Məşhur “Krupskaya” doğum evi gələn il açılır – Süni mayalanma edəcəyik- VİDEO
Bakının tarixi, yüzlərlə məşhur insanın doğulduğu Krupskaya adına 5 saylı doğum evi tamamilə yeni formatda fəaliyyətə başlayacaq.
Gender.Az xəbər verir ki, sayta açıqlamasında 1 saylı Klinik Tibbi Mərkəzinin direktoru Könül Ələkbərov ginekoloji və süni mayalanma mərkəzinin açılacağını bildirdi.
“Bizim Krupskaya kimi tanıdığımız 5 saylı doğum evi Klinik Tibbi Mərkəzin nəzdindədir.
Sonradan müəyyən şayiələr dolaşdı ki, sökülür, ləğv olunur, yerində bina tikilir.
Amma biz onu ləğv etmirik. O bina çox möhtəşəm, 100 il yaşı olan monolit bir binadır Mənzərəsi də, yeri də, havalandırması da çox uğurludur.
Hazırda orda əsaslı tam təmir gedir, 1 ilə bitəcək.
Çox möhtəşəm bir doğum evi olacaq və əvvəlki nüfuzunu da qaytaracaq.
Burda yeniliklərdən biri də süni mayalanma xidmətinin olmasıdır.
Yaxın gələcəkdə sığorta ilə xidmətlər zərfinə süni mayalanma da daxil ediləcək.
Buna hazırlaşırıq və xəstəxanada EKO şöbəsi açılacaq. Bu məsələdə biz də önə çıxmaq istəyirik. Bu mərkəz üçün bizim bir uzman kadrımız Türkiyədə təlimlərdədir.
Doğuş və doğuşa yardımın müasir formada təşkili düşünülür. Orda sovet dönəmindəki kimi bir palatada 3-5 çarpayı olurdu. Çarpayı sayını azaltdıq, 80 çarpayı yer olacaq, palatalarda isə bir çarpayı olacaq. Sanki 80 VİP palatalar olacaq.
Eyni zamanda orda kafedra olub, tədris prosesi də keçirilib. Əslində orda kafedranın olması şərtdir, bu ora elm adamlarının cəlb olunması və təcrübənin artması deməkdir. Kafedranı da bərpa etmək fikrimiz var.
Bu mərkəzdə ən müasir reanimasiya, ən yaxşı patologiya şöbəsi yaradılır. Endokrinoloji şöbə, müasir laboratoriya qurulacaq. Bir sözlə, “yoxdur” sözü olmayacaq”.