Razi Nurullayev: "Prokurorluq orqanlarının mövqeyi vətəndaşla dövlət arasında etimadı artırır"
"Bakının Xətai rayonunda söküntü ilə bağlı səsləndirilən bir açıqlama diqqətimi çəkdi və açığı, müsbət təəssürat yaratdı. Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən verilən məlumat göstərir ki, NZS və Keşlə ərazilərində su kollektorunun üzərində yerləşən 22 evlə bağlı məsələyə daha həssas və ədalətli yanaşma seçilib.
Ən vacib məqam ondan ibarətdir ki, bu evlərin bir hissəsinin vaxtilə aidiyyəti qurumların razılığı ilə tikildiyi nəzərə alınır. Bu, vətəndaşın günahı olmayan bir vəziyyətdə onun taleyinin sərt qərarlarla həll edilməməsi deməkdir. Bəli, oradan magistral su xətti keçir və təhlükəsizlik, infrastruktur baxımından addım atılmalıdır. Amma məsələni “sök, bitsin” yanaşması ilə deyil, kompensasiya və razılaşma yolu ilə həll etmək daha düzgün yanaşmadır".
Bunu deputat Razi Nurullayev deyib. O bildirib ki, bu cür yanaşmalar indiki dövrdə xüsusilə vacibdir:
"Hər bir vəzifəli şəxs elə danışmalı, elə qərar verməlidir ki, cəmiyyətdə qıcıq yox, inam yaratsın. Xətai rayon prokuroru Sərdar İmanovun da açıqlaması bu prizmadan xoş təəssürat yaradır və təcrübə öz sözünü deyir. İnsanlara ümid verən xoş söz demək vacibdir və təbii ki, arxasınca da konkret əməli addımların atılmasıdır. Bu nümunədə isə görünən odur ki, deyilən sözlərin icrası istiqamətində real addımlar atılır.
Hər bir ehtiyatsız söz cəmiyyətimizə, dövlətimizə baha başa gələ bilər.
Prokurorluq orqanlarının bu məsələdə nümayiş etdirdiyi mövqe də qeyd olunmalıdır. Dövlətçilik yanaşması yalnız qanunun tətbiqi ilə deyil, həm də vətəndaşa münasibətdə ədalət və anlayışla ölçülür. Bu baxımdan, belə balanslı yanaşma həm hüquqi, həm də ictimai baxımdan müsbət nümunədir.
Eyni zamanda, bu yanaşmanın formalaşmasında prokurorluq sistemində aparılan ümumi islahatların və düzgün istiqamətin rolu danılmazdır. Bu səbəbdən Baş prokuror Kamran Əliyev başda olmaqla, bu xətti dəstəkləyən hər kəsə təşəkkür düşür. Bu tərif deyil, görülən işin cəmiyyətdə yaratdığı müsbət effektin etirafıdır .
Deputat məqamı da qeyd edib:
"Vətəndaşla dövlət arasında etimadı gücləndirən məhz belə qərarlardır. Qanunu qorumaqla yanaşı, haqlı məsələlərdə insanı da qorumaq əsasdır". \\Cebheinfo.az