Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Gender.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.
Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.
Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.