Hörmətli oxucular, adının açıqlanmasını istəməyən bir sahibkarın saytımızın ünvanına yolladığı məktubu olduğu kimi təqdim edirik sizə.
“Son aylarda “Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən elan olunan 30-dan çox tenderin qalibi eyni şirkət – “AZSUR GROUP” MMC olub.
Halbuki tender şərtlərinə əsasən, hər bir layihənin icrası üçün 6 ay müddət nəzərdə tutulur. Eyni vaxtda bu qədər iri layihəni kiçik bir şirkətin icra etməsi texniki və maliyyə baxımından mümkün deyil.
İddialara görə, tenderlərin nəticələrinin yönləndirilməsində bu şəxslərin adı hallanır:
Şirvan Bayramov – tenderlərin təşkili üzrə məsul şəxs (ADSEA-nin sədr müavini. İlham Üzeyir oğlu Bayramovla yaxın qohum olduğu deyilir.)

Fotodakı Şirvan Bayramovdur
Zəminə Əliyeva – Antiinhisar qurumunda vəzifəli şəxs, özünü müxtəlif yerlərdə adını çəkmək istəmədiyimiz dövlət qurumunun əməkdaşı kimi təqdim etdiyi deyilir.
Məlumata görə, Zəminə Əliyeva və Şirvan Bayramov əvvəllər Satınalmalar üzrə Dövlət Agentliyində birlikdə çalışıblar. Sonradan bu qurum ləğv olunub. Bu da onların şəxsi əlaqələrinin bu gün tenderlərin nəticələrinə təsir etdiyi barədə şübhələri gücləndirir.
Sahibkarlar hesab edirlər ki, bu cür hallar ədalətli rəqabəti pozur, kiçik və orta biznesin fəaliyyətini iflic edir, dövlət vəsaitlərinin şəffaf xərclənməsinə mane olur.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisinə, Antiinhisar və İstehlak Bazarına, Nəzarət Dövlət Xidmətinin Rəisinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədrinə rəsmi şikayət məktubu ünvanlanıb. Nəticə ilə bağlı sizi məlumatlandıracağıq.”
Redaksiyadan: Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Gender.Az