“Sözlə oynamaq mənim üçün hobbiyə çevrilib”
“Elə sədlər var ki, hələ də onları aşmamışam...”
“Dünənki sənlə bugünkü sən arasında fərq var...”
“Səmimi söhbət”in bu dəfəki qonağı yazıçı, şair Səhər Əhməddir. Səhər xanımın şeir və hekayələri, publisistik yazıları geniş oxucu auditoriyasına yaxşı tanışdır. Bir müddət "Xəzər" jurnalı redaksiyasına rəhbərlik edən Səhər Əhməd hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet saytlarında yayımlanır.
- Səhər xanım, siz bu gün ədəbiyyat aləmində də, jurnalistika sahəsində də, o cümlədən televiziya məkanında da kifayət qədər tanınırsınız. Əsərləriniz təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə, Azərbaycanımızın Güneyində, eləcə də ingilisdilli qaynaqlarda dəfələrlə nəşr olunub. Bədii qiraət ustaları şeirlərinizə dönə-dönə, sevə-sevə müraciət edir. Güney Azərbaycanda şeirləriniz, xüsusilə də “Ay qız” şeiriniz çox sevilir. Qeyd etdiyim kimi, televiziya aparıcısı kimi də özünüzü təsdiq etmisiniz, artıq öz tamaşaçınız var. Təbii ki, bütün bu uğurlara bir günün içərisində nail olmamısınız, müəyyən bir yol qət etmisiniz. Uğura aparan yol adətən enişli-yoxuşlu, keşməkeşli olur. Mümkünsə, bu haqda eşitmək istərdik.
- Xoş sözlərinizə görə sağ olun. Doğrusu, heç vaxt yaradıcılığa karyera kimi yanaşmamışam. Yəni burada birxətli olaraq irəli getmək, nələrsə qazanmaq haqda düşünməmişəm, belə bir iddiam olmayıb. Ona görə də müxtəlif maneələr yaratmaq istəyən, yaxud məni mənfi enerjisi iə yükləməyə çalışan insanlara heç vaxt fikir verməmişəm. Çünki, dediyim kimi, yaradıcılıqdan xüsusi istəyim olmayıb. Mənim üçün şeir yazmaq, yaradıcılıqla məşğul olmaq həyat tərzidir. Başqa işlərimlə paralel düşüncələrimi, hisslərimi yazmışam. Hisslərimi ifadə etmək qabilliyyətimin olduğuna görə həmişə Tanrıya şükür etmişəm və yavaş-yavaş buna elə alışmışam ki, artıq sözlə oynamaq mənim üçün əlavə bir hobbiyə çevrilib. Məncə, əsl yaradıcılıq məhz belə olmalıdır. Yaradıcı insan yaradıcılqan nəsə ummalı deyil. Bu sanki bir futbolçunun topa olan münasibəti, topla oyunudur. Yəni necə ki, bir rəssam öz fırçası ilə yalnız yaxşı bir əsər yaratmağı düşünür, ondan o tərəfi düşünmür, eləcə də əsl şair, əsl yazıçı yazdıqlarına onu zirvəyə ucaldacaq bir vasitə kimi yanaşmır, sadəcə rəssam fırçanı, futbolçu topu seçdiyi kimi, o da özünə sözü seçir və onunla hər gün daha gözəl oynamaqdan zövq alır.
- Siz əyalətdə dünyaya gəlmisiniz, orada boya-başa çatmısınız. Müəyyən yaşdan sonra paytaxta gəlib burada ailə təhsil almısınız, ailə həyatı qurmusunuz və artıq uzun illərdir ki, Bakıda yaşayırsınız. Paytaxta ilk gəlişinizi necə xatırlayırsınız? Əyalətdəki həyatınızla paytaxtdakı həyatınız, o zamankı Səhərlə bugünkü Səhər arasında nə kimi fərq var? Bütün bu illər ərzində qazandıqlarınız çox olub, ya itirdikləriniz?
- Təbii ki, qazandıqlarım çox olub. Ümümiyyətlə deməzdim ki, yaradıcılığa görə nə isə itirmişəm. Yenə deyirəm, mən yaradıcılığa xüsusi enerji sərf etməmişəm. Yaradıcılığa görə nədənsə vaz keçməmişəm. Təbii ki, yaradıcı insanın yaşamı, cəmiyyətə adaptasiyası bir az çətin olur. Mən də bununla qarşılaşmışam, amma bunu ətrafıma hiss etdirməməyə çalışmışam. Bilmirəm, bunu etməyim doğru olub, ya səhv, yəni “ay, mən şairəm, mənim hallarım var, mən başqalarından fərqlənirəm, mənim öz üsyanımı ifadə etmək hüququm var” kimi düşüncələrim olmayıb. Əksinə, həyatım boyu çalışmışam ki, başqalarından fərqlənməyim, sıradan biri olum, şairlik həyatıma mane olmasın. Yəqin ki, bu səbəbdən bu günədək ciddi itkilərim olmayıb. Gənc olanda düşünmüşəm ki, bunu valideynlərimə yaşatmağa haqqım yoxdur, ana olandan sonra isə düşünmüşəm ki, bunu övladlarıma yaşatmağa haqqım yoxdur. Çünki valideynlərim üçün övlad olmuşam, balalarım üçün isə anayam. Odur ki, özümü şairliyə qoyub onların həyatını qaralda bilmərəm. Bəlkə də özümdən çox başqalarını düşünmüşəm, onu deyə bilmərəm. Bəlkə özümdən nələri isə itirmişəm, özümdən nələri isə qurban vermişəm. Amma gözlə görünəcək bir itkim olmayıb.
O zamankı həyatımla bugünkü həyatım arasındakı fərqə gəlincə isə, ali təhsil almaq üçün əyalətdən paytaxta gəlib burada yaşayan insanlarda necədirsə, məndə də elədir. Təbii ki, yaşın da böyük əhəmiyyəti var. Ümumiyyətlə, həyatımın ayrı-ayrı mərhələlərinə - uşaqlığıma, gəncliyimə, tələbəliyimə baxanda elə bilirəm ki, o adam başqa adamdır. Çünki mən həmişə həyatımda, ətrafımda baş verənləri daha dərindən anlamağa çalışıram, psixoanalizlə maraqlanıram, öz üzərimdə işləyirəm və deyim ki, o zamankı Səhərlə indiki Səhər arasında çox fərq var, hətta dünənki sənlə bugünkü sən arasında belə fərq var. Mənə elə gəlir ki, hər kəsdə belədir.
- Sizin hər bir şeiriniz özünəməxsusluğu, səmimiyyəti ilə seçilir. Maraqlıdır ki, bu şeirlərdən hansı daha çox avtobioqrafikdir? Yəni hansı şeirinizdə özününzü daha çox ifadə etmisiniz? Təbii ki, hər bir şeirinizdə sizdən nəsə var. Ümumiyyətlə, hər bir yaradıcı insan yaratdıqlarında özünü ifadə edir. Mənə görə, yaradıcılıq özünüifadə vasitəsidir. Amma söhbət daha çox avtobioqrafik olanından, özünüzü, həyatınızı, yaşantılarınızı daha dərindən ifadə etdiyiniz şeirdən gedir. Ümumiyyətlə, şeir yazmaq sizdə hansı ehtiyacdan doğur?
- Mən deyərdim ki, ümumiyyətlə bütün yaradıcılığım avtobioqrafikdir. Şeirlərimdə hər zaman öz hisslərimi, duyğularımı ifadə etmişəm. Hekayələrimin əksəriyyəti şahidi olduğum hadisələr əsasında yazılıb. Daxilimdən keçirə bilmədiyim hissi, müşahidə nöqtəmdən yayınan hadisəni təsvir edə bilmirəm, daha doğrusu, bunu etmək içimdən gəlmir. Heç vaxt hansısa hazır mövzuda yazmamışam. Çünki buna ehtiyacım yoxdur. Mən yalnız özümü məşğul edən mövzuları yazıram. Məni yalnız özümün cavabını tapmaq istədiyim suallar düşündürür. Bu baxımdan, şeirlərimin əksəriyyətində sırf özümü yazmışam. Elə şeirim var ki, orada həyatımın hansısa bir gününü təsvir etmişəm. Bu cür şeirlərdən xoşum gəlir, çünki onlarda həyatımdan bir gün, gerçək yaşantılarım var. Misal üçün, o qəbildən olan, özümün çox sevdiyim şeirlərdən birində deyirəm:
Bu gün yeni şeir yazdım,
Bir də təzə dərs keçdim.
Ədəbiyyatdan lirik növ,
Dildən sonor səs keçdim.
***
Əzizlədim şagirdləri,
Başların sığalladım.
Ən çox ən dəlisovların,
Ən çox ən cığalların.
***
Nə satıcı hirsləndirdi,
Nə bir "QAİ" saxladı.
Bu gün açıb qollarımı
Həyatı qucaqladım.
***
Oğlumla futbol oynadım,
Qızımla mahnı qoşdum.
İtimlə şəkil çəkdirdim,
Pişiyimlə barışdım.
***
Suladım çiçəklərimi,
Bağdan nar dərib yedim.
Sonra ağacı oxşayıb,
Sağ ol, dadlıdır, - dedim.
***
Bu gün hər gündən biriydi,
Bu mən hər kəsdən biri.
Yazdığım şeirdən biri,
Keçdiyim dərsdən biri.
- Yaradıcı insan müəyyən mənada komplekslərdən azad insandır. Mənə elə gəlir ki, kompleksləri olan, özünə qapalı şəxs yaradıcı insan ola bilməz. Kompleksləri həmişə onu sıxacaq, arxaya çəkəcək, özünü bütünlüklə ifadə etməsinə mane olacaq. Xüsusilə bu şairlərə, özü də kişilərdən daha çox, qadın şairlərə aiddir. Çünki qadınlar kişilərlə müqayisədə daha emosionaldırlar, hiss və duyğularını daha çılğın şəkildə ifadə edirlər. Siz necə, komplekslərinizdən arınmaq üçün öz üzərinizdə işləməli olmusunuz, ya təbiətən komplekssiz insansınız? Ümumiyyətlə, bir insan kimi özünüzü necə xarakterizə edərdiniz?
- Xeyr, deməzdim ki, komplekssiz insanam. İndinin özündə də komplekslərdən tam azad deyiləm. Düzdür, uşaqlıq illərində daha çox komplekslərim vardı, indi xeyli rahatam. Amma hamının kompleks etdiyi bəzi məsələlər var ki, mən onları kompleksə çevirmirəm. Özüm üçün müəyyən etdiyim qanunlar var. Ədalətli saydığım sözü deyirəm, addımı atıram. Kimsə kənardan mənə başqa cür baxa bilər. Kimsə məni çılğın, demaqoq, hətta nankor belə adlandıra bilər. Amma davranışımın doğru olduğunu bilirəm deyə, özümə bunu etməyə icazə verirəm. Bu və buna bənzər müəyyən məsələlərdə məni komplekssiz adlandırmaq olar. Amma elə sədlər var ki, hələ də onları aşmamışam. Misal üçün, bəzi məsələlərə cəmiyyətin gözü ilə baxmaqdan xilas ola bilməmişəm. Özümə ətrafdakıların gözü ilə baxmaq, başqalarının fikrini nəzərə almaq kimi cüzi də olsa, komplekslərim qalmaqdadı. İnanmıram ki, yaradıcı insan bütün komplekslərdən azad olmalıdır. Xüsusilə də bizim ölkədə, bizim cəmiyyətdə bu bir az çətin məsələdir.
“Xoşbəxt yazıçı olmur...”
Səhər Əhməd: “İnsanın konkret hədəfi, iddiaları varsa, heç vaxt xoşbəxt ola bilməz”
- Bilirəm ki, psixologiyaya çox böyük önəm verirsiniz. Bu həm bədii yaradıcılığınızda özünü biruzə verir. Özü də son zamanlar bu sahəyə marağınız daha çox artıb. Psixoanalizlə belə dərindən maraqlanmağı nıza səbəb nədir?
- Fikrimcə, hər bir yaradıcı insan, şair və yazıçı psixoanalizi sevməlidir. Şair niyə yazır? İnsanı, eləcə də özünü anlamaq üçün yazır. Yaradıcı insan təkcə ətrafdakıları deyil, özünü də analiz edir. Bu baxımdan psixoanalizi sevirəm. Son vaxtlar psixologiyaya daha çox meyl etməyimin səbəbi odur ki, pandemiya dönəmində daha çox mütaliə etməyə başladım, daha doğrusu, mütaliəyə daha çox vaxt ayırmaq imkanım oldu və Mark Mansonun “Vecinə almamağın incə sənəti” kitabını oxudum. Mütaliə zamanı sanki beynimdə yeni bir pəncərə açıldı və məndə psixologiyadan, psixoanalizdən bəhs edən kitablara maraq yarandı. Həmin kitabları tapıb oxudum, hətta YouTube -da bu qəbildən olan verilişlərə tamaşa etməyə başladım. Bir çox ünlü türkiyəli psixoloqu dinlədim. Dünya psixoloqlarının dilimizə tərcümə edilən məqalələri, əsərlərilə ilə tanış oldum. Getdikcə bu sahə mənə hətta ədəbiyyatdan, yaradıcılıqdan daha çox maraqlı gəlməyə başladı. Bəlkə də ona görə ki, insan ümumiyyətlə həmişə eyni yerdə qala bilmir. Özünü inkişaf etdirmək istəyən insan özü üçün yeni nəsə kəşf etməlidir, fəaliyyət dairəsini genişləndirməlidir. Yəni, özünü çərçivəyə salmaq, hansısa sərhəd içərisində saxlamaq düzgün deyil.Su belə qaldığı yerdə lillənir. Mənimçün doğrudan çox yaxşı məşğuliyyət oldu. Düşünürdüm ki, heç nə mənə ədəbiyyat qədər zövq verə bilməz, amma praktik psixologiya çox xoşuma gəldi.Yəni, psixoanalizdən daha çox praktik psixologiya, praktik diaqnozlar, psixoloqların həyatı, insanların aldığı psixoloji travmalar, şəxsiyyət pozğunluqları və s. Analdım ki, bəlkə də Dostoyevskinin uzun-uzadı təhlillərindənsə, nəlkə də bir cümləlik diaqnoz daha konkretdir və yaxud geniş psixoanalizdənsə, praktik müasir psixologiyanın gəldiyi nəticələr daha maraqlıdır. Yenidən Freydə müraciət etdim. Çox kitablar oxudum. Hətta bəzən sistemsiz mütaliə etdim. Müxtəlif fikirlərlə tanış oldum. Amma buna görə peşman deyiləm. Demək olar, bir çox şəxsiyyət pozuntuları oxuduğum kitab qədər mənə aydındır. Düşünürəm ki, vaxtı ilə beynimdə gəzdirdiyim sualların hamısının cavabı var. İnsanlara görə ağlamağım, çəkdiyib əzab-əziyyət bəlkə də gərəksiz imiş. Ümumiyyətlə, psixologiya insanı özünə yönəldir. Başqalarından ayırır, deyir ki, sən daha çox özünə bax, özünü tanı, sonra başqalarını tanımağa çalışarsan. Mənim də başqalarını yaxından tanımaq yanğım azaldı. “İnsanlar niyə belə edir?” sualına müəyyən mənada cavab tapdım. Analıdım ki, bəzi şəxsiyyət pozuntuilarının yaranması insandan asılı deyil. hansısa psixoloji travmadan sonra bu hala gəlirlər və özləri belə özlərini anlamırlar. Yəni, insanların hamısı psixoloji cəhətdən sağlam deyil və onların hamısınsan sağlam münasibət gözləmək həqiqətən gülünc bir şey imiş. Ona görə də psixologiya ilə məşğul olandan sonra “niyə?” sualını beynimdən atdım. Daha əvvəl başlasaydım psixologiya ilə belə yaxından maraqlanmağa, mənim üçün daha yaxşı olardı, suallar içərisində belə uzun müddət çabalamazdım. Mənə elə gəlir ki, şairlərin, yazıçıların əksəriyyəti “niyə?” sualına cavab axtararaq, əslində psixologiyada hazır cavabı, hazır diaqnozu olan bu cür halların içərisində çabalayır. Çox vaxt da yazdıqları elə bu çabaların məhsuludur.
- Əslində, sizin ədəbiyyata, poeziyaya, eləcə də jurnalistikaya gəlişiniz tamamilə məntiqlidir. Çünki siz ixtisasca ədəbiyyatçısınız, dilçisiniz. Ədəbiyyatı sevən, dilin incəliklərinə bələd olan insanın isə ədəbiyyata gəlişi, özünü jurnalist kimi ifadə etməsi çox normal və təbiidir. Artıq qeyd etdiyim kimi, gənclik illərindən qələmə sarılmısınız və bu sahədə kifayət qədər böyük uğurlarınız var. Amma televiziya gəlişiniz yetkin yaşlarınıza təsadüf etdi. Axı televiziya aparıcılığı, televiziya jurnalistikası tamamilə fərqli sahədir. Burada da iş təcrübəsinə, peşəkarlığa ehtiyac var. Maraqlıdır ki, televiziyaya gəlişiniz ehtiyacdan doğdu?
- Artıq qeyd etdiyim kimi, mənim fikrimə görə, insan bir yerdə qalmamalıdır, xüsusilə də yaradıcı insan. Dediyim kimi, mən gördüklərimi yazıram. O üzdən baxdığım pəncərə nə qədər böyük olarsa, o qədər çox şey görüb yazaram. Yəni yazdılarım öz yeknəsəngliyi ilə oxucunu bezdirməz. Amma televiziyaya gəlişim demək olar ki, təsadüfi oldu. Bir müddət məktəbdən uzaqlaşmışdım. Həmin vaxt məni qonaq qismində SPASE-də yayımlanan “El bizim, sirr bizim” proqramına dəvət etdilər. Bundan bir ay sonra isə mənə artıq həmin verilişin aparıcılığı təklif olundu. Düzdür, tərəddüdlərim oldu, çünki mən özümü yazmaqla ifadə edən biriyəm. O üzdən özümü danışmaqla ifadə etmək mənə bir az çətin gəldi. Bundan əlavə, diksiya ilə bağlı problemlərim var, iti düşünürəm deyə, bəzən nitqim çox sürətli olur. Ümumiyyətlə, danışıqla özümü o qədər də yaxşı ifadə edə bilmirəm. Buna görə də əvvəlcə etiraz etdim. Amma etirazım qəbul olunmadı. Mənə deyildi ki, bu verilişdə əsas düşüncədir. Sonucda təklifi qəbul edib aparıcılığa başladım. Televiziya aparıcılığı mənim üçün həyata yeni pəncərə çadı. Anladım ki, insan özünü təkcə yazmaqla deyil, danışmaqla da ifadə edə bilər. Üstəlik, televiziyanın auditoriyası daha genişdir, həmin auditoriyaya xitab etmək, onu öz təsir dairənə salmaq daha asandır, özü də bu birbaşa, canlı ünsiyyətdir. Getdikcə bu cür ünsiyyət xoşuma gəlməyə başladı. Bundan ruhlanaraq Youtube kanalında da yeni layihələrə imza atdım.
- Qeyd etfdiyim kimi, siz ixtisasca müəllimsiniz. Orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edirsiniz. Hər kəs müəllim ola bilər, amma hamı pedaqoq olmur. Əsl pedaqoq peşəsini sevən, işinə məsuliyyətlə yanaşan, uşaq psixologiyasına dərondən bələd olan, şagirdlərinin hər birinə fərdi yanaşmağı bacaran, ən əsası isə uşaqları ürəkdən sevən biridir. Yəni bir dünya sevgi, enerji tələb edən sahədir pedaqoqika. Uşaqların qarşısına çıxırsansa, hər gün öz üzərində işləməlisən, onların sevgisini, inamını, etibarını qazanmağı bacarmalısan. Bu qədər sevgi, bu qədər enerji sizdə hardandır?
- Mən bir az hiperaktiv insanam. Yalnız eyni işlə məşğul olmaq məni darıxdırır. Ola bilsin, enerjim çoxdur, deyə bilmərəm. Amma mən eyni vaxtda bir neçə işi çox rahatlıqla görə bilirəm. Bundan yorulmuram, əksinə dincəlirəm, bu mənə yaşam stimulu verir.
- Kimliyindən asılı olmayaraq, hər bir qadının bu həyatdakı ən böyük missiyası ana olmaqdır. Siz də üç gül balanın anasısınız. İki qızınız, bir oğlunuz var. Qızlar artıq böyüyüb, oğlunuz isə məktəb yaşlıdır. Siz övladlarınıza həm də məktəbdə müəllimlik edən anasınız. Bu mənada maraqlıdır ki, onlarla necə ünsiyyət qurmusunuz? Bu gün oğlunuzla ünsiyyətiniz, münasibətiniz hansı müstəvidə inkişaf edir? Aranızdakı münasibət daha çox ana-bala, müəllim-şagird, ya dostluq münasibətidir?
- Bəli, hər üç övladımın müəllimi olmuşam. Bəlkə də indiki ağlım olsa idi, onlara müəllimlik etməzdim. Çünki müəllim olmaq, həm də daha çox nəzarət etmək deməkdir. Əslində oğlumun müəllimi olmaq istəmirdim. Amma təkid etdi, Dedi ki, bacılarıma dərs demisən, bəs mənə niyə dərs demirsən? Bu sualın qarşısında aciz qalıb onun istəyini yerinə yetirdim. Bu həm də onunla əlaqədardır ki, atam da ədəbiyyat müəllimi olub və məndən başqa bütün bacı-qardaşlarıma dərs deyib. Bu məqam mənə travma yaşatmışdı deyə, oğlumu həmin travmadan qorumağa çalışdım. Övladının müəllimi olmağın həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi ondadır ki, övladının sinif yoldaşlarını, dostlarını tanıyırsan, məktəbdə də gözünün qarşısında olur. Mənfi tərəfi isə qeyd etdiyim kmi, aşırı nəzarətdir, bu üzdən qızlarımın heç birinə məktəbi bitirənədək dərs deməmişəm. Müəyyən vaxtdan sonra onların sinfini başqa müəllimə təhvil vermişəm. İstəmişəm ki, uşaqlarım özlərini bir az azad hiss etsinlər. Mənə görə, uşaqlarla dost olmağa gərək yoxdur. Çünki hər bir münasibətin öz insanı, öz xüsusiyyəti var. Misalçün, ana anadır, dost dostdur. Dostluq qarşılıqlı, bərabər paylaşılacaq münasibətdir. Valideyn övlad münasibəti isə fərqlidir. Mən onlara həmişə yaxşı ana olmağa çalışmışam. Sözün əsl mənasında yaxşı ana. Yəni cəmiyyətimizin dediyi kimi deyil, öz bildiyim kimi yaxşı ana olmağa çalışmışam. Onlara şəxsiyyət kimi yanaşmağa, kifayət qədər azadlıq verməyə, onları müxtəlif psixoloji travmalardan qorumağa, onlara özlərini ifadə etməkdə yardımçı olmağa çalışmışam. Düzdür, cavanlıqda müəyyən səhvlərim olub. Böyük qızımın tərbiyəsində ənənəvi metodlardan istifadə etməyə çalışmışam, amma sonradan öz üzərimdə işləyərək çox şeyi anlamışam. Övladlarımın dost və peşə seçiminə qarışmamışam, onları “əlaçı” olmağa məcbur etməmişəm, sadəcə müşahidə etmişəm. Amma heç bir məsələdə təzyiq göstərməmişəm.
- Deyirlər, qadından yaşını soruşmazlar. Amma mən bu fikri əsla qəbul etmirəm. Mənə görə, istər qadın olsun, istər kişi, yaş hər bir insanın var-dövləti, zənginliyidir. Çünki biz nə qədər çox yaşayırıq, bir o qədər çox görüb götürürük, daxilən zənginləşirik. Bu mənada siz çox gözəl bir yaş dövrünə gəlib çatmısınız. Yaxın günlərdə 50 yaşınızı qeyd etmisiniz. Bu münasibətlə sizi təbrik edirəm. Viktor Hüqo yazırdı ki, 50 yaş cavanlığın qocalığı, qocalığın gəncliyidir. Demək, yenə də gənclik dövrünüzü yaşayırsınız. Maraqlıdır, bu yaşın zirvəsindən arxaya boylananda daha çox nələri görürsünüz, ötən illər ərzində təəssüfləndiyiniz anlar çox olub, yoxsa sevindiyiniz anlar?
- Təbrikə və xoş arzulara görə təşəkkür edirəm. Mənim heç vaxt yaş kompleksim olmayıb. Şeirlərimdə də çox zaman yaşımı yazıram. Ümumiyyətlə mənə çatmır ki, insan niyə yaşından utanmalıdır. Yazılarımdan birində belə bir fikrim var: “bu gün dünənin redaktə olunmuş variantıdır”. Mənə elə gəlir ki, şərəflə, ləyaqətlə, öz gözündən düşmədən yaşadığın hər gün, başa vurduğun hər il, hər yeni yaşın sənin qələbəndir. Demək yaşlanmaq həm də daha çox qələbə qazanmaq, daha çox var olmaq, mövcudluğunu daha çox təsdiq etmək, övladlarına daha çox arxa-dayaq olmaq, onların: “anam sağdır, yanımdadır” güvənini daha çox yaşatmaq, dostları daha çox sevindirmək, onları öz ölümünlə kədərləndirməməkdir. Əslində siyahını sonsuzadək uzatmaq olar. Bir sözlə, hər şeyə rəğmən həyat gözəldir. Bu baxımdan mən hər yeni yaşımı sevinclə qarşılayıram. Düzdür, adam itirdiyi gənclik üçün heyfslənir. Daha doğrusu, bu əvvəllər belə idi. Amma illər ötdükcə, müdrikləşdikcə daha doğru yaşamın indi olduğunu hiss edirəm. Özümlə bağlı arzulara gəlincə, artıq qeyd etdiyim kimi, heç vaxt karyera arzusunda olmamışam. Televiziya aparıcılığı da mənim üçün hobbidir, istədiyim vaxt rahatlıqla bu fəaliyyətimdən imtina edə bilərəm. Şöhrət, ad, imza- bunlar hamısı mənim üçün fondur. Mənim üçün əsas olan öz həyatım, yaşantılarımdır. Məni daha çox düşündürən övladlarımla münasibətlərimdir. İllər əvvəl müsahibələrimdən birində demişdim ki, xoşbəxt ana olmağı xoşbəxt yazışı olmaqdan üstün tuturam. Ümumiyyətlə, qəribə də səslənsə, xoşbəxt yazıçı olmur. Sırf yazıçı, yaradıcı insan olduğu üçün özünü xoşbəxt hiss edən insan olmur. Əgər sənin bununla bağlı konkret hədəfin, iddiaların varsa, heç vaxt xoşbəxt ola bilməyəcəksən. Çünki gözləntilərin yaşadığın dövrdə heç vaxt gerçəkləşməyəcək. Xüsusilə də indiki dövrdə bu cür qabiliyyətlərlə nə isə gözləmək, nə isə arzulamaq, nələrsə planlaşdırmaq gülünc görünür. Mənim ən böyük arzum yaşadığım hər gündən, hər andan, adi insan kimi zövq alaraq, öz həyatını yaşaya bilməyən qara enerjili insanların mənim həyatımı da zəhərləmələrinə imkan vermədən, cəmiyyətdən mümkün qədər təcrid olunaraq, balalarımın düzgün yolda olduqlarını, həyatlarını xeyirxah insan kimi, doya-doya yaşadıqlarını görərək yaşlanmaqdır. Yəni, övladlarımla, sevdiklərimlə birgə rahat, huzur dolu bir həyat istəyirəm. Əslində həyatın ən sadə, ən təbii, ən həqiqi üzü elə budur.
Söhbətləşdi: RUNA