Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Test tapşırıqlarında dəyişikliklər olacaq - DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 ("Dinləyib-anlama”, "Danışma”, "Oxu” və "Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir.

Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.

DİM-dən Gender.Az-a verilən xəbərə görə, 2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin "Yazı” məzmunlu bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.

Yeni modelə əsasən, dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.
Cari ilin məzunları üçün tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil (11 illik) səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.
İmtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklər.

Tarix: 21 oktyabr 2022
Baxış: 1 534

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş