Rəsmi Bakı Tehrana qarşı öz milli kartından istifadə etməyə başladı: Azərbaycan İranı bitirə bilər – DETALLAR
Güney Azərbaycanın bütün şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və üzərinə “Güney Azərbaycan arxanızdadır, cənab prezident!” yazılan plakatların qaldırılması İran hakimiyyətini əməlli-başlı təşvişə salıb. Güneyli soydaşlarımızın daha geniş miqyasda və intensivlikdə etiraz aksiyalarına hazırlaşması fonunda bu cür şüarların səsləndirilməsi Ermənistana havadarlıq edən İrana əslində bir mesaj kimi də dəyərləndirilə bilər. Baş verənlər Güney Azərbaycanın bizimlə birləşməsi imkanlarını da gündəmə gətirir və bu arzunun reallaşacağına ümidləri artırır.
Gender.Az bildirir ki, mövzu ilə bağlı Konkret.Az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, bu, çox mühüm hadisədir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman İranla yumşaq davranmağa çalışıb. Amma təəssüflər olsun ki, İkinci Qarabağ Müharibəsindən sonra İran açıq-aşkar Azərbaycanın düşməni olan Ermənistanın tərəfini tutmağa başladı. Azərbaycan isə ilk dəfədir ki, İranda Türk mövzusunu gündəmə gətirir. Hərçənd müstəqilliyimizdən sonra İran öz molla desantını Azərbaycana doldurmağa başlayıb. Bundan əlavə İrandan gələn narkotik vasitələr Azərbaycan gəncliyini zəhərləyib. Yəni molla rejiminin ölkəmizə qarşı mənfisindən başqa heç bir müsbət addımı olmayıb. Amma bütün bunlara rəğmən rəsmi Bakı qonşusu ilə hər zaman normal münasibətlər saxlamağa çalışıb. Nəhayət indi Azərbaycan İrana qarşı öz milli kartından istifadə etməyə başlayıb. Biz hər zaman deyirik ki, Azərbaycan İran üçün “axilles dabanı”dır. İranı heç kim yox, amma Azərbaycan bitirə bilər. Oradakı molla rejimi də bunu anlamalıdır”.

Politoloq əlavə edib ki, İranda rejimin çökmsindən sonra Güney Azərbaycanın bizə birləşdirilməsi məsələsi hələlik real görünmür: “Amma mövcud rejim süquta uğrasa, Azərbaycan türkləri İran daxilində öz müqəddaratlarını həll edə bilərlər. Hətta İranda tam formada yeni hakimiyyətə yiyələnmək də mümkündür. Çünki İranın yarısı türklərdən ibarətdir. Biz bunun üçün çalışmalıyıq və Türk milli kartından İran daxilində istifadə etməliyik. Sabah İran dağılsa belə, oradakı türklər sahibsiz qalmamalıdır”.
Əhəd Məmmədlinin sözlərinə görə, Prezidentə yönəlik şüarların səsləndirilməsi çox müsbət haldır: “Azərbaycan Prezidenti hələ bir neçə il öncə 50 milyonun lideri olduğunu bildirib. Həmçinin çıxışlarının birində Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyinə biganə olmadığını diqqətə çatdırıb. Burada əsasən İranda yaşayan soydaşlarımız nəzərdə tutulub. Bütün bunlar çox böyük hadisələrdir. İran bilməlidir ki, Azərbaycana nə qədər molla desantı göndərsə də, rəsmi bakının Tehrana təsiri daha güclüdür. Çünki Azərbaycanın İrana 40 milyonluq bir milli təsiri mövcuddur”.