Elçin Quliyev yola salınır: Dövlət Sərhəd Xidmətində nə baş verir? – İLGİNC GƏLİŞMƏ
Dünən saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçıb. Lakin həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 3 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.
Maraqlıdır, hadisənin baş vermə səbəbini nə ilə izah etmək olar? Keçmiş Sovet ordusunda “dedovşina” faktları mövcud olmuşdu. Bəs Azərbaycan Ordusunda bənzər faktlara rast gəlinib?
Gender.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, indi deyəcəyimiz hər bir söz istintaqa təsir edə bilər: “İstənilən halda, burada bir çox versiya ola bilər, amma onların səsləndirilməsi istintaqa təsir kimi dəyərləndirilə bilər. Ona görə də hüquq-mühafizə orqanlarına imkan vermək lazımdır ki, hadisəni araşdırsınlar və şübhəli bilinən şəxsin izahatını alsınlar. Sadəcə bundan sonra nə isə demək olar.
Bununla yanaşı, mənim də oğlum Dövlət Sərhəd Xidmətində xidmət edir. Ümumiyyətlə, indiyə qədər orada “dedovşina” faktlarına rast gəlməmişəm. Lakin istənilən halda bu istintaqın vəzifəsidir. Araşdırmaların nəticəsindən sonra hadisənin baş vermə səbəbləri barədə fikir yürütmək olar. Hesab edirəm ki, Dövlət Sərhəd Xidmətində hadisəni araşdırmaq və bunun gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün kifayət qədər imkan potensialı mövcuddur”.
Xatırladaq ki, 2021-ci ilin noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.