MİLLİ QƏHRƏMAN ADINDAN MƏHRUM EDİLƏN RASİM ƏKBƏROV BIÇAQLANDI – Hadisə Goranboydakı çayxanalardan birində baş verib
Goranboy sakinini bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Gender.az-a verilən məlumata görə, keçmiş Milli Qəhrəman Rasim Əkbərovu bıçaqlayan şəxs Xaliq Məmmədov saxlanılıb.
O, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb, ilkin dindirilmə zamanı R.Əkbərova 5-6 bıçaq zərbəsi vurduğunu deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Əkbərov Rasim Ağa oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Ancaq sonralar dövlət çevrilişinə cəhddə günahlandırılaraq 15 illik həbs cəzası alan R.Əkbərovun bu fəxri adı da ləğv olunub. Belə ki, Azərbaycan Prezidentinin 18 iyul 2001-ci il tarixli 537 saylı fərmanı ilə R.Əkbərov “Azərbaycanın Milli Qəhrəmanı” adından və “Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
***
Goranboy rayonunda orta yaşlı kişi bıçaq xəsarəti alıb.
Bu hadisə Goranboy şəhərində qeydə alınıb. Bıçaq xəsarəti alan orta yaşlı kişi, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Bıçaqlanan şəxsin 1956-cı il təvəllüdlü Rasim Ağa oğlu Əkbərov olduğu deyilir.
Rasim Əkbərovu bıçaqlamaqda şübhəli bilinən Xaliq Məmmədov saxlanılıb. Saxlanılan ifadəsində bildirib ki, Rasim Əkbərovu yaxını olan bir qıza söz atdığı üçün bıçaqlayıb.
Qeyd edək ki, 5-6 bıçaq xəsarəti alan Rasim Əkbərov Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri və Azərbaycanın Milli Qəhrəmanı olub. O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub. \\Report