Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Xalq artisti VƏFAT ETDİ

 
Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.
Gender.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.
O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: "Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi".
Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb.
Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.
Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb.
Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.
Əjdər Həmidov 2002-ci ildə Əməkdar Artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.

 
Tarix: 24 noyabr 2020
Baxış: 357

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş