Kəlbəcərdə “2 min ildir yaşayan” mülki işğalçılar elektrik stansiyasını da yandırır - VİDEO
Kəlbəcərdən çıxmağa hazırlaşan erməni mülki işğalçılarının qalıqları onlara verilmiş əlavə müddətdən istifadə edərək daha geniş talançılıq və barbarlıq əməlləri törətməkdədir. İndi onlar əllərinə keçəni daşıyıb aparmaq, 27 il əvvəl qovduqları azərbaycanlılara məxsus olan və qanunsuz məskunlaşdıqları evləri yandırmaq, infrastrukturu dağtmaq üçün həmin müddətdən istifadə etməkdədirlər.
Xatırladaq ki, noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən Ermənistan işğalçı qüvvələrini Kəlbəcəri noyabrın 15-də Azərbaycanın nəzarətinə qaytarmalı idi. Lakin erməni tərəfi Rusiya vasitəsilə bu müddətin 10 gün uzadılmasını xahiş etdi. Azərbaycan tərəfi isə humanizm nümayiş etdirərək onlara əlavə vaxt verdi. Və həmin əlavə vaxt Kəlbəcərdə məskunlaşmış mülki işğalçılar üçün talançılıq və barbarlıq məqsədi ilə istifadə edilir.
Müharibə başlayandan bəri Qarabağda, ermənilərin nəzarəti altında olan ərazilərdə dolaşan və “müharibədən bərk əziyyət çəkən məzlum ermənilər” barədə reportajar hazırlayan amerikalı videobloqer Patrik Lankaster Kəlbəcərdə mülki işğalçıların kiçik elektrik stansiyasını necə yandırdığını lentə alıb. Onun reportajında deyilir ki, elektrik stansiyasının avadanlıqlarını, generatorlarını artıq söküb daşıyıblar. Və qalanına od vurublar.
Bloqer yanmaqda olan kiçik su elektrik stansiyasının qarşısında iki erməni ilə söhbətləşir. Maraqlıdır ki, həmin ermənilər sifətlərini kameradan gizlədirlər, amma sifətində idiotsayağı ifadə ilə onları dinləyən amerikalı bloqerə həvəslə Kəlbəcərin “qədim erməni torpağı” olduğu haqda danışırlar.
“Azərbaycan bizdən nə istəyir? Bura qədim erməni torpaqlarıdır. 2 min ildir biz bu torpaqlarda yaşayırıq”,-onlardan biri deyir.
Amerikalı bloqer onların dediyini başı ilə təsdiqləyir. “Təkcə Dadivəng monastrının (Kəlbəcər ərazisindəki Xudavənd monastrı”) 2 min il yaşı var”,-erməni Kəlbəcərin “qədim erməni torpaqları olduğuna” dair daha bir “tarix faktı” açıqlayır.
Daha sonra deyir ki, əvvəlcə onlara Kəlbəcərdən çıxmaq üçün noyabrın 15-nə qədər vaxt vermişdilər. Və həmin tarixə qədər burada yaşayanların çoxu “öz evlərini” yandırıb gedirdilər. İndi isə vaxt uzadılıb və proses səngiyib. Həmin erməni Kəlbəcərdə qanunsuz məskunlaşan işğalçıların “təxminən 20 faizinin” evləri yandırıb getdiyini deyir.
Qeyd edək ki, Azərbaycan dövləti Ermənistanın 28 ilə yaxındır işğal altında saxladığı və ordumuzun azad etdiyi ərazilərdə, o cümlədən Kəlbəcərdə beynəlxalq mütəxəssisləri də cəlb etməklə audit aparacaq. Və vurulan zərərin həcmini müəyyən edərək daha sonra Ermənistan dövlətinə qarşı təzminat iddiası qaldıracaq. \\Virtual.org