"Albert Rıji” ləqəbli "qanuni oğru” Əli Heydərovu öldürməkdə şübhəli bilinən Mətləb Sultanovun bunu pul müqəbilində etdiyi məlum olub.
Bu barədə Rusiyanın Ren TV kanalı məlumat yayıb.
Saxlanılan vaxt açıqlama verən M.Sultanov "Albert Rıji”ni sifariş əsasında öldürmədiyini bildirib. O, qətli törətməyin ilkin səbəbi kimi kriminal avtoritetin ona söyüş söyməsini göstərib.
Lakin telekanalın verdiyi məlumata əsasən, Əli Heydərovun qətli üçün Mətləbə 1.5 milyon rubl (təxminən 34 min manat) verilib. O, bu vəsaitlə Albertin yaşadığı "Al yelkənlər” yaşayış kompleksində mənzil kirayələyib, özü və rəfiqəsini binadakı idman zalına yazdırıb. Həmçinin, qatil cinayətdən sonra gizlənmək üçün ehtiyat mənzil də kirayələyib və elə həmin mənzildə də saxlanılıb.
"112” "Telegram” kanalının məlumatına görə qatil mərhumu bir il ərzində izləyib və şifarişçilərdən əmr gözləyərək uyğun anı seçib.
O, bu müddət ərzində şəxsi həyatına da vaxt ayırmağı unutmayıb. Belə ki, Əli Heydərovla eyni binada qalan Mətləb həmin mənzildə yaxın münasibətlərdə olduğu xanımla birlikdə yaşayıb. Qadın Sultanovun əslində kim olduğunu bilməyib. Mətləb özünü ona iş adamı kimi təqdim edib. Hazırda xanımın hamilə olduğu bildirilib. \\Sfera.az