Xəbər lenti
Reklam
“Atam muğamı olduğu kimi gələcəyə ötürdü”- Muğam abidəsi Xan Şuşinskinin qızı ilə MÜSAHİBƏ

“Alim Qasımov nə oxusa peşəkardır”; “Sabir Mirzəyevin şansı olmadı...”
Azərbaycanın Xalq artisti, muğam sənətinin korifeyi, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri olan Xan Şuşinskinin 20 avqustda doğum günüdür. Bu münasibətlə sənətkarın qızı Bəyimxanım Cavanşirova-Verdiyeva ilə söhbət etdik, onu yad etdik.  Musiqi ustadlarının əhatəsində böyüyən Bəyimxanım eyni zamanda böyük sənətkar, Gəncə Dövlət Filarmoniyasının yaradıcısı, respublikanın Xalq artisti, tarzən Fikrət Verdiyevin həyat yoldaşı, “Xan Şuşinski” Fondunun təsisçisi və rəhbəridir.
Onunla müsahibəni təqdim edirik:
- Atam 1901-ci ildə Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin kötücəsi Aslan ağa Cavanşirin ailəsində, Şuşa şəhərində dünyaya göz açıb. Adını da İsfəndiyar qoyublar. Musiqiyə, şeirə-qəzələ, muğama böyük marağı olub. Babam Aslan ağa evində tez-tez musiqili gözəl gecələr keçirərmiş, o gecələrə dövrünün tanınmış ustad sənətkarlarını, musiqiçilərini, şairlərini dəvət edərmiş. Elə oradaca şeirlər yazılarmış, mahnılar bəstələnərmiş. Eyni zamanda, qrammofon valı vasitəsilə bütün Şərqin tanınmış ustad sənətkarlarının ifalarına qulaq asarmışlar. Atam öz xatirələrində yazırdı ki, səsim o qədər güclü idi, evdə oxuyanda səsin gücündən rəflərdəki qablar sanki cingildəşirdi. Ona görə evdən qaçıb, dağ başına çıxıb oxuyurdum ki, məni heç kəs eşitməsin. Atam uşaq yaşlarından tarda gözəl ifa edirmiş. Elə əmim Allahyar Cavanşirov da tar çalmağı ondan öyrənmişdi. Atamın belə gözəl istedadını, muğama, musiqiyə olan marağını görəndən sonra babam Aslan ağa o dövrün ustad sənətkarı olan İslam Abdullayevə müraciət edir. Atam İslam Abdullayevin yanında muğamın sirlərini, xalq mahnılarını öyrəndikdən sonra musiqi məclislərinə onunla birgə gedərmiş. Atam o dövrdə Şuşada “Realnıy” məktəbdə təhsil alıb, fars, ərəb, latın, kiril əlifbalarında sərbəst yazıb oxuyurdu. Atamın gəncliyi Sovet hökumətinin qurulmasına təsadüf edib.  Onların bütün varidatları, əkin sahələri, at sürüləri, nələri varsa əllərindən alınır. Babamın səsi alınır. Bu da o demək idi ki, heç yerdə çalışa, işləyə bilməzdi. Nənəm Bəyimxanım çox cavan ikən dünyasını dəyişir. Atam İslam Abdullayevlə bərabər el şənliklərində iştirak etməyə başlayır.
- Elə Xan Şuşinski adı da el şənliklərinin birində verilib?
 

-Bəli, el şənliklərinin birində məşhur iranlı xanəndə Əbülhəsən xan Azər İqbal Soltanın ifasında “Kürdü Şahnaz” muğamına qulaq asdıqdan sonra İslam Abdullayev üzünü atama tutaraq “İsfəndiyar, bəlkə sən də oxuyasan” deyir. Atam deyir ifaya bir dəfə də qulaq asım, oxuyaram. Qulaq asır və sonra “Kürdü Şahnaz”ı elə gözəl ifa edir ki, məclisdəkilər heyran qalırlar. Həmin məclisdə atama “Xan Şuşinski” adı verilib. Sovet dövründə bəy, xan adına qadağa qoyulduğu dövrdə həm şəxsiyyəti, həm sənəti ilə bu adı doğruldur.
 

-Üzeyir Hacıbəyov da məqalələrində Xan Şuşinski ilə bağlı xatirələrə xüsusi yer verib...
-Üzeyir Hacıbəyov Xanın sənətini çox yüksək qiymətləndirirdi. 1930-ci ildə Tiflisdə keçirilən Qafqaz üzrə festivallarda Xan Şuşinski birinci yeri tutaraq Qran-Pri ilə mükafatlandırılır. Üzeyir bəy atamı yüksək dəyərləndirərək onun haqqında məqalələr yazıb. 1926-cı ildə Üzeyir bəyin yazdığı “Qaragöz” mahnısının ilk ifaçısı məhz atam olub. Üzeyir bəy böyük vəchlə Xanı Opera və Balet Teatrına cəlb etmək istəyirdi. Atam Üzeyir bəyin xətrini dünyalar qədər istəməsinə baxmayaraq demişdi ki, muğam sənətinə bağlı sənətkar kimi mən muğam ifasına davam edəcəyəm.
Atam ustad sənətkar olaraq xeyli mahnının müəllifidir. Baxmayaraq ki, o mahnıların yüzdən çox yaşı var, hələ də xalqımız tərəfindən sevilir və ifa edilir. 1920-ci illərdən bu yana o bir çox mahnılar bəstələyib. O mahnılardan bir qismini 2004-cü ildə ailə üzvləri olaraq Müəllif Hüquqları Agentliyində təsdiq etdirdik. Bir qismini də toplayırıq, onları da təsdiqlədəcəyik. Bu mahnılar xalq mahnısı adı altında səsləndirilib. Bu mahnılardan “Ay qara qız”, “Dilbərim”, “Qəmərim”, “Məndən gen gəzmə”, “Sevirəm səni”, “Şuşanın dağları”, “Ay qəşəng ceyran”, “Ay Dilbər”in adını çəkə bilərəm. Azərbaycan musiqi tarixində ilk dəfə qadınla dueti atam oxuyub. Bu duetlər “Qızıl fond”da  saxlanılır. Bunlardan biri Soltan Hacıbəyov, ikisinin müəllifi isə Xan Şuşinksidir. Atam bu mahnıları Şövkət Ələkbərova ilə, Sara Qədimova ilə ifa edib.

 

-Xan Şuşinski kimi sənətkarın qızı olmaq necə bir hissdir? Uşaqlığınızda bu böyük irsin ağırlığını necə hiss edirdiniz?
-Atamın nə qədər böyük nüfuza malik dahi şəxsiyyət olduğunu uşaqlıqdan hiss edirdim. Yol boyu getdikcə insanlar ayaq saxlayıb ona yaxınlaşar, hörmətlərini, sevgilərini ifadə edərdilər. Bu, bir uşaq kimi məni qürurlandırırdı. Bilirsiniz, mən çox xoşbəxt bir xanımam ki, tarixdə iz qoymuş bir soyadın nümayəndəsi olaraq dahi bir sənətkarın övladı və dahilərin cameəsində yetişmiş bir xanım kimi, həmçinin ustad bir sənətkarın ömür gün yoldaşı olmuşam. Gözümü açıb, evimizdə o dövrün çox böyük ustad sənətkarlarını görmüşəm: Seyid Şuşinski, Münəvvər Kələntərli, Yavər Kələntərli, Həqiqət Rzayeva, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Süleyman Ələsgərov, Tofiq Quliyev, Allahyar Cavanşirov, Fikrət Əmirov, Qurban Pirimov və daha kimlər... Onların hamısı atamla söhbət edərdilər, xatirələrini bölüşərdilər.
Doğum günlərimin birində atam mənim üçün gözəl bir fortopiano almışdı, birbaşa pianonun qapağını açıb, “Cücələrim” mahnısını ifa etməyə başladım, hamı məəttəl qalmışdı. Təbii ki, Xan Şuşinskinin övladı olmaq çox böyük şərəfdir. İndi da hara gedirəmsə, hörmətlə qarşılanıram. Çalışıram xalqın bu sevgisini məsuliyyət hissi ilə qoruyam, saxlayam. Mənə çox böyük etimad göstərilib. Prezident yanında Əfv məsələləri Komissiyasının üzvüyəm. Çalışıram dövlət başçımızın göstərdiyi bu etimadı şərəflə, ləyaqətlə yerinə yetirim.
 

-Xan əminin övladları indi nə ilə məşğuldur, musiqiçi varmı ailədə?

-Biz 4 uşaq olmuşuq. Kiçik bacım Səadət xanım rəhmətə gedib. Bizim hər birimizin çox gözəl səsimiz, musiqi duyumumuz olub. Özümüz də musiqi alətlərində çalardıq, oxuyardıq. Bacım Zümrüd konservatoriyanı bitirib. Hazırda Milli Konservatoriyada pedaqoji fəaliyyət göstərir. Kiçik bacım İncəsənət universitetini bitirib. Qardaşım iqtisadiyyat üzrə təhsil almasına baxmayaraq onun da yüksək musiqi duyumu var.
Bizə muğamatı sevdirən atamız olub. Əksər uşaqlar ana laylası ilə böyüyürlər, mənsə ata laylasıyla... Atam hər axşam başımı dizinin üstünə qoyub, saçımı sığallaya-sığallaya qədim türk havalarıyla məni yatırdardı. Anam da çox savadlı xanım idi. Atamın həm şəxsiyyətini, həm də sənətini uca tutaraq hər zaman onu qoruyurdu. Bizim təlim-tərbiyəmizlə anamız məşğul olurdu. Çalışırdı ki, atamı sənətkar kimi qorusun. 1959-cu ildə atam Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edirdi. Mən o vaxt çox körpə idim, atamı televizorda görən kimi dilim açılıb və ekrana yaxınlaşıb, “Bax, dədə” demişəm. Moskvaya da xəbər göndərirlər ki, qızın Bəyimxanımın dili açıldı, sənə “dədə” dedi. Atam da oradan qayıtdıqdan sonra 1959-cu ildə mənə “Ay qəşəng ceyran” mahnısını yazır. Bizdə ata-övlad arasında o qədər məhəbbət olub ki, məni iştirak etdiyi bütün tədbirlərə, məclislərə aparıb. Demək olar Azərbaycan Dövlət Filarmoniyasında böyümüşəm. Çünki atam hər səhər filarmoniyaya işə gələndə məni də özüylə aparırdı...  
Xan Şuşinski ilk dəfə Bakıda 20-ci illərdən konsert verməyə başlayıb. Onun afişası bir neçə ay əvvəldən Bakıda elan edilərmiş. Konsertə bilet alanların növbəsi Azneft dairəsindən düz filarmoniyaya kimi olarmış. Bilet ala bilməyənlər filarmoniyanın qarşısında durarmış ki, heç olmasa onun səsini, avazını eşitsinlər.
Atam İran şahının bağışladığı gümüş güldanı gəlin köçəndə mənə hədiyyə etdi
Atanızın sənət və həyat yolundan sizə ən çox təsir edən, həyatınıza yön verən hansı məqamlar olub?
- 1959-cu ildə Moskvada keçirilən dekadada bilmirəm səhvən, yoxsa qəsdənmi Səid Rüstəmovun rəhbərlik etdiyi orkestrdə “Qarabağ şikəstəsi”nin notları dəyişdirilib. Bunu Tofiq Quliyev də, Vaqif Səmədoğlu da öz xatirələrində yazıb. Onlar deyirdilər biz səhnə arxasında idik, musiqi çalınmağa başlayanda gördük tonallıq ən yüksək səviyyədədir. Səid Rüstəmovun rəngi ağardı, hamı bir-birinə baxdı. Xan səhnəyə çıxdı, “Qarabağ şikəstəsi”ni elə gözəl ifa etdi ki, bütün zal ayaqüstə alqışladı. Elə bildik o bundan əsəbiləşəcək, danlayacaq, amma Xan buna çox etinasız yanaşdı. Atamın sənəti o qədər yüksək idi ki, o zirvəyə aşağıdan nə qədər daş atsaydılar da, ona xətər yetirə bilməzdilər. O qədər möhtəşəm səs idi. Elə həmin tədbirdə SSRİ Xalq artisti İvan Kozlovski iki əllə başını tutdu ki, belə səs heç vaxt eşitməmişəm.
1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənətinin ongünlüyündə çıxış etmək üçün tərtib olunan siyahıda atamın da adı olub. Amma atamı istəməyən insanlar Mir Cəfər Bağırova səhv məlumat çatdırıblar. Guya Xan tədbirdə iştirak etmək üçün qonorar istəyibmiş. Atam danışardı ki, Samur- Dəvəçi kanalının açılışı ilə bağlı keçirilən tədbirdə oxuyub. Elə vaxt olub ki, o yüksək dağların başında konsert verib. Hətta vaxt olub, qarda, yağışda, qolu gipsdə, dişi ağrıya-ağrıya kolxozçular, fəhlələr, əsgərlər qarşısında çıxış edib. Onu da deyim ki, atam o dövrdə Azərbaycanda hamilik konserti verən yeganə sənətkar idi. Hətta Dövlət Filarmoniyası uzun müddət Xan Şuşinskinin ifa etdiyi konsertlərlə fəaliyyət göstərib. Necə ola bilərdi ki, bunları edən insan belə yüksək səviyyəli tədbirdə çıxışı üçün qonorar istəsin. Şuşanın dağları mahnısının sözləri və musiqisi atama aiddir. Buna görə də atamı Xalq Daxili İşlər Komissarlığı çağırıb,, “Sovet Şuşasının da başı dumanlı olarmı” siz bununla nə demək istəyirsiniz. “Siz mütləq orda düzəliş edib, “Şuşanın dağları deyil dumanlı” kimi oxumalısınız”. O ərəfələrdə atamı çox incidirlər. 37-ci ildə Hüseyn Cavidin qəzəlləri, şeirlərini muğam üstündə ifa etdiyi üçün bir il səsi alınır, efirlərə çıxa bilmir. Atam vətəni Şuşanı canından artıq sevirdi, o mahnını 1930-cu ildə yazmışdı, mahnının sözləri də, musiqisi də atama aid idi. Bu, Şuşa haqqında yazılan ilk mahnı idi. Onlar başa düşmürdülər ki, atam Şuşanın dağları başı dumanlı mavi, qırmızı koftalı, yaşıl dumanlı deyərək müqəddəs bayrağımızı sətiraltı olaraq  gələcək nəsillərə ərməğan etmişdi. O dövrdə atamın adı 1938-ci ildə Moskvada keçiriləcək tədbirdəki musiqiçilərin siyahısından çıxarılır.  Bunu eşidən Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov atamın yanına gəlib deyirlər ki, fəxri fərmanlarını da götür, gedək Mir Cəfər Bağırovun qəbuluna... Bütün baş verənləri Mir Cəfər Bağırova danışandan sonra Bağırov əmr verir ki, Xan Şuşinksi qardaşı Allahyar Cavanşirovla bərabər 24 saat ərzində Ağdamdan Bakı şəhərinə köçürülsün və hər ikisi mənzillə təmin olunub, eyni zamanda, Azərbaycan Dövlət Filarmoniyasına solist kimi işə qəbul olunsun. Atamı istəməyən o xain xislətli insan özü də bilmədən onun yollarını bir az da açır. 1943-cü ildə Azərbaycan musiqisi tarixində atam yeganə sənətkar olaraq Əməkdar artist fəxri adını almadan birbaşa Xalq artisti fəxri adına layiq görülüb. 1959-cu ildə atam “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1944-cü ildə İranda iki aylıq qastrol səfərində olub. Atam İran şahının qonağı olub, şah onun səsini, sənətini yüksək dəyərləndirərək ona çox dəyərli hədiyyələr vermişdi. Öz xatirələrində deyir ki, müharibə dövrü olduğu üçün qayıdan kimi o qiymətli hədiyyələri müharibə fonduna keçirib. Yeganə yadigar olaraq gümüşdən əl işi olan güldanı İran şahının hədiyyəsi olaraq saxlamışdı. Onu da mən gəlin köçəndə hədiyyə etdi.
-Sizcə, bu gün Azərbaycanın gənc muğam ifaçıları Xan Şuşinskinin sənət mirasından yetərincə bəhrələnə bilirlərmi?
-Bu gün milli musiqimizin təbliğinin bir qolu da keçirilən festivallar, müsabiqələrədir. Bu da dövlətin bu sənətə verdiyi diqqətin nümunəsidir ki, xeyli istedadlı gənc muğamlarımızı, onun incəliklərini öyrənmək üçün bu sənətə gəlirlər. Heydər Əliyev Fondunun keçirdiyi muğam müsabiqəsi də bunun bariz nümunəsidir. Təbii ki, hər dəfə bu müsabiqədə onlarla istedadlı gənc öz sənətini nümayiş etdirir. Sənətkar qızı, sənətkar xanımı olaraq məni çox sevindirən məqamlardan biri də odur ki, bu müsabiqələrin iştirakçıları bu gün artıq fəxri adlara layiq görülür, pedaqoq kimi fəaliyyət göstərirlər. Məhz bu  gənclər Xan Şuşinskinin sənət aləmində nəticələri, kötücələridirlər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Gəncədə Filarmoniya və Dram Teatrı binalarının, Bakıda Beynəlxalq Muğam Mərkəzinin və Milli Konservatoriyanın fəaliyyəti də muğamın yaşadılması və təbliğində mühüm rol oynayır. Bütün bunlar göstərir ki, muğam sənəti bu gün də yaşayır və Xan Şuşinskinin zəngin sənəti gənc nəslə ərməğan olunur. 
-Muğam sənətinin müasir interpretasiyası ilə klassik yanaşması arasında necə bir tarazlıq saxlanmalıdır? Bu mövzuda sizin mövqeyiniz necədir?
- Azərbaycan xalqının milli sərvəti olan muğamlarımız toxunulmazdır. Hər zaman çıxışımda deyirəm ki, biz çox xoşbəxt bir xalqıq, milli mənəvi dəyərlərimiz, o cümlədən aşıq sənətimiz, muğamlarımız var. Şərq dünyanısının müxrəlif ölkələrində muğamlar oxunur.  Amma Azərbaycandakı kimi yüksək səviyyədə təbliğ, təşviq, tədris olunmur. Muğam sənəti musiqinin əlifbasıdır. Atam son yubiley çıxışında demişdi ki, Azərbaycanın milli mənəvi sərvəti olan muğamlarımızı uzun illər zamanın süzgəcindən keçirərək yad əllərdən, nəfəsdən qoruyaraq estafeti gənclərə verirəm. Yəni muğama əlavələr edilməməlidir, olduğu kimi ifa olunmalıdır. Hər bir xanəndə öz xırdalıqlarını edə bilər, amma o cızıqdan çıxmamaq, sərhədi aşmamaq şərtilə. Muğam ona görə uzun illər yaddaşlarda qalıb ki, ustad sənətkarlar muğama yad nəfəslər gətirməyiblər. Əgər biz muğama şərq ölkələrinin boğazlarını əlavə etsək, əlbəttə haqlı olaraq deyilə bilər ki, bu onlara məxsusdur. Kökə toxunmadan ifa etmək mütləqdir. Amma elə xalq mahnılarımız var ki, istedadlı gənclərimiz bu mahnılara gözəllik qataraq mükəmməl formada ifa edirlər. Misal üçün, atam ustad sənətkar olaraq Seygah muğamına Manənd müxalif hissəsisni və Rast muğamına əlavələr  edərək daha da mükəmməl formaya gətirib.  Təvazökarlıqdan uzaq da olsa deyərdim ki, Xan muğam dünyasına bir əzəmət gətirdi. Əbəs yerə ona Muğam dünyasının Xanı, “Muğamımızın abidəsi”, muğam sənətinin “Dədə Qorqud”u deyilmir. O, ustad sənətkarlardan öyrəndiyi muğamları və xalq musiqimizi uzun illər yad təsirlərdən qoruyaraq, ustadlarla eyni dövrdə yaşadığı gənc xanəndələr arasında bir körpü olub. Atam xatirələrində söyləyirdi ki, bəzi aşıq mahnılarının üzərində işləyərək onları daha da mükəmməl şəkildə xalq mahnısı formasına salıb. Yüz yaşı olmasına baxmayaraq bunlar xalq mahnısı adı altında səslənməkdədir. “Sarı bülbül”, “Əlində sazın qurbanı”, “Ceyran bala”, “Apardı sellər Saranı”, “Qaçaq Nəbi” -bunlar aşıq mahnıları olub əvvəllər.
 

O Alim Qasımovdur, muğamı replə də oxusa, peşəkardır... 
-Alim Qasımov yaxınlarda muğamla repi sintez etdi, böyük müzakirələrə səbəb oldu.  Sizin bu cür yeniliklərə münasibətiniz necədir?
-Alim Qasımov çox böyük sənətkardır. Onun öz üslubu, ifa tərzi var. Hamı bilir ki, bu Alim Qasımov yoludur.  O həmçinin Azərbaycan musiqisini dünyada təbliğ edir, tanıdır. Mənsum İbrahimov, Alim Qasımov, bir zamanlar Zeynəb Xanlarova və digər sənətkarlarımız Azərbaycan musiqisini yüksək səviyyədə dünyada təbliğ ediblər. Mənim Alim Qasımovun sənətinə çox böyük hörmətim var. Ola bilər ki, bir məclisdə ürəyi istəyib oxuyub. Bu o deməkdir ki, o çox şaxəli bir sənətə malik şəxsiyyətdir. O ürəyi istəyən vaxt öz dəsti-xətti ilə peşəkarlıqla oxuya bilər.
Sabir Mirzəyev çox gözəl sənətkar idi, amma şansı olmadı...
-Xan Şuşinski və Seyid Şuşinski ilə bağlı xatirələri oxuyanda dəyərli xanəndəmiz Sabir Mirzəyev haqqında da maraqlı söhbətlər rastıma çıxdı. Düzdür, Sabir Mirzəyev Seyid Şuşinskidən dərs alırdı, amma  Xan əminin məktəbinə də getdiyi qeyd edilir. Bu gün məyusedici bir məqam odur ki, “Qızıl fond”da muğamları saxlanılan dəyərli xanəndəmiz Sabir Mirzəyev Xalq artisti adını almayıb. Bu onu sevənləri çox məyus edir. Hətta deyilənə görə ona ad verilməsi məsələsində kimlərsə maneçilik törədib...
-Hər sahədə olduğu kimi, muğam ifaçılığı sənətində də nə qədər istedadın olur-olsun, gərək şanslı olasan. Düzdür, səni sevə bilərlər, gözəl sənətin və ifan ola bilər. İnsanın gərək özünün şansı ola. Ətrafımda da görmüşəm. Rayonlara getmişik, orada elə istedadlı gənclər çıxıb ki, qarşımıza. Vaxtında oxuya bilərdilər. Arxasınca getməyiblər, ya alınmayıb. Elələri olub ki, sənətdə olublar şansları gətirməyib. Allah rəhmət etsin, Sabir Mirzəyev çox gözəl sənətkar idi, mənim yoldaşım Fikrət Verdiyev onun sənətini çox yüksək qiymətləndirirdi. Ancaq hərənin bir alın yazısı var. Ruhu şad olsun...
-Artıq muğamın beşiyi olan Qarabağda quruculuq işləri aparılır. Necə hissdir torpağa qayıtmaq?
-Bəli, bu gün doğma Qarabağımızda çox böyük sürətlə quruculuq, abadlıq işləri aparılır və tarixi binalar bərpa edilir. Mayın 10 -da doğma Ağdamda möhtəşəm Muğam Mərkəzinin açılışında Cənab Prezidentimiz və mədəniyyətimizin, muğamlarımızın təəssübkeşi Mehriban xanım Əliyeva iştirak edərək, Muğam Mərkəzinin açılışını edərək, sənətkarlarla səmimi görüşdülər. Bu muğamın təntənəsi idi sevincimin həddi hüdudu yox idi. Prezidentimiz çıxış edərək, təbriklərini bildirdi. Mən ona müraciət etdim: Yadımızdadır, ulu öndərimiz hər zaman çıxışlarında deyərdi: “Biz vətənimizin ayrılmaz torpaqlarına qayıdacağıq. Mütləq qayıdacağıq”. Bu gün o gündür. Ruhu şad olsun.
-Atanızın adını daşıyan “Xan Şuşinski” adına Fondun rəhbərisiniz, bu günə qədər fond hansı əsas layihələri reallaşdırıb?
-2011-ci ildə atamın anadan olmasının 110 illiyi ərəfəsində ailə üzvləri olaraq biz Xan Şuşinski adına Fond yaratdıq. Bu fond yarandığı gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Xan Şuşinski Fondu olaraq Mədəniyyət Nazirliyi, eləcə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bir çox uğurlu layihələr reallaşdırmışıq. Fond, həmçinin bir çox fəxri fərmanlarla təltif edilib. Eyni zamanda, həyata keçirdiyimiz “Azərbaycan musiqisinin dünəni, bu günü, sabahı”, “Məktəbli gənclər arasında milli musiqiyə marağı artırmaq”, “Milli musiqimizin qorunması” , “Könlüm keçir Qarabağdan”, “Qarabağ Azərbaycandır” adlı layihələrlə milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsinə dəstəyimizi nümayiş etdirmişik. Bununla yanaşı, İtaliyanın Milan, Fransanın Lyon, Macarıstanın Budapeşt, Avstriyanın Vyana, Çexiyanın Praqa, İngiltərənin London, İspaniyanın Madrid, Barselona, Bosniya və Herseqovinanın Sarayevo şəhərlərində bir çox uğurlu tədbirlərə imza atmışıq. 2024-cü ildə isə Niderlandın Haaqa şəhərində gözəl tədbir təşkil etmişik. Builki tədbirimiz isə QHT- lərə Dövlət dəstəyi Agentliyinin dəstəyi və “Xan Şuşinski” fondunun təşkilatçılığı ilə İtaliyanın Roma şəhərində keçiriləcək. Həmçinin fond olaraq 20-yə yaxın ustad sənətkarımızın yubiley tədbirlərini, xatirə gecələrini təşkil etmişik. Bundan əlavə, respublika üzrə məktəbli gənclər arasında müsabiqə keçirmişik. ölkəmizdə muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə böyük işlər görülür. Bu istiqamətdə işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Muğamın UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınması da bunun nəticəsidir. 2026-cı ildə Xan Şuşinskinin anadan olmasının 125 ili tamam olur. Həmçinin həmin ildə Xan Şuşinski Fondunun yaranmasının 15 illiyi qeyd ediləcək. İnşallah, hər zaman olduğu kimi yubiley tədbirləri yüksək səviyyədə keçiriləcək. Dövlətimiz onun sənətinə böyük dəyər verir, böyük hörmətlə yanaşır. Bir övlad olaraq mənim də böyük arzum var. Atamdan qalan çox dəyərli, qiymətli əşyalar, zəngin arxivi mövcuddur. Çox istərdim ki, yubiley ilində Xan Şuşinskinin ev muzeyi açılsın və həmin muzey fondumuzun nəzdində fəaliyyət göstərsin. Bu, mənim ən böyük istəyim və arzumdur. Çünki Xan Şuşinskinin sənəti və şəxsiyyəti, onun zəngin irsi gələcək nəsillərə çatdırılmalı, qorunmalı və yaşadılmalıdır. Ümid edirəm ki, qarşıdan gələn ildə – Xan Şuşinskinin anadan olmasının 125 illik yubileyi və adını daşıyan fondun yaranmasının 15 illiyi münasibətilə – bu zəngin irsi tanıtmaq, yaşatmaq və təbliğ etmək üçün xüsusi bir məkan ayrılacaqdır. Xan Şuşinskinin sənətinə göstərilən böyük dəyər, onun xatirəsinə göstərilən ehtiram bizim üçün böyük şərəfdir.
Mənimlə bu söhbəti aparıb, fikirlərimi dinlədiyiniz üçün də sizə minnətdarlığımı bildirirəm.








Afaq MİRAYİQ,
Musavat.com

Tarix: 18 avqust 2025
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş