Müəllimlərin işə qəbulu imtahanında (MİQ) 92 bal toplayaraq rus bölməsində Azərbaycan dilinin tədrisi üzrə respublika birincisi olan müəllim işsiz qalıb. Söhbət Nərmin Şamxalovadan gedir.
Müsahibimiz deyir ki, o bu tədris ilinə qədər Şamaxıda şəhər məktəblərinin birində müəllim işləyib. Yaşayış yerini dəyişdiyi üçün bu il MİQ imtahanında yüksək nəticə toplayaraq Bakıdakı 160 saylı gimnaziyaya qəbul olub. İddia edir ki, buna baxmayaraq, artıq iki aydır qəbul olduğu Gimnaziya onunla əmək müqaviləsi bağlamır.
Nərmin Şamxalova deyir ki, vakansiyaya əsasən 160 saylı Gimnaziyada ona ən azı 18 saat dərs verilməli idi. Gimnaziyaya qəbul olduğu üçün əvvəl işlədiyi Şamaxı şəhər məktəbindəki işindən də ayrılan müəllim 2 aydır ki, heç bir yerdən əməkhaqqı almadığını deyir.
Müsahibimiz yaranmış vəziyyətlə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət etdiyini deyib. Müsahibimizin istəyi nazirliyin bu məsələyə reaksiya verməsi və qəbul olduğu gimnaziyada işə başlamaqdır.
Elm və Təhsil Nazirliyindən bildirdilər ki, problem ciddi araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək. \\Xezerxeber.az