaq;
Artıq çəkidən yayınmaq üçün mütəxəssislər insanları qida seçimində diqqətli olmağa çağırırlar. Bayramda nahar, günorta və axşam yeməyindən imtina edilməməlidir. Naharda qızartma, sosiska, kolbasa kimi yağlı və duzlu yeməklərin qəbulundan çəkinməli, pendir, yumurta, pomidor, xiyar kimi məhsullara üstünlük verilməlidir. Günorta yeməkləri üçün şorba, ayran, salat, qatıq və tərəvəz yeməklərindən istifadə etmək lazımdır. Axşam menyusu isə sadə və yüngül olmalıdır. Yatmadan 2 saat əvvələ qədər yemək- içmək işini bitirmək vacibdir.
İdmanı da unutmaq olmaz
Sağlam yaşamağın əsas qaydalarından biri olan fiziki məşğuliyyətdən imtina etmək olmaz. Çünki, fiziki aktivlik bağırsaq hərəkətlərini artırır, qanda-şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq- bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməkdə yardımçı olar, həzm prosesini yaxşılaşdırar, kökəlmə riskini aşağı salar. Mütəxəssislərin fikrincə, 40-50 dəqiqə idmanla məşğul olmaq gün ərzində yaxşı əhval-ruhiyyədə olmağı təmin edər, həm də sağlam vücuda sahib olmağınızda yardımçı olar. \\Saglamolun.Az

Tarix: 19 aprel 2023
Baxış: 263

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş