II dünya müharibəsində o, Ruzvelt administrasiyasında yeganə yüksək çinli şəxs olub ki, Amerika Birləşmiş Ştatlarının SSRİ ilə müttəfiq olmasına qəti etirazını bildirib. Bu fikir ayrılığına baxmayaraq Franklin Ruzvelt üçün Frensis Biddl ən etibarlı fiqurlardan biri sayılıb...
Frensis Biddl 1886-cı ildə Parisdə anadan olub. Valideynlərinin xidməti işi ilə əlaqədar ailə müvəqqəti olaraq Fransada yaşayıb. Frensis Biddl zəngin ailədə böyüyüb, onun atası tanınmış hüquqşünas, babası isə ABŞ-ın ilk baş prokuroru olub.
Orta təhsilini başa vurduqdan sonra Biddl Harvard Universitetində hüquq təhsili alıb. İlk əmək fəaliyyətinə Amerikada Ali Məhkəmədə hakim köməkçisi kimi başlayıb. İki il bu vəzifədə işlədikdən sonra Biddl Filadelfiyada 27 il hüquq məsləhətxanasında çalışıb. Bu illər ərzində o, bütövlükdə Amerikada ən savadlı və ən bacarıqlı hüquqşünas kimi tanınıb. Fiziki şəxslərlə yanaşı dövlət qurumlarına da hüquqi xidmət göstərən Biddl, tərəflərin mübahisəli məsələlərində həmişə qalib çıxaraq özünü təsdiq etməyi bacarıb.
1940-cı ildə Ruzvelt Biddli Ədliyyə Nazirliyində bütün kateqoriyalar üzrə hakimiyyəti Ali Məhkəmədə təmsil edən şöbəyə (baş solisotor) rəhbər təyin edib. Bir ildən sonra isə ona daha böyük bir vəzifə -ABŞ-ın baş prokuroru vəzifəsi həvalə edilib.
Frensis Biddl baş prokuror işlədiyi dövrdə bu qurumda köklü dəyişikliklərə nail olub. İstər kadr islahatlarında, istər qanunvericilik sahəsində, istərsə də prokurorluq orqanlarının səlahiyyətlərinin artırılmasında, maddi-texniki bazanın daha da zənginləşməsində onun böyük xidmətləri olub. Xüsusilə narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Biddl xüsusi proqram hazırlayıb, həmin proqramın tətbiqi bu sahədəki statistik göztəricilərdəki rəqəmləri nəzərəçarpacaq dərəcədə aşağı salıb.
Frensis Biddlin ən böyük xidmətlərindən biri də İkinci Dünya müharibəsi ərəfəsində Almaniyanın ABŞ-da gizli fəaliyyət göstərdiyi casus şəbəkəsi ilə apardığı mübarizə olub. Təkcə 1942-1943-cü illərdə o, almanların 26 casus şəbəkəsini aşkar edərək zərərsizləşdirməyə nail olub.
1945-ci ildə Harri Trumen hakimiyyətə gəldikdən sonra öz komandasını formalaşdıranda onun üçün ən çətin məsələ Frensis Biddlin istefa verməsi məsələsi olub. Frensis Biddlin xələfi Tom Klark öz xatirələrində həmin məqamı belə xatırlayıb:
“Biddlin istefası Trumen üçün mürəkkəb məsələ idi. Çünki Biddl kifayət qədər nüfuzlu, savadlı, beynəlxalq aləmdə tanınan bir fiqur idi. Trumen ona istefa verməsi haqqında fikrini bildirəndə çox həyəcanlı idi, hətta danışanda kəkələyirdi. Prezidentin bu həyəcanını Biddl hiss etdikcə gülümsəyirdi. Nəhayət, Trumen istefa ilə bağlı sözünü sona çatdıranda Biddl ona yaxınlaşdı, qucaqlayaraq gülə-gülə dedi:
-Bax Harri, gördün ki, bu o qədər də çətin məsələ deyildi.
Amma Biddl istefaya göndərilsə də, Amerikada ona böyük ehtiyac var idi...”
Müharibədən sonra Trumen Biddli Nrünberq Məhkəməsində ABŞ tərəfindən hakim təyin edib.
Frensis Biddl Nrünberq məhkəməsinin ən fəal hakimlərindən biri sayılıb. Hətta vaxtilə Hitler hakimiyyətində vitse-kansler işləyən, Nürnberq məhkəməsində müttəhimlər kürsüsündə əyləşən Frants Papen Biddl haqqında maraqlı açıqlamalar verib:
“Nürnberq məhkəməsində Fernsis Biddl ədalətli hökmün qarantı idi. Biz əks tərəflərdə dayansaq da, birimiz müttəhim, birimiz hakim olsaq da, Biddl bir insan və bir hüquqşünas kimi vicdanının səsini heç vaxt boğmurdu. O, ən kiçik detalları belə araşdıraraq səbir və təmkinlə hökmün ədalətli olmasına cəhd edirdi və buna nail olurdu...”
Frensis Biddl uzun illər Amerikanın nüfuzlu ali təhsil ocaqlarında mühazirələr oxuyub, eyni zamanda 1964-1067-ci illərdə Amerika Vətəndaş Azadlıqları İttifaqının prezidenti olub.
Ömrünün son illərində memuarlarını yazmaqla məşğul olan sabiq baş prokurorun bir neçə kitabı işıq üzü görüb. Onların arasında “Azadlıq qarşısında qorxu” kitabı doqquz dilə tərcümə olunaraq böyük populyarlıq qazanıb. Biddl həmin kitabda kommunist rejimi haqqında da fikirlərini qeyd edib:
“Kommunist rejiminin dirçəlməsində ABŞ-ın da rolu az olmayıb. Alman faşizmi üzərində qələbə təkcə SSRİ-nin qələbəsi deyildi. Bu müharibədə müttəfiqlik olmasaydı SSRİ-nin məğlubiyyəti qaçılmaz olacaqdı. Biz kommunistlərlə müttəfiq olduq, onların məğlubiyyətinin qarşısını aldıq. Bəs kommunistlər nə etdilər? Özlərini güc dövləti sayaraq arxalarını Amerikaya çevirdilər. Siyasi səmimiyyət belə olmur...”
Frensis Biddl 1968-ci ildə, 82 yaşında vəfat edib.\\Musavat.com