Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
“Azərbaycan həftəlik cinsi əlaqə sayı kəskin şəkildə aşağı düşüb” – Vasif İsmayılla MÜSAHİBƏ

Tanınmış uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Sfera.az-a müsahibə verib.
 
Müsahibəni təqdim edirik:
- Vasif müəllim, öncə müsahibəyə müzakirəsi gündəmdən düşməyən mövzu ilə giriş edək – COVİD- 19. Bilirsiniz, "Omicron” ştamı bir çox ölkələrdə aşkarlanıb və bununla bağlı dünyada ikili tendensiya mövcuddur – fövqəladə hal elan edib həyəcan təbili çalanlar; yeni növün elə də təhlükəli olmadığını, bunun pandemiyanın sonu olacağını deyənlər. Sizin düşüncəniz necədir?
- İndiyə qədər "Omicron” ştamı haqqında çox təbil çalındı. Artıq 3 həftədən çoxdur ki, dünyada bu, ciddi şəkildə öyrənilir, statistikasını bilirik. İndiyə qədər yeni varianta görə ölüm sayı az olsa da, yoluxma sayı çoxdur. Bu mövzuda qeyd etdiyiniz tərəflərin hər ikisi də haqlıdırlar. Fövqəladə vəziyyət elan edənlər "Omicron” yoluxma sayını artırarsa, xəstəxanalara ciddi yük düşəcəyiynin fərqindədirlər. Bu isə xərcdir, resursdur. Məsələn, Azərbaycan bu dəqiqə aktiv yoluxmuş 60 minə yaxın insana stasionar xidmət göstərməyə qadirdir. Amma "Omicron” ştamı ölkəmizdə yayılaraq aktiv yoluxmuş insanların sayını 120 minə çatdırsa, nə edəcəyik? Hər kəs tibbi yardım ala bilməyəcək. O zaman xəstələrin bəziləri öz ümidlərinə qalacaqlar. Bu, əlbəttə ki, problemdir. Ona görə də məsələni ciddiyə almaq lazımdır. Ölüm nisbətinin aşağı olması isə yaxşı xəbərdir. Əgər bir virusun çox da öldürücü olmayan forması yayılırsa, öldürücü formalarının arealı azalır. Bu baxımdan bəzi alimlər "Omicron”u pandemiyanın sonunu gətirəcək hadisə kimi qiymətləndirirlər. Düzdür, pandemiya yenə davam edəcək, lakin bu ölüm səviyyələrində olmayacaq. Məsələni ciddiyə almaq lazımdır, amma qorxmaq lazım deyil.
- Cəmiyyətimizdə adətən böyük olaylar olanda  "Əşi, masonların işidir, boş şeydir” deyilir. Necə ki, pandemiya zamanı da bu müşahidə edildi. Əksəriyyət baş verənlərin Çində yarasa yeyən bir nəfərə görə olduğuna inanmır. Bəs siz, tibb sahəsinin nümayəndəsi və eyni zamanda da bir fərd olaraq nə düşünürsünüz? 
- Bilirsiniz, bunun masonlar və ya hansısa laboratoriyanın səhvi nəticəsində olması əlbəttə ki, maraqlıdır, amma heç nəyi dəyişmir. Bu məsələ var və sən bununla hesablaşmaq məcburiyyətindəsən. Ümumiyyətlə, masonların işi olmadığını dəqiq bilirəm, çünki bu şəhər əfsanəsidir. Amma ola bilər ki, koronavirus hansısa laboratoriyada iş apararkən qəza nəticəsində kənara yayılsın. Bu məsələləri araşdıracaq müəyyən qurumlar var. Mənim üçün bu dəqiqə nə vacibdir? Pandemiya var və tədbirlərimi almalıyam. Ona görə də sadə vətəndaşlarımızı bu məcraya dəvət edirəm.
- Vasif müəllim, siz publik şəxs, öz sahəsinin peşəkarı kimi simpatiya qazanan birisiniz, haqqınızda demək olar ki, ancaq müsbət rəylərlə rastlaşırıq. Digər tərəfdən  "Savadlı həkimdir, yaxşı insandır, heyf ateistdir” kimi düşüncələrlə də qarşılaşmışıq. Pasientləriniz bu və bu qəlibdən olan bir sıra məsələlərə görə sizdən imtina ediblərmi və ya irad bildiriblərmi?
- Xeyr. Heç bir pasientimə bu təsir göstərməyib. Olub ki, 1-2 dostum və ya məni tanımayan insanların  haqqımdakı fikirləri dəyişib. Amma Azərbaycanda bununla əlaqədar heç bir problem hiss etməmişəm, gələcəkdə də bu cür problemin olacağını düşünmürəm. Hər kəsin inanc azadlığı var, mən də bu məsələyə oxuyaraq, öyrənərək gəlib çatmışam. Bu mövzu ətrafında təzyiqi Amerikada hiss etmişəm, nəinki burada. O ölkədə bunu çox açıq şəkildə dilə gətirə bilməzsən, hər hansı bir insanın bununla bağlı irad göstərməsi mümkündür.
- Son günlərin daha çox müzakirə obyektinə çevrilmiş məsələyə toxunmaq istəyirəm. 2009-2014-cü illərlə müqayisədə, 2015-2020-ci illərdə  Azərbaycanda doğum sayı azalıb. Bunun səbəblərini sadalayarkən sonsuzluq məsələsi də vurğulanır. Amma son zamanlar problemin qadınlardan çox kişilərdən qaynaqlandığı bildirilir. Əslində vəziyyət necədir? 
- Kişi sonsuzluğu Azərbaycan üzrə əslində o qədər də artmayıb, əvvəl necə idisə, indi də o şəkildədir. Eyni zamanda ölkədə doğum sayının azalmasında kişi sonsuzluğunun heç bir rolu yoxdur. Azərbaycanda ailələr çox uşaq sahibi olmaq istəmirlər. Doğum nisbətinin azalmasındakı günahkar "İnstagram”dır. İnsanlar "İnstagram” və buna bənzər sosial şəbəkələrdə müəyyən modelləri izləməklə çox vaxt keçirirlər. Necə deyərlər, mən bulağın başında durmuşam, camaat su içməyə bura gəlir. Yəni ailələrlə söhbət edirəm və görürəm ki, ər-arvad hərəsi otağın bir tərəfində "İnstagram”da öz hesablarında sevdikləri insanlara baxırlar, orada yaşayırlar. Nəticədə bir-birilərinə qarşı maraqları ölür.
- Doğum sayının azalması demişkən, bu yaxınlarda "Tesla” və "SpeysX” şirkətlərinin sahibi İlon Mask da bununla bağlı həyəcan təbili çalmışdı və "əgər insanlar daha çox uşaq sahibi olmasa, mədəniyyət çökəcək” deyərək 6 uşaq sahibi kimi özünü nümunə göstərmişdi.  Siz də 6 övlad sahibisiniz. Bu baxımdan iş adamının düşüncələri ilə razısınızmı? Çoxuşaqlılıq vacibdirmi?
- Məncə vacibdir. Bu günlərdə gənc insanlarla söhbətimiz olmuşdu, gördüm ki, onlar çox övlad sahibi olmaq istəmirlər, gəzib-tozmaq arzuları var. Mən bunu onların cavanlığına verirəm. 20 yaşındakı insan  nə fikirləşər? Gəzib-tozmaq istəyər də, onu zorla evləndirmək və ya ərə vermək lazım deyil. Ancaq gənclər xüsusilə 25 yaşdan aşağı olanlar qərar verməkdə tələsməsinlər. Yaş və zaman çox şeyi dəyişdirəcək. Düzdür, mən əvvəldən fitrətən bilirdim ki, çox övlad sahibi olmaq istəyəcəm, amma ətrafımda o qədər insan görmüşəm ki, "övlad nəyə lazımdır?” deyib, sonradan bunun lazım olduğunu hiss edib. Çoxuşaqlı ailədə böyümək uşaqların psixologiyasına yaxşı təsir göstərir. Sözsüz ki, əgər sizin maddi imkanınız normal deyilsə, 2-3-dən artıq övlad sahibi olmağınız məsləhət deyil. Lakin imkanınız varsa, niyə bu işdən əl çəkəsiniz ki? Kəmiyyət artanda cəmiyyəti təşkile dən insanlar özlərini daha yaxşı hiss edirlər. Deyə bilərsiniz ki, almanların, italyanların sayı artmır, amma cəmiyyət çox yaxşı yaşayır. Onlar uzun müddət bir-birilərini qırdılar, milyonlarla insan həlak oldu. Bizim kimi yox - erməni-müsəlman davasında 30-40 min insan qırılıb, amma Almaniya, Fransa elə bu qədər vaxta artıq 50 milyonu keçmişdilər. Onlar cəmiyyət itkisinin öhdəsindən gəldilər və rahat cəmiyyət qurdular. Bir cəmiyyət rahat yaşamaq istəyirsə, bu, onun çöküşünə başlaması deməkdir və İlon Mask da bunu demək istəyir, mən də bu fikirlə razıyam. Biz fransız, italyan, alman cəmiyyəti deyilik, hələ yolun başındayıq. Ona görə də əhali sayını, keyfiyyətli insan sayını artırmaq çox vacibdir. Azərbaycanda bunun üçün ağıllı şəkildə fikirləşib müəyyən dövlət proqramları, qrantlar təşkil etmək lazımdır ki, insanlar daha çox övlad sahibi olmağa həvəsli olsunlar. O cümlədən bu məsələyə uşaq pulu da daxildir, amma bu, ən sadə formadır. Bu gün Azərbaycanda qadın başına düşən doğum sayı 2-dən yuxarı olmalıdır, lakin hazırda bu rəqəm 1,6-dır. Bu isə o deməkdir ki, azərbaycanlıların sayı yaxın 10-15 il ərzində azala, bu isə yaşadığımız coğrafiyada bizim üçün ölümcül ola bilər. 

- Bayaq bir-birilərinə qarşı maraqları ölən cütlüklərdən söz açdınız. Cəmiyyətdə həm də intim həyat, onun müzakirəsi, problem yarandığı halda həkimə müraciətdən çəkinmək kimi hallarla da az qarşılaşmırıq. Nəticə isə, ya boşanma olur, ya da xəyanət. 
- Bu məsələ ətrafında artıq ailələrin açıq danışmaq, açıq olma halları artıb. Bu yaxşıdır, amma problem həll olunmur. Problem ictimaidir, cəmiyyətimiz dəyişir, bir az daha virtual reallığa girir. Bəlkə uroloq olduğum üçün mənə belə gəlir, çünki daha çox kişilər müraciət edir. Sözün açığı, mən Azərbaycan kişilərinin daha da tənbəlləşdiyini görürəm. Yəni  müəyyən obrazlara baxmaq , onları arzulamaq daha çox zövq verir, nəinki, konkret, real iş görmək. Hətta ona desən ki, obrazda gördüyün qadının dalınca gedərsənmi, "hə, hə” deyib getməyəcək. İnsanlar o dərəcədə tənbəlləşiblər. Həftəlik cinsi əlaqə sayı kəskin şəkildə aşağı düşüb. Əvvəllər belə deyildi. Burada sosial şəbəkələrin, mobil internetin çox ciddi rolu var. Məsələn, mən həqiqətən övlad sahibi olmaq istəyən insanlara, hansı ki, hər şeyi yoxlayırsan, təhlillər normaldır, o şəxslərə son təklif kimi ucqar dağ kəndinə gedib işıqsız evdə yaşamağı məsləhət görürəm – 1-2 ay. İnanırsınız, neçə ailə elə uşaq sahibi olub. Ondan sonra artıq gəlib ikinci və ya üçüncü uşaq üçün həkim-həkim gəzməyiblər. Uşaq sahibi olmaq üçün nə etmək lazımdır? Münasibətdə olmaq. Əgər sən ayda bir dəfə münasibətdə olursansa, necə uşaq sahibi ola bilərsən? İnsanlar bu fikrə qarşı gəlirlər, düşünürlər ki, qadına bir dəfə yaxınlaşdınsa, həmin saat hamilə qalacaq. Xeyr! Həftədə heç olmasa 3 dəfə münasibətdə olmaq lazımdır. Amma insanlar bu cür etmir, ayda üç dəfə etsələr yaxşıdır. Mən cavan ailələrdən danışıram.
- Sosial şəbəkələri vurğuladınız, amma bu artıq həyatımızın bir hissəsidir və bundan sonra da geniş hissəni əhatə edəcək. O zaman qeyd etdiyiniz problemlər getdikcə artacaqmı? Yaxud sosial şəbəkələrə rəğmən, problemin qarşısını almaq mümkündürmü?
- Əlbəttə mümkündür. Bu da bir fenomendir və bununla yaşamağı öyrənmək lazımdır. Sosial şəbəkələri qadağan edək və ya qarşısını alaq kimi şeylər demirəm ki… Sadəcə bunu nəzərə almaq və bilmək lazımdır ki, sən bir dəfə, iki dəfə həkimə getdin, parametrlərin normaya yaxındırsa, övlad sahibi ola bilmirsənsə, demək, cinsi əlaqə sayını artırmalısan. Bu mənada cinsi maariflənmə olmalıdır. Baxın, sosial şəbəkələr bu mövzuda əngəldir dedim, elə deyilmi? Amma eyni zamanda müsbət tərəfləri də var. Bu gün "Youtube” platformasında, "Telegram”da çox ciddi cinsi maarifləndirmə kanalları mövcuddur, onları izləyə bilərlər. Azərbaycan dilində məzmun azdır, mən indi əlimdən gələni etməyə çalışdım. Amma hamı Vasif İsmayıl kimi olacaq demək deyil ki. Digər insanlar da bu işə əl qoymalıdırlar və qoyurlar da. İnsanlar əgər dil bilirsə, xüsusilə rus, ingilis dilini – sosial şəbəkələrdə cinsi maarifləndirmə üçün məlumatlar tapmaq olar. Sosial şəbəkələri belə şeylər üçün istifadə etsinlər. Əsas odur ki, tənbəllik etməsinlər.
- Cinsi istəksizliyə səbəb olan faktorlardan biri kimi sosial şəbəkələri vurğuladınız. Başqa hansı amillər sadalana bilər?

- Birinci növbədə qayğı. Bu gün ictimaiyyətdə qayğı artıb. Əlbəttə ki, 18-21 yaşındakı insanlar üçün birinci növbədə partnyor tapmaqdır – ailəyə baxmırlar, yaxşı halda ya tələbədirlər, ya da oxumaqla  məşğuldurlar. Amma sən artıq müəyyən yaşa çatandan sonra, cəmiyyət, ailə səndən işləmək, qazanc tələb edir, bu özü sənə əlavə yük gətirir, getdikcə qayğıların artır. Qayğılar artdıqca cinsi istək əvvəl ikinci, sonra üçüncü, dördüncü , on beşinci, yetmiş beşinci sıraya düşür. Problemlər olur, istəklərlə əldəki imkanlar üst-üstə düşmür. Ən çox müşahidə etdiyim səbəb budur.
- Cinsi istəksizlikdə söz açdıq, bəs cinsi əlaqənin çox olması necə? Hansısa xəstəliklərə səbəb ola bilərmi?
Keçid
Hədiyyəniz Optimalda
- Bu yaxşıdır. Cinsi orqanizm bu iş üçün onsuz da müəyyən məhdudiyyət qoyub, sən istəsən də, o məhdudiyyətin üstünə çıxa bilməyəcəksən. Bu məhdudiyyəti ortadan qaldıran bəzi dərmanlar var, amma onlar qadağan olunublar. Cinsi əlaqənin çox olmasının faydası varmı? Bəli. Ümumiyyətlə cinsi münasibət, xüsusilə orqazmla sonlanan cinsi münasibət insanın xoşbəxtliyə, həyat fəaliyyətinə və iş bacarığına ciddi müsbət bonus verir. Ona görə də bunu nə qədər çox bacarırsınızsa, edə bilərsiniz. Bundan ötrü kişi çox da əziyyət çəkməz, amma bəlkə qadın tərəfi  problem yaşaya bilər. Lakin həkimlər də bunun üçün var, problemi ortadan qaldırmaq mümkündür.
- Vasif müəllim, necə düşünürsünüz, cinsi tələbat xəyanətə haqq qazandıra bilərmi?
- Bu, hər kəsin özünə görə verəcəyi qərardır. Xəyanətlə bağlı mənim öz fikrim var və bunu başqalarına təlqin etmək düşüncəm yoxdur. Buna insanlar özləri qərar versinlər. Amma bunu əsas gətirmək mənasız bəhanədir. Sən partnyorunla anlaşmısansa, bu başqa məsələ. Lakin dediyim kimi hər kəsin öz işidir.
- Adətən kişilərdə rast gəlinən belə bir sindrom var - həyat yoldaşları ana olandan sonra onunla daha əvvəlki kimi münasibətdə ola bilmirlər. Psixoloji faktorlar da var təbii ki. Amma bioloji tərəfi maraqlıdır, bu, nədən irəli gəlir?
- Bunun bioloji izahı var və isbat da olunub. Amma çox izah etməyəcəm, çünki ötən dəfə bunun haqqında müsahibə verəndə danışdım və dediklərimi əleyhimə istifadə etdilər, ailəmdə də problemlər oldu. Hətta yoldaşım dedi ki, söyülməkdən xoşun gəlir. Lakin mən qeyri-etik bir şey söyləməmişdim. Sadəcə jurnalist sferası, bəzi bloqqerlər sensasiya yaratmaq üçün bundan istifadə etdilər. Bu baxımdan bioloji tərəfini izah etməyəcəm. Bəli, bu cür fakt var və xəstəlik deyil. Dərmanla düzələn bir şey də deyil. Bu, bildiyiniz adi biologiyadır, öhdəsindən də gəlmək olar. Amma inciməsinlər, bu məlumatı ya mən özüm istədiyim şəkildə verəcəm, ya da verməyəcəm. 
- Əsas odur ki, həkimə müraciət edib problemin öhdəsindən gəlmək olar…
- Heç həkimə də müraciət etmək lazım deyil. Psixoloq da məsələni həll edə bilər. Əslində bunu normal bir adamdan dinləsələr, çox rahat öhdəsindən gəlmək mümkündür, təbii hadisədir. Bilirsiniz, Azərbaycanda sözdə hər şeyin təbiisini sevirlər, ancaq həqiqətə gələndə xoşları gəlmir. İnsan həyatında təbii olan bir çox istəklər var, amma mədəni kodlarımız buna əngəl törədir. Mədəniyyətimiz bəzən müəyyən təbii vəziyyətimizdən uzaqlaşmağı tələb edir, biz buna əməl edirik. 
- Cəmiyyətdə hələ də mübahisə yaradan mövzulardan biri sünnət məsələdir. Bu istiqamətdə sizin də fikriniz maraqlı olardı, sünnət dini ritualdır, yoxsa tibbi ehtiyac? 
- Sünnət haqqında əslində cəmiyyətə kifayət qədər məlumat vermişəm. Sünnətin tibbi faydaları var, bəli. Dini ritualdırmı? Bəli elədir. Sünnət birmənalı olaraq, müəyyən infeksion xəstəliklərdən qoruyur. Müasir dünya infeksion xəstəliklərdən çoxmu əziyyət çəkir? Yox. Əvvəllər əziyyət çəkirdimi? Bəli. Məsələn, 218-ci ildə Qafqazda yaşayan bir adam olsaydınız və sünnətsiz olsaydınız, əlbəttə, ciddi problemləriniz olardı. Amma siz bu gün 2021-ci ildə Qafqazda yaşayan bir insansınız, sünnət olunmasanız bir şey olarmı? Xeyr. Çünki müasir diaqnostika, dərmanlar var. Tibbi cəhətdən sünnətin faydaları olsa da, zərərləri də var axı, nə də olsa, bir əməliyyatdır. Əvvəllər – tutaq ki, 2 min il qabaq – sünnətin faydası ilə ziyanını tərəziyə qoyanda faydası daha ağır gəlirdi. Amma indiki dövrdə zərərləri daha çoxdur. Hər kəs öz şəxsi qərarı ilə bunu etməlidir. Doğrudur, biz kiçik uşaqlarla bağlı sual vermirik, bu da etik problemdir. Bu problemi hər kəs özünə görə cəmiyyətlə birlikdə həll etsin. Mən özümə görə həll etmişəm. Bilirsiniz, sünnət kütləvi hadisədir. Burada qəza yarana bilir, ziyan çəkən uşaqlar olur. Statistik olaraq baxsaq, bu gün sünnətin ziyanı faydasından çoxdur. 
- Vasif müəllim, siz deputat seçkilərinə namizədliyini vermişdiniz və bu yaxınlarda parlamentin boş qalan yerlərinə seçkilərin keçirilməsi yenidən müzakirə obyektinə çevrildi. Hətta bəzi şəxslər artıq namizədliyini verəcəkləri ilə bağlı açıqlamalar veriblər. Bəs sizin belə bir fikriniz varmı?
- Mənim boş qalan yerlərə namizədliyimi vermək fikrim yoxdur.  Deputat olmaq üçün hardan olur-olsun namizədliyi vermək doğru deyil. Mən hansısa bir qrupu təmsil etməliyəm. Düzdür, Azərbaycan çapında bir siyasətçi olmaq da var, amma mənim çəkim o qədər deyil. Məsələn, mən Bakıda işlədiyim yaxud yaşadığım, doğulduğum, böyüdüyüm yerin qrupunu təmsil edə bilərəm və s. Lakin sırf deputat olmaq üçün o dairə sənin, bu dairə mənim şəklində davranmaq mənə görə deyil. İkinci tərəfdən isə, boş qalan dairələrin demək olar ki, hamısında hansısa bir dostum öz namizdəliyini verir. Mən niyə Milli Məclisə düşmək hirsinə görə o insanların əsəbləri ilə oynayım ki? Onların əsəbləri mənim üçün parlamentdəki "kreslo”dan daha önəmlidir.
- Ötən deputat seçkiləri  zamanı Sumqayıt şəhəri 41 saylı 1-ci seçki dairəsindən namizədliyinizi irəli sürmüşdünüz. Maraqlıdır ki, sizin əvəzinizə seçilən şəxsin – Hicran Hüseynovanın fəaliyyətini izləyirsinizmi? 
- İzləmirəm. Çünki o xanımın fəaliyyət şəklinin biz illərlə şahidi olmuşuq, yəni fəaliyyətsizlik. Problem çox ortaya çıxanda, nəsə hərəkət edər. Mən o xanımın ailəsini də tanıyıram, Sumqayıt o qədər də böyük yer deyil. Xanımın tərzi budur. Yaxşıdır, pisdir buna qoy insanlar, rəhbərlik qərar versin. Buna görə onunla hər hansı polemikaya girəcək biri deyiləm, çünki xətir-hörmət saxlamaq bizə düşər. Hörməti pozacaq bir iş görməyib, eynilə mən də bunu edəcək hər hansı bir şey etməyəcəm.
- Bəs hazırda siyasi fəaliyyətiniz varmı? 
-  Bu gün praktik olaraq heç bir partiyaya üzvlüyüm yoxdur. Yeni Azərbaycan Partiyasının üzvü olmuşam, əslində məni oradan çıxarmayıblar, sadəcə üzvlük haqqı vermirəm, mənlə də maraqlanmırlar. Böyük ehtimalla siyahılarında heç yoxam. Sözün açığı, bu dəqiqə hansısa partiya üzvü olmaq mənə prioritet məsələ kimi görünmür. Əgər gələcəkdə proporsional seçki sistemi olarsa, əlbəttə, partiya seçmək məcburiyyətində qalacağıq. O da hər hansı partiya deyil, mənim ideologiyama uyğun olmalıdır, bu isə çox deyil. 

SÖHBƏTLƏŞDİ: Günay Rəsulqızı


Tarix: 23 dekabr 2021
Baxış: 218

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş