Səhər yeməyi günün ən vacib qidalarından hesab olunur. Onun qəbul edilməsi bədənə enerji verir, uzun müddət aclıqdan sonra düşən qan şəkərinin səviyyəsini yüksəldərək günə fəal və gümrah başlamağı təmin edir.
AZƏRTAC həkim və diyetoloqlara istinadla xəbər verir ki, yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi qəbul edilməlidir, çünki gecə 10-12 saat ac qalan orqanizmin qidaya tələbatı artır.
Səhər açılan süfrə bol çeşidli qidalarla, tərkibi vitamin və proteinlərlə zəngin olmalıdır. Sabah yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər məsləhət görülür. Kərə yağı və zeytun da səhər yeməyi üçün faydalı ərzaqlardır. Səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyur, əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olur. Səhər yeməyindən imtina artıq çəkinin yaranmasına şərait yaradır. Belə ki, insan yuxuya gedəndə maddələr mübadiləsi də yatır və yemək yeməyənə qədər oyanmır. Ona görə də səhər yeməyindən imtina etdikdə orqanizm naharadək daha az kalori yandırır.
Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırmaqla yanaşı diqqəti toplamağa və eşitdiklərini yadda saxlamağa kömək edir. Ürəyin fəaliyyətinə müsbət təsir göstərir, aclıq hissinin qarşısını alır. Mütəxəssislərin fikrincə, gün boyu enerjili, sağlam və gümrah olmaq üçün səhərlər yemək yemədən evdən çıxmaq olmaz.