Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Azərbaycanda 800 manata orqan satışı: Qadınlar dönüşü olmayan təhlükə ilə üz-üzədirlər - ARAŞDIRMA

Son zamanlar sosial şəbəkələrdə süni mayalanma ilə bağlı yumurtalıq follikulu donorlarının tələb olunması barədə paylaşımlar edilir.
Donor olacaq şəxslərə 400-700 manat pul ödəniləcəyi bildirilir.

“Siz də 10 gün ərzində 400, 800 manat qazana bilərsiniz” başlıqlı paylaşımda 18-30 yaşında xanımların tələb olunduğu qeyd edilib.
Belə ki, donor olmaq istəyən xanımlar həmin şəxslər tərəfindən klinikaya dəvət edilir və ultrasəs müayinəsindən (USM) keçirilirlər. Əgər xanım onlara uyğundursa, 10 gün eyni saatda klinikaya gəlir və göbək hissəsindən iynə vurulur.
Daha sonra follikul toplanması olur və həkim xəstəyə narkoz verməklə 10 dəqiqə ərzində follikulları toplayır.
Donor olan şəxs iki saat xəstəxanada qalır və özünü yaxşı hiss etdikdə pulunu alır. Pul follikul sayına görə verilir.
Bəs bu hal qadınların sağlamlığına təhlükəlidirmi? Qadınların donor olmaları qanunla tənzimlənirmi?
Mama-ginekoloq Ləman Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xanımların donor olmaları üçün müəyyən müalicə aparılır:
“Hormonal dərmanlarla follikulu yetişdirir və yumurtanı yığırlar. Həmin müalicə qadınlarda digər xəstəliklərin yaranmasına səbəb olur. Mən heç bir qadına belə addım atmağı məsləhət görmürəm.
Qadının orqanizmində follikul yetişdirmək qabiliyyəti tükənməz bir proses deyil. Hər dəfə stimulyasiya edib yığanda yumurtalığın follikul yetişdirmə qabiliyyəti geri dönməz hala girərsə, bundan sonra qadın heç vaxt ana ola bilmir”.
Vəkil Tural Hüseynov deyir ki, donor xidməti qarşılığında hər hansı ödənişin olması qanunvericilikdə nəzərdə tutulmayıb:
“Orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Follikulların pulla alınması süni mayalanmaya aiddir. Bu xidmətin də reklam olunması, reklam haqqında qanunvericiliyə görə, qadağandır. 
O bildirib ki, canlı donordan transplantasiya digər tibbi üsullar mümkün olmadıqda, meyit donordan orqan transplantasiyası insan sağlamlığını bərpa etməyə qadir olmadığı halda və yalnızca canlı donorun özünün razılığına əsasən yolveriləndir:
“Bu halda yalnız müəyyən kateqoriya orqanlar götürülə bilər, müvafiq siyahı üzrə xəstəliyi olan şəxslərdən belə orqanların götürülməsinə yol verilmir və bu yalnız siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tibb müəssisələrində həyata keçirilə bilər. Cinayət qanunvericiliyinə görə, canlı donordan götürülmüş orqanın alqı-satqısı cinayət əməli hesab olunur.
Eləcə də siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş tibb müəssisələrindən kənarda transplantasiyanın aparılması və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliyi olan şəxslərdən orqan nəqli də cinayət əməli hesab olunur. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.
Həmin qanunun 7.2-ci maddəsinə əsasən, donor orqanların transplantasiyası siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən ixtisaslaşdırılmış tibb müəssisələrində həyata keçirilir. Həmin qanunun 16.1-ci maddəsinə əsasən, digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir.
Cinayət Məcəlləsinin 137.1-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı - altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Eyni zamanda, həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Ekspertlərin sözlərinə görə, bu cür paylaşımların qarşısını almaq üçün “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbul edilməsi vacibdir. Təəssüf ki, illərdir bu layihənin müzakirəsi yubadılır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva saytımıza bildirib ki, sözügedən qanun layihəsi hələ müzakirəyə çıxarılmır:
“Artıq payız sessiyası bitdi. Yaz sessiyası başlansın və planı bizə təqdim edilsin. Ondan sonra bu məsələ barədə danışarıq”.
Xanımların bu şəkildə donor olmalarının cinayət məsuliyyəti daşıması ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığımız sorğumuza isə heç bir cavab verilmədi.

Tarix: 29 dekabr 2022
Baxış: 413

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş