Nyu-Yorkda, Londonda, Milanda və ya Parisdə moda həftəsi keçiriləndə yüzlərlə model qazanc dalınca bu şəhərlərə axışır.
Amma çoxu heç bir qəpik də qazana bilməyib əliboş geri dönür.
Anna (ad dəyişdirilib) 17 yaşından model işləyir. Məhşur podiumlarda Prada, Mulberry, Comme des Garcons və digər dünya brendlərinin paltarlarını nümayiş etdirib.
O, artıq üç ildir ki, bu işlə məşğuldur, amma hələ də agentliklərə olan 10 min avroluq borcunu ödəyə bilməyib: "Modelliyə başlayandan borcun içindəyəm".
Moda həftəsindən dönən modellərin bir çoxu qonorarlarını borc ödəməyə sərf edirlər
Annanın müqavilə bağladığı ilk agentlik sınaq çəkilişləri üçün xərclədiyi 790 manatı onun şəxsi hesabına borc kimi qeyd edib.
Sonra kastinq üçün Annanı Londona aparıblar. Bu səfərin yol və qonaqlama xərclərini də hesabına borc olaraq yazıblar. Annanın borcları artmağa başlayıb.
O, nə üçün belə çox borcu olmasının səbəbini belə izah edir: "Məndən sürücü istəyib-istəmədiyimi soruşurdular, amma izah etmirdilər ki, bu, çox bahalı xidmətdir və pulunu özüm ödəməli olacağam".
Əslində bütün model agentlikləri müştərilərinin səfər xərclərini ödəyir və sonra da həmin məbləği geri istəyirlər.
Məsələn, əgər hər hansı model Londondakı moda həftəsinə gedib orda heç bir iş tapmadan geri dönürsə, yol və qonaqlama xərclərini agentliyə ödəmək məcburiyyətindədir.
Anna bu problemlə ilk dəfə 18 yaşında - Nyu-York moda həftəsi çərçivəsindəki kastinqdə iştirak etmək üçün getdiyi Amerika səfərində qarşılaşıb. Ora çatan kimi xəstələnən və buna görə seçimlərin heç birinə qatıla bilməyən Annaya sonrakı işlərinə görə demək olar ki, qonorar verməyiblər - Parisdəki, Londondakı və Nyu-Yorkdakı agentliklər onun qonorarlarını borca siliblər.
Rusiyalı Yekaterina Ojiqanova hesab edir ki, dünyanın ən riskli peşəsində özünə karyera qurmaq istəyən qızların gizli borc problemini həll etmək lazımdır.
Yekaterina Ojiqanova deyir ki, modellər bir-birilərilə qonorar mövzusunu müzakirə etməyi xoşlamırlar
Ojiqanova Parisdə işləyir. O, modellərin hüquqlarını müdafiə edən qeyri-kommersiya xarakterli "Model Law" assosiasiyasını yaradıb və bu, Fransada ilk belə təcrübədir.
O, məqsədini belə izah edir: "Əvvəllər qadağan edilmiş mövzu seksual zorakılıq idi. Amma bu gün seksual istismar barədə az qala hər tində danışılır. Qonorar barədə isə heç kim danışmaq istəmir. Hamı susur".
Model biznesində uğurun əsas göstəricisi yüksək qonorardır, ona görə də qızlar öz aralarında pul söhbətini nadir hallarda müzakirə edirlər.
"Model Law" maliyyə məsələlərini nizama salmaqda onlara kömək edir.
Yekaterina deyir ki, "Əsas problem informasiya qıtlığıdır, modellər onlara nə qədər qonorar verilməli olduğunu bilmirlər".
Bu, daha çox üçüncü dünya ölkələri vətəndaşlarına aiddir, onlara qarşı daha çox haqsızlıq edilir. Hərçənd borc problemi yaşayan modellər arasında Qərbi Avropa və ABŞ vətəndaşları da var.
Ojiqanoova bu işə təzə başlayanların problemlərinə də diqqət çəkir: "İş dalınca varlı ölkəyə gedən bütün işçilər hansı problemlərlə üzləşirlərsə, model biznesində də eyni şeylər baş verir. Üstəlik, dil baryeri problemi də var, qızlar müqavilədə yazılanları başa düşmürlər, görməzə-bilməzə özlərini uçuruma atırlar".
Vəziyyəti mürəkkəbləşdirən həm də odur ki, model biznesinə gündən-günə daha çox qız qoşulur, hamıya iş çatmır, qonorarların məbləği azalır.
Jurnallardakı bəzi fotosessiyalar üçün ümumiyyətlə ödəniş edilmir. Hər hansı moda şousunda iştirak üçün ödənilən qonorar günə 110-2260 manat aralığında dəyişir. Brend məhsulların nümayişində bu məbləğ onminlərə çatır.
Britaniya fotomodellər assosiasiyasının direktoru John Horner-in fikrincə, modellərin borcu klassik mənada borc deyil.
Britaniya fotomodellər assosiasiyasının direktoru John Horner deyir ki, modellərdən bir çoxunun borcu sonda silinir
Onun sözlərinə görə, biznesi tərk etmək qərarına gələn yeni modellərdən borcu geri almağa cəhd göstərilmir, agentlik həmin məbləği öz xərci olaraq silir: "Agentliklər digər sahələrdəki kollektorlar kimi adamları borca görə təqib etmirlər, borcu öz üzərlərinə keçirirlər".
Hornerin "Models 1" agentliyinin balansında 60 min funtluq borc məbləği var. Agentliyin modelləri böyük uğurlar qazanmasalar, bu borc heç vaxt ödənilməyəcək.
Agentliklər aylıq xərclər barədə modellərə hər ay müfəssəl hesab-faktura göndərməlidirlər. Ola bilsin ki, çox vaxt qızlar o kağızları oxumurlar.
Horner deyir ki, məhşurlaşmağı bacaran modellərin çoxu onlara sərf edilən ilk investisiyanı tezliklə ödəyib müstəqil şəkildə qazanc əldə etməyə başlayır.
Esther Kinnear Derungs Londondakı kiçik "Linden Staub" agentliyinin qurucusudur. O, üç il əvvəl fəaliyyətə başlayıb və modellərlə daha yaxşı davranmağa çalışır.
Esther təzə başlayanlara verilən avansın geri istənməsini model biznesi üçün təbii hal sayır.
Esther Kinnear Derungs (sağdakı) hesab edir ki, agentliklər modellərlə bağlı öz üzərlərinə daha çox məsuliyyət götürməlidirlər.
O, agentliklərin bir çoxunun qızlara tullantı materialı kimi baxdığını düşünür: "Yüzlərlə qızı podiuma atıb baxırlar, görək, hansı yapışa biləcək".
Bu işdə ən çox ziyan çəkənlər Şərqi Avropadan gələn qızlardır.
Valideynləri model karyerasının əla şans olduğuna inanaraq qızlarını sevincək xaricə göndərir, işin detallarıyla çox az maraqlanırlar. Qızlarsa o yaşlarda nə karyera qurmağa, nə də öz pullarını idarə etməyə hazır olurlar.
Kinnear Derungs bu işdə gənc modellərə yardımçı olmağa çalışır: "Mən hesab edirəm ki, hardan gəlmələrindən asılı olmayaraq - istər Sibirdən, istər Afrikadan, istərsə də Londondan, - model sənətini qızlara öyrətmək bizim borcumuzdur".
Kendis (ad dəyişdirilib) - Şərqi Afrika mənşəli fransız modeldir. O deyir ki, karyerasının ilk dönəmində ondan yol və qonaqlama xərclərinin geri tələb olunacağı heç ağlına da gəlməyib: "Ancaq ilk müqavilə bağlanandan sonra bilirsən ki, bütün bunlar müftə deyil. Sən maaşını soruşursan, cavab verirlər ki, maaş yoxdur, çünki sənin borcun var".
Kendis etiraf edir ki, nəticə etibarilə borc yükü agentliyin boynunda qalır, amma borclu olmaları çalışdıqları dönəmdə qızlara ciddi stres yaşadır: "Yeni moda həftəsinə getmək geriyə yeni borclarla qayıtmaq riski deməkdir. Gedənlərin 40 faizi, bəlkə də daha çoxu iş tapmadan geri dönür. Stres də burdan yaranır".\\BBC