Sevginiz elə bu qədərmiş... – Fransa Qarabağ ermənilərinə sığınacaq verməkdən niyə İMTİNA ETDİ?
Belə bir deyim var: “Əri döymüş arvadı it də tutdu bir yandan”. Ermənilərin Qarabağdakı 100 illik “mübarizəsi”nin iflas etdiyi bir vaxtda onları bu məsələyə sövq edən Fransa da arxalarından çəkildi. Nəticədə, ermənilər eyni vaxtda iki yerdən zərbə aldılar.
Məlum olduğu kimi erməni KİV-lərində bir neçə gün əvvəl informasiya yayıldı ki, Qarabağdan olan erməniləri Fransa qəbul etməyə hazırdır. Hətta bununla bağlı Fransanın Ermənistandakı səfirliyi gücləndirilmiş iş rejiminə keçib.
Xəbər yayılan kimi təkcə Qarabağdan yox, eləcə də Ermənistandakı ermənilər də Fransa səfirliyinə axın etdi. Bu zamansa Fransanın Ermənistandakı səfiri Olivye Dekotini meydana atılıb ölkəsinin Qarabağ ermənilərinə sığınacaq verməyə hazır olması ilə bağlı yayılan məlumatı təkzib etdi.
Bundan sonra sanki, qurbağa gölünə daş atdılar. Ermənilər məyus və çarəsiz çəkildə hadisələrin bundan sonrakı inkişafını izləmək zorunda qaldılar.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, çoxlarına bəllidir ki, Fransanın siyasi elitası, o cümlədən Makron Ermənistan-Azərbaycan münaqişəsi barədə mövqeyini daxili auditoriya üzərində qurur:
“Biz dəfələrlə şahid olmuşuq ki, rəsmi Paris hansısa fikir səsləndirir. Amma bu fikirlər iddia etdikləri vasitəçi ruhuna qətiyyən uyğun gəlmir. Yəni birtərəfli, qərəzli olur.
Yəni fransızların məqsədi problemin hansısa şəkildə həllinə dəstək vermək yox, Fransadakı erməni diasporunu məmnun etməkdir. Çünki, bütün seçkilərdə ermənilər ən yaxşı maliyyəçidir. Və fransız siyasətçilər də bu maliyyə mənbələrindən bacardıqları qədər çox faydalanmaq istəyirlər. Əvəzində isə erməni diasporuna yalançı vədlər verirlər”.
Tofiq Zülfüqarov son hadisənin fransızların ermənilərə qarşı ilk dönüklüyü olmadığını bildirib:
“Birinci dəfə deyil ki, Fransa öz vədindən qaçır. Mən bir vacib məqamı xatırlatmaq istəyirəm. 100 il keçməsinə baxmayaraq indiyəcən Fransa XİN-nin və MN-nin Baş Qərargahının “erməni genosidi”nə aid sənədləri məxfi saxlanılır. Əgər bu sənədlər ortaya çıxsa, biz görə bilərik ki, Fransanın bu məsələdə real mövqeyi nədən ibarətdir.
Bir çox ermənilər bu reallığı bilir. Bilir ki, Fransanın ermənilərə qarşı münasibəti heç də həmişə səmimi olmayıb. Ona görə də Fransa səfirinin son bəyanatı yeni bir şey deyil. Fransa ənənəvi riyakarlığını davam etdirir. Bu səbəbdən, ermənilər bundan sonra dost seçəndə bir qədər fikirləşməlidirlər.
Onların bundan sonra dost seçimində səhv etmək lüksü artıq yoxdur. Zaman Ermənistanın əleyhinə işləyir. Fransa heç zaman dostluqda heç bir dövlətə, o cümlədən də Ermənistana qarşı səmimi olmayıb”. \\Bizim.Media