Donbas separatçılarının liderlərindən Denis Puşilin açıqlama verərək, atəşkəs xəttində vəziyyətin gərgin olduğunu, guya Ukrayna ordusunun təxribatlara hazırlaşdığını iddia edib. Həqiqətən atəşkəs xəttində partlayışın baş verdiyinə dair xəbərlər yayılır. Təxribat hazırlanır.
Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna gərginliyi ilə bağlı ən son məlumatlara münasibətində qeyd edib.
O bildirib ki, sanki Birinci Dünya Müharibəsinin astanasındayıq:
“O zaman da böyük dövlətlər bir-birlərini hədəf seçərək atəşi birinci kimin açacağını gözləyirdilər. Serb millətçisi Qavrilo Prinsipin 1914-cü ildə Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandı öldürməsiylə düyməyə basıldı, on milyonların ölümünə səbəb olan müharibə başladı”.
Politoloq onu da xatırladıb ki, Vladimir Putin də daxil olmaqla, rusiyalı rəsmilər rəqib saydıqları ABŞ və NATO haqqında danışarkən, adətən “tərəfdaşlarımız” ifadəsindən istifadə edirlər:
“Bununla göstərmək istəyirlər ki, diplomatik etiketə uyğun danışırlar. Ancaq son zamanlar rusiyalı rəsmilər və əsasən də xarici işlər naziri Sergey Lavrov “anqlo-sakslar” ifadəsindən istifadə etməyə başlayıb. Bu ifadə ilə Kreml demək istəyir ki, Rusiya-Ukrayna gərginliyini hazırlayanlar London və Vaşinqtondadırlar”. \\Nocomment.az