Çatlayan dabanlar üçün təbii müalicə üsulları:
- Limon
Dabanınızdakı çatlar sizi narahat edirsə, ilıq suya bir az limon suyu və duz əlavə edin, ayaqlarınızı təxminən 15 dəqiqə su soyuyana qədər saxlayın. Sonra dabanınızı pemza daşının köməyi ilə fırçalayın. Ondan sonra ayaqlarınızı təmiz su ilə yuyun, dəsmal ilə qurudun. Bu üsulu tətbiq edərkən diqqət edin ki, su çox isti olmasın. Çünki isti su dərinizin qurumasına və dabanlarınızın daha çox çatlamasına səbəb olur. Limonla bağlı başqa üsul isə onun suyunu sıxdıqdan sonra dabanların çatlaq hissəsini masaj etməkdir.
- Alma sirkəsi
Bir qabı isti su ilə doldurun. Ona yarım stəkan alma sirkəsi əlavə edin. Ayaqlarınızı bu suda 15 dəqiqə saxlayın. Ayaqlarınızı sudan çıxardıqdan sonra pemza daşı ilə ovuşdurun, sonra yuyun, dəsmalla silin.
- Soda (karbonat)
2 qaşıq soda ilə 3-4 damcı limon suyunu qarışdırın, ilıq su ilə yuyulmuş dabanlarınıza çəkin, 10 dəqiqə saxlayın. Sonra ayaqlarınızı yenidən yuyun, qurudun.
- Bitki mənşəli daşıyıcı yağlar
Zeytun, kokos, küncüt və ya badam yağı kimi dəri üçün çox faydalı olan yağların ortaq xüsusiyyəti dərini təbii şəkildə nəmləndirmələridir. Daban çatlarından xilas olmaq üçün ayaqlarınızı ilıq suda bir müddət saxladıqdan sonra dabanınızı pomza daşı ilə ovuşdurun, yuyub təmizləyin və qurudun. Sonra seçdiyiniz bu yağlardan biri ilə ayaqlarınızın altını masaj edin, üstünə corab geyinin və beləcə yatın. Dabanlarınızdakı çatlar tamamilə yox olana qədər hər gecə bu üsulu təkrarlaya bilərsiniz.
- Çay ağacının efir yağı
Ayaqlarınızı isti su ilə yuyun, qurudun, çay ağacının efir yağını dabanlarınıza sürtün, barmaqlarınızla masaj edin. Sonra corablarınızı geyinin və bir gecə belə qalsın.
- Vazelin
Ayaqlarınızı ilıq suda saxladıqdan sonra dabanlarınızı pemza daşı ilə ovuşdurun, sonra çoxlu vazelin çəkin, corab geyinib yatın. İstəyirsinizsə, vazelini bir çay qaşığı limon suyu ilə də qarışdırıb ayaqlarınıza çəkə bilərsiniz.
- Avokado
Yarım avokadonu bananla qarışdırıb əzin. Bu qarışığı çatlamış yerə çəkin, 20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
- Nəmləndirici krem
Hər axşam ayaqları ilıq suda yuduqdan sonra altını pemza daşı ilə təmizləyin, sonra nəmləndirici krem sürtün. Bu üsulu hər duşdan sonra tətbiq etmək daban çatlarının qarşısını alır. Kremi çəkdikdən sonra pambıq corab geyinib ayaqlarınızın altını isti saxlaya bilərsiniz.
- Bal
Bir az bal əlavə etdiyiniz ilıq suda ayaqlarınızı təxminən 15 dəqiqə isladın, sonra yaxalın, qurudun və dabanlarınızı pemza daşı ilə fırçalayın.
- Bal və zeytun yağı
1 çay qaşığı balı bir xörək qaşığı zeytun yağı ilə yaxşıca qarışdırın. Bu qarışığı dabanlarınıza sürtün və 20 dəqiqə saxlayın.
- Yetişmiş banan
Yetişmiş bananı əzdikdən sonra dabanlarınıza sürtərək ovuşdurun. 5-10 dəqiqədən sonra ayaqlarınızı ilıq su ilə yuyun, daha 5-10 dəqiqə sonra bir az soyuq suda saxlayın.
- Düyü unu
Düyü unu sayəsində ölü dərini dabanlarınızdan ataraq çatlamanın qarşısını ala bilərsiniz. Bununçün 1 ovuc düyü ununu bir neçə çay qaşığı bal və alma sirkəsi ilə məcun halına gələnə qədər qarışdırın. Ayaqlarınızı 10-15 dəqiqə ilıq suda saxlayıb qurudun, sonda hazırladığınız pasta ilə dabanlarınızı ovuşdurun.
- Epsom duzu
Epsom duzunu bir vedrə ilıq suya tökün, ən azı 10 dəqiqə ayaqlarınızı bu suda saxlayın. Vaxt bitdikdən sonra yumşaldılmış dabanlarınızı pemza daşı ilə ovuşdurun. Sonra yenidən ayaqlarınızı 10 dəqiqə Epsom duzlu suda saxlayın. Qurutduqdan sonra dabanlarınıza nəmləndirici sürtün.
- Qızılgül suyu və qliserin
Həm qliserini, həm də qızılgül suyunu bərabər miqdarda qarışdırın. Gecə yatmazdan əvvəl qarışığı dabanlarınıza sürtün, sonra corab geyinib yatın. \\Saglamolun.Az