Bu gün məşhur yazıçı Çingiz Abdullayev maraqlı açıqlaması ilə gündəmə gəlib.
Yazıçı Qurani-Kərimdə və hədislərdə kişiyə 4 dəfə evlənməyə, 400 qadın saxlamasına icazə verildiyini bildirib:"Quranda da, hədislərdə də yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. 35 ildə 1 dəfə evlənmişəm, bununla da bitib. Qadına icazə verilmir 4 ər saxlamağa, kişilərə isə icazə verilir. Pis ya yaxşı tarixdə bu belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onları qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək indi bu belədir də”.
Mövzu ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirən ilahiyyatçı Elşad Miri dində qeyd olunan çoxevlilikdən danışıb. O, qeyd edib ki, insan evlənərkən bunun məsuliyyətini dərk etməlidir: "Çingiz Abdullayev bundan əvvəl də cənnət və cəhənnəm məsələsini gündəmə gətirmişdi, cəhənnəmdə olmağı daha üstün tutuduğunu bildirmişdi. Qurandan danışarkən bir ayəni qəbul edib, digərini qəbul etməmək İslami bir yanaşma deyil. Çingiz müəllim o zaman, cənnət-cəhənnəm məsələsinə də eyni prizmadan yanaşmalıdır. Qurani-Kərimdə sadəcə olaraq, ikinci, üçüncü qadın evliliyi məsələsinin qadağan edilmədiyi qeyd edilir. Qurani-Kərim bir qadınla evliliyin məsləhətə uyğun olduğunu tövsiyyə edir. Həm də İslam dinində katoliklərdə olduğu kimi evlənəndən sonra boşanmaq qadağandır deyə bir prinsip yoxdur. Əsas odur ki, insanlar bir-biri ilə ünsiyyət qurarkən rahatlıq tapsınlar. Quran bunun məsuliyyətli olduğunu deyir. Yəni insan evlənərkən bunun məsuliyyətini dərk etməlidir”.
Elşad Mirinin sözlərinə görə, qadınlar da məsələni fərqli şəkildə gündəmə gətirə bilərlər: "Mənim düşüncəmlə təkevlilik daha gözəldir, Qurani-Kərimin də məsləhət bildiyi budur. Quranın gəldiyi dövrdə insanlar limit sayı olmadan evlənirdi,müqəddəs kitabda da onlara dəstək olan bir yanaşma var. Yoxsa 4 qadını al, bir evdə saxla kimi yanaşma yoxdur. Mən bunun təbliğ olunmasının tamamilə əlehinəyəm. Eyni məsələni qadınlardan soruşsaq, qadınlar da həqiqətən kişilər kimi düşünəcəklərmi? Yaxud da qadınlar öz üzərlərinə ikinci bir qadının gətirilməsinə razı olarlarmı? Qadın robotdurmu, onun hissi, duyğusu yoxdurmu?”.
Aydın Nuri