Redaktor seçimi
    Stüardessa Hökümə Əliyevanın anasından ürək dağlayan sözlər: “Balam hamını qorudu, bizə dağ çəkib getdi”
Xəbər lenti
Reklam
Paşinyan qaçır, Putin tutmağa çalışır: İrəvan Kremlə "Brüssel zərbəsi" hazırlayır

Baş nazir Nikol Paşinyan Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyinə və Kremlin "Bayden sammiti"nə qatılmamaq barədə çağırışlarına əhəmiyyət vermədi, ABŞ-la eyni düşərgəyə can atdığını birmənalı şəkildə təsdiqlədi; Erməni baş nazirin Brüsseldə reallaşa biləcək növbəti "qaçış cəhdi"nə Kremlin reaksiyasız qalmayacağı qətiyyən şübhə doğurmur...
Ermənistan Rusiyadan uzaqlaşma siyasətini davam etdirməkdə israrlı görünür. Belə anlaşılır ki, rəsmi İrəvan bu hədəfi Ermənistanın əsas geopolitik prioritetləri sırasına daxil edib. Və Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasətində istənilən avantürist riskə hazırdır.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti artıq davamlı olaraq, bu istiqamətdə israrlı addımlar atır. Ermənistanın gələcək taleyi ilə bağlı risk dərəcəsini artırır. Rusiya və Qərb siyasi dairələri arasında regional qarşıdurmanı dərinləşdirməyə çalışır.
Ermənistan baş naziri Nikol Paşinyanın Bayden administrasiyası tərəfindən təşkil olunan "demokratiya sammiti"nə qatılması da bu baxımdan, rəsmi İrəvanın Kremldən uzaqlaşma siyasətinin tərkib hissəsi sayıla bilər. Çünki, Ermənistan Rusiyanın hərbi müttəfiqidir, eyni zamanda, Kremlin patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də, rəsmi İrəvanın erməni baş nazirin "Bayden sammiti"nə qatılması ilə bağlı qərar verərkən, bu önəmli faktorlara diqqət etməsi vacib idi.
Ancaq rəsmi İrəvan Ermənistanın ABŞ-la beynəlxalq rəqabət vəziyyətində olan düşərgənin mövqeyinə əhəmiyyət vermədi. Halbuki, Kreml Rusiyanın bütün müttəfiqlərinə "Bayden sammiti"ndə iştirakdan imtina olunması ilə bağlı müraciət etmişdi. Həm də Kreml həmin "sammit"in Rusiyanın əleyhinə keçirilən toplantı olduğunu da rəsmən vurğulamışdı.
Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanın hərbi müttəfiqi Rusiyanın tövsiyyələrini və maraqlarını gözardı etməyə üstünlük verdi. Bununla da Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq niyyətində qərarlı olduğunu sezdirmiş oldu. Və bütün bunların Kremldə məmnunluq ilə qarşılanacağını düşünmək isə sadəlövhlük olardı.
Təbii ki, rəsmi İrəvanın son davranışlarına Kremlin münasibətlərini təxmin etmək üçün Rusiya politoloqlarının açıqlamalarına diqqət etmək tamamilə yetərlidir. Çünki rusiyalı politoloqlar adətən, qeyri-rəsmi şəkildə Rusiyanın mövqeyini ifadə etməyə çalışırlar. Kremlə yaxınlığı ilə tanınan politoloq İqor Korotçenkonun açıqlaması da bu baxımdan, qətiyyən istisna deyil.
Maraqlıdır ki, rusiyalı politoloq erməni baş nazirin Qərbə doğru süründüyünü düşünür. Onun fikrincə, N.Paşinyan nə qədər sürətlə və dolayısı yollarla sürünsə də, Rusiya prezidenti Vladimir Putin hələlik erməni baş nazirin bütün cəhdlərini puça çıxartmağı bacarır. Və buna misal olaraq, Paşinyan hakimiyyətinin Brüssel görüşünün təşkili ilə bağlı bütün "geopolitik kələkbazlığını" Soçi görüşü sayəsində əhəmiyyətdən salınmasını göstərmək olar.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

İqor Korotçenko hesab edir ki, rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli formatı ATƏT-in Minsk Qrupu ilə əvəzləməyə can atır. Onun fikrincə, Paşinyan hakimiyyəti erməni toplumunu Qərbin Ermənistana diplomatik dəstək verəcəyinə inandırmağa çalışır. Və bununla da Ermənistanda Rusiya əleyhinə əhval-ruhiyyəni gücləndirib, Qərbə inteqrasiya siyasətinə dəstək qazanmağa çalışır.
Rusiyalı politoloq əmindir ki, hazırda Paşinyan hakimiyyəti Fransanın tam dəstəyini özü üçün təmin etməyə nail olub: "Rəsmi İrəvan üçün Minsk Qrupu Qarabağda olan erməni separatçılarının statusu ilə bağlı iddiaları gündəmə qaytarmaq baxımından, böyük önəm daşıyır. Buna paralel olaraq, üçtərəfli formatın, o cümlədən, Rusiyanın vasitəçilik missiyasının əhəmiyyətdən salınmasına cəhd göstərilir. Ancaq prezident Vladimir Putin Paşinyan hakimiyyətinin üçtərəfli formatdan çıxıb, Qərb siyasi dairələrini regional proseslərə ortaq etmək cəhdlərini sərt şəkildə əngəlləyə bilir".
Onu da qeyd edək ki, İqor Korotçenko rəsmi İrəvanın KTMT-nı tərk edib, NATO-ya qoşulmaq variantı barədə xəyal qurduğuna da əmindir. Ancaq politoloq hesab edir ki, bu, bir çox səbəblərə görə hələlik mümkün deyil və xəyaldan uzağa gedə bilməz: "Ancaq N.Paşinyan ilk uyğun imkanda bu istiqamətdə addım atmağa hazırdır".
g
Ilham_Putin_Pasinyan_2.jpg (35 KB)

Göründüyü kimi, Rusiyada Paşinyan hakimiyyətinə artıq qətiyyən güvənmirlər. Onun hər an geopolitik xəyanətə hazır olduğunu da anlayırlar. Və bu, yaxın gələcəkdə Ermənistanın Rusiya ilə münasibətlərində ciddi problemlər yarada bilər.
Onu da qeyd etmək lazımdır ki, hazırda Paşinyan hakimiyyəti Brüssel görüşünə ciddi şəkildə hazırlaşır. Son vaxtlar Xankəndi və ətraf bölgədə erməni təxribatları da bu hazırlığın tərkib hissəsi sayıla bilər. Əsas məqsədin “Dağlıq Qarabağ münaqişəsi” hələ tam həll edilməyib” iddialarına haqq qazandırmaq cəhdi olduğunu düşünmək olar. Paşinyan hakimiyyəti üçün bu, prinsipial əhəmiyyət daşıyır. Hər halda, Minsk Qrupunun yenidən diriltmək üçün bu, yeganə uyğun variant kimi görünür.
Xatırladaq ki, Soçi görüşündə erməni baş nazir “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzularını gündəmə gətirməyə çalışmışdı. Ancaq onun dediklərinə iki prezident – Azərbaycan və Rusiya liderləri ümumiyyətlə, əhəmiyyət verməmişdilər. Nəticədə erməni baş nazir bu iki mövzunu Soçi görüşünün gündəliyinə çıxara bilmədi. Soçidə Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub” və “heç bir status olmayacaq” qərarı qalib gəldi.
İndi Brüssel görüşü bu mövzuları yenidən gündəmə gətirmək və müzakirə predmetinə çevirmək üçün Paşinyan hakimiyyəti üçün son şans kimi görünür. Belə anlaşılır ki, erməni baş nazir bu mövzuları mütləq aktuallaşdırmağa çalışacaq. Və böyük ehtimalla Brüssel görüşünün təşkilatçıları tərəfindən də dəstəklənəcək.

05be602560b6c4fde518f83889cbb60a.jpg (119 KB)

Ona görə də, yəqin ki, Azərbaycan Prezidentinin bu mövzulara qarşı prinsipial mövqeyi çox şeyi həll edəcək. Azərbaycan lideri bu mövzuların müzakirəsindən birmənalı şəkildə imtina edəcəyi təqdiqdə, Paşinyan Brüsseldən əli boş dönmək məcburiyyətində qalacaq. “Dağlıq Qarabağ münaqişəsi” və “status” mövzuları da birdəfəlik siyasi gündəmdən çıxarılmış olacaq. Ona görə də, dekabrın 15-də “artsax” xəyalları həmişəlik dəfn oluna bilər. Bu halda, Paşinyan hakimiyyəti üçtərəfli anlaşmaların icrasının qaçılmazlığı ilə tamamilə barışmalı olacaq.
Göründüyü kimi, erməni baş nazir hazırda özünün son şanslarını sınaqdan çıxartmağa hazırlaşır. Uğur qazanmaq ehtimalı o qədər də yüksək olmasa da, açıq-aşkar riskə getməyə üstünlük verdiyini sezdirir. Bu təhlükəli oyunda onun əlində bəzi Qərb siyasi dairələrinin vədlərindən başqa demək olar ki, heç nə yoxdur.
Ancaq uğursuzluq həm baş nazir Nikol Paşinyana, həm də Ermənistana olduqca baha başa gələ bilər. Çünki erməni baş nazir hazırda əslində, birbaşa Rusiya prezidenti Vladimir Putin ilə "qaçdı-tutdu" oynayır. Hələlik, erməni baş nazir qaçmağa çalışır. Ancaq Kreml sahibi isə hər dəfə dərhal onu tutub, geri qaytarır. Onun Brüsseldə reallaşa biləcək növbəti qaçış cəhdinə Kremlin necə reaksiya verəcəyini müəyyən etmək üçün isə o qədər də çox gözləmək lazım gəlməyəcək. \\Musavat.com

Tarix: 11 dekabr 2021
Baxış: 135

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş