“Xal onkologiyanın göstəricisi deyil və əksər xallar xoşxassəli olur”.
Gender.Az xəbər verir ki, bu barədə həkim-dermatoloq Rüfət Nəsibov insanlar arasında xalların xərçəng törəmələrinə səbəb ola biləcəyinə dair fikirlərlə bağlı Media.Az-a şərhində bildirib.
Onun sözlərinə görə müraciət edən pasiyentlər arasında nəinki xalın mütləq dəri xərçənginə çevriləcəyini, həm də çıxarılmasının onkologiyaya səbəb ola biləcəyini düşünənlər var.
“Təəssüf ki, cəmiyyətdə bu məsələ ilə bağlı yanlış fikirlər kifayət qədər yayğındır”, - deyə həkim bildirib.
Mütəxəssis xalla bağlı narahatçılıq varsa, dermatoloqa müraciət etməyi tövsiyə edib.
“Sizə dermatoskopiya keçiriləcək - bu, qeyri-invaziv, sadə, sürətli bir prosedurdur və sizi çoxlu lazımsız düşüncələrdən, narahatlıqlardan xilas edəcək. Bədxassəli şiş əlamətləri yoxdursa, onu götüzdürüb-götüzdürməməyə özünüz qərar verəcəksiniz. Həkimin hər hansı bir şübhəsi yaranacağı təqdirdə isə, yeni törəmə çıxarılacaq, sonra biopsiya aparılacaq”.
Həkim bildirib ki, əgər xəstə diqqətli, ayıq olsa və vaxtında ixtisaslaşmış mütəxəssisə müraciət etsə, onda onkoloji əlamətlər olsa belə, vaxtında müdaxilə etmək və həyat keyfiyyətini qorumaq mümkün olacaq.
“Bir daha sadə həqiqəti təkrar edirəm - xəstəliyin qarşısının alınması müalicədən daha ucuzdur və problemin qarşısını almaq onun nəticələri ilə məşğul olmaqdan daha asandır”, - deyə Rüfət Nəsibov sözlərini yekunlaşdırıb.\\Medicina.Az