Çay Azərbaycan mətbəxinin ən mötəbər içkisidir. Bir xalıqn ki, “çay nədir, say nədir, çıxdın beşə, vur on beşə” deyimi varsa, onda çayın azərbaycanlılar üçün nə qədər sevimli içki olduğu haqda artıq sözə ehtiyac qalmır. Özü də, azərbaycanlıların çay mədəniyyəti olduqca rəngarəngidir.
Bizim çay süfrəmizdə nələr olmur ki… Qənd ta qədimdən çayla bərabər süfrəyə qoyulubsa, sonralar konfet, mürəbbə, quru meyvələr, şirniyyatlar da çay dəstgahına daxil edilib. Bəs əslində çay nə ilə içilməlidir ki, orqanizmə ziyan vurmasın? Məsələ ilə bağlı mütəxəssis rəyini öyrənməzdən əvvəl başqa xalqların çay mədəniyyətinə diqqət edək. Axı çayı azərbaycanlılardan savayı sevənlər də var.
Özbəklərin quru meyvəsi, britaniyalıların şirniyyatı
Çay özbəklərin də əvəzedilməz içkisidir. Özbəkistanda çay süfrəyə salam verməklə gətirilir. Bu vaxt süfrəyə çörək, qoz-fındıq və quru meyvələr qoyulur. Özbəklər, bizdən fərqli olaraq çayı fincanda içirlər. Dünyada ən çox çay istehsal edən ölkələrdən biri də Hindistandır. Hindlilər, adətən çayı südlə qarışdıraraq içirlər. Bundan əlavə, çaya “masala” adlanan ədviyyat da əlavə edilir.
Çay dedikdə, ağıla ilk gələn ölkələrdən biri də Böyük Britaniyadır. İngilislər, əsasən qara çaya üstünlük verirlər.Südlü çay ritualı bu ölkədə simvola çevrilib. Müxtəlif qəlyanaltılardan ibarət “5 çay” anlayışı İngiltərədə yaranıb. “5 çay” süfrəsində əsasən əl ilə yeyilə bilən şirniyyatlar təqdim olunur. Çayın vətəni olan Çində isə tam fərqli adət var. Çinlilər, əsasən yaşıl çay içirlər. Onu da xüsusi fincanlarda, yanında heç bir çərəz olmadan istehlak edirlər. Türklərin çay mədəniyyəti ilə bizim çay mədəniyyətimiz çox oxşardır. Çayı “tikə” qəndlə içməyi çox sevirlər.
İndi isə qayıdaq Azərbaycana. Çayxanaya gələnlər çayın yanında daha çox hansı təamları sifariş verirlər? Çayçı Elnur Əhmədov bildirir ki, müştərilər əsasən mürəbbə, şokalad və şirniyyata üstünlük verirlər.
Qənd boş karbohidrat olduğuna görə, insanlara heç bir faydası yoxdur.” Bu sözləri qida üzrə baş mütəxəssis Ağa Salmanov deyir. Qida mühəndisinin fikrincə, mürəbbə ilə çay içmək daha yaxşıdır, nəinki qəndlə: “Mürəbbə meyvədən hazırlandığı üçün vitaminlərlə zəngindir. Vitaminlərlə ən zəngin mürəbbələr isə moruq, qara tut, qara gavalıdır. Çünki tərkiblərində antosyanin maddəsi və C vitamini var. Bu maddə insanı həm gənc saxlayır, həm də antioksidantdır”.
Həkim-nevroloq Qabil Əsədov deyir ki, çayın tərkibində kofein olduğu üçün beyin damarlarından spazmını götürür və aktivləşdirir:
“Yorğun və yuxulu olduqda, çay içsək gümrahlaşarıq. Amma hər şeyi ifrat dərəcədə istifadə edildikdə zərər verir. Çayı, adətən şirin məhsullarla içirik ki, bunun səbəbi insanların karbohidrata olan ehtiyacıdır. İbtidai icma quruluşunda yaşayan insanlar, sadəcə ildə bir dəfə meyvələrdən karbohidrat ala bilirdilər. Bu, artıq bizim genimizdə kodlanıb deyə, hər zaman ehtiyac duyuruq.
Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova tövsiyəsinə görə, çayı ilk növbədə düzgün dəmləmək lazımdır:
“Dəmləndikdən sonra 30-40 dəqiqə ərzində içilməlidir. Çoxdan dəmlənmiş çayı içdikdə, artıq onun içərisindəkilər toksik maddəyə çevrilir. Qonaq getdikdə, dostlarımızla görüşdükdə, yeməkdən əvvəl və sonra çay içirik. Amma bu, düzgün deyil. Yaxşı olar ki, çayı yeməkdən öncə qəbul edək. Çox isti və tünd çay orqanizmə zərərlidir. Çayı rafinə olunmuş şəkərlə içmək olmaz. Bu zaman həm yüksək kalori alırıq, həm də çayın keyfiyyətini aşağı salırıq. Gün ərzində üç stəkandan artıq çay içilməsi məsləhət görülmür. Həddindən artıq kofein qəbul etdikdə, enerji balansının pozulması,yorğunluq,yuxusuzluq və depressiyaya gətirib çıxarır. Çayı şirniyyatla içmək əvəzinə onu bəzi ədviyyatlar və limon ilə dadlandıra bilərik. Əgər çayı şirniyyatsız içə bilmirsinizsə, xurma və ya meyvə qurularından istifadə edə bilərsiniz.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
Mənbə: Qidaelmi.Az