Bəzən vətəndaşlar öz həyət və bağ sahələrində kəsdikləri ağaclara görə cərimələnirlər. Bu isə bir çox hallarda narazılıq və suallar doğurur. İnsanlar hesab edirlər ki, şəxsi mülkiyyətlərində olan ağaclarla bağlı qərarı sərbəst vermək hüququna malikdirlər.
Mövzu ilə bağlı Redaktor.Az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, dünən Milli Məclisdə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununa edilmiş dəyişikliklər ətraflı müzakirə olundu:
"Bu dəyişikliklər əsasən kənd təsərrüfatı təyinatlı əkin sahələrində mövcud olan yaşıllıqlara və yabanı bitkilərə aiddir. Çünki təbii halda bitən bir çox bitkilər əkinin normal aparılmasına, suvarmaya və texnikanın səmərəli işləməsinə mane olur, nəticədə məhsuldarlıq aşağı düşür. Edilmiş dəyişiklik kənd təsərrüfatı fəaliyyətinə mane olan bu cür yaşıllıqların götürülməsini nəzərdə tutur. Bunun üçün müvafiq icra orqanlarına həmin sahənin ölçüsü, ağacların sayı və hündürlüyü, eləcə də torpağı icarəyə və ya istifadəyə götürən şəxsin məlumatları təqdim olunmalı və elektron qaydada müraciət edilməlidir. Müraciətə 10 gün müddətində baxılır. Əgər hər hansı irad bildirilməzsə, həmin ağacların kəsilməsinə icazə verilir. Əks halda, iradlar mütləq şəkildə izah olunmalı və əsaslandırılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, bəzi ağaclar xüsusilə nadir və qorunan növlər həyətlərdə bitmiş olsa belə, onların kəsilməsinə icazə verilmir. Digər hallarda isə, əgər ağac yaşayış sahəsinə, gediş-gəlişə və ya istifadəyə mane olursa, onun kəsilməsi mümkündür. Lakin bu zaman da müvafiq orqanların əvvəlcədən məlumatlandırılması vacib şərtdir".
NURİYYƏ