Moskvadan Azərbaycanın Brüssel görüşünə xəritələrlə SƏRT ETİRAZ – “Yolunuzu AZMAYIN”
Rusiya XİN-dən “Biz Aİ-nin üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi prosesinə müdaxilə etmək üçün davamlı cəhdlərini görürük” bəyanatı; politoloq: “Rusiya yanlış təsəvvürlər yaradır, həmin xəritələrdən Ermənistanda və Azərbaycanda da var”
Brüsseldə ötən həftəsonu keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan birgə komissiyasının tərkibinin elan olunması və dərhal da ilk görüşün keçirilməsi Avropa Birliyinin aktivinə yazıldı. Çünki Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən üç görüşdə sərhəd komissiyasının fəaliyyətə başlaması mümkün olmamışdı.
Komissiyanın növbəti iclasının gələn həftə Moskvada, sonra Brüsseldə keçirilməsi razılaşdırılıb. “Moskva Brüsseldən Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaların həyata keçirilməsinə yardım edəcəyini və ”geosiyasi oyunlar” oynamamağı gözləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“Biz Aİ-nin üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi prosesinə müdaxilə etmək üçün davamlı cəhdlərini görürük”, – deyə Zaxarova əlavə edib. Onun sözlərinə görə, Rusiyanın strateji məqsədi “Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, bu prosesi təşviq etməkdir”. O qeyd edib ki, Moskva bütün istiqamətlərdə tərəfdaşlara hərtərəfli yardım, o cümlədən nəqliyyat əlaqələrinin açılması, sərhədin delimitasiyası, ictimai dialoqun qurulması və sülh müqaviləsinin işlənib hazırlanmasında dəstək verir.
Göründüyü kimi, XİN rəsmisinin Aİ-nin vasitəçiliyi ilə bağlı mövqeyi kifayət qədər sərtdir. Rusiyalı ekspertlərin də bu yöndə açıqlamaları diqqət çəkir. Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov deyir ki, Moskva artıq əvvəlki kimi rahat deyil: “Azərbaycan və Ermənistanın artıq Brüsseldə sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı razılığa gəlinməsi danışıqlar üçün çox təsiredici əsasdır. Moskva bunu bacarmadı…”
Bununla yanaşı, Dubnov hesab edir ki, istənilən halda Moskva danışıqlar prosesində iştirakını saxlayacaq: “İnanıram ki, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı növbəti görüşü Moskvanın vasitəçiliyi ilə baş tutacaq”.
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Aleksandr Krılov da Brüssel görüşünü Aİ-nin təşəbbüsü ələ keçirmək cəhdi kimi qiymətləndirir: “Bu, ATƏT-in Minsk Qrupunun faktiki olaraq fəaliyyətsiz olduğu şəraitdə Aİ-nin vəziyyətə təsirinin yeni formasıdır”, – deyə – Krılov bildirib. Onun fikrincə, Rusiya bu məsələ ilə bağlı özünün xüsusi nümayəndəsini təyin edib və belə çıxır ki, Avropa fəal olmaq üçün öz yerini axtarır. Danışıqların davam etməsi əlbəttə ki, yaxşıdır. Amma bunun praktiki hansı nəticələrə gətirib çıxaracağı tam aydın deyil.
Ekspert Ermənistanla Azərbaycan arasında yekun sərhədin Rusiyanın köməyi olmadan müəyyən edilə biləcəyinə şübhə ilə yanaşır: “Rusiyanın birbaşa iştirakı və köməyi olmadan Aİ Azərbaycan və Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində necə təsir göstərə bilər? Moskva olmadan bu prosesi başlamaq və başa çatdırmaq mümkün deyil. Aİ-nin nə sərhəd xəritələri, nə də bölgədə yerləşdirilmiş hərbi kontingenti var”.
Krılovun sözlərinə görə, Aİ ilə Rusiya arasında münasibətlərin kəskin mürəkkəbləşməsi Brüsselin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməyib. Ekspert hesab edir ki, Aİ-nin mövqeyi dəyişməz qalıb: “Brüssel əvvəlki kimi, münaqişənin həlli zamanı etnik ermənilərin hüquqlarına hörmət edilməli olduğunu iddia edir. Ukraynada müharibə səbəbindən yaranmış gərgin vəziyyətdə indi həm Moskva, həm də Brüssel təkbaşına Bakı ilə İrəvan arasında danışıqlarda uğur qazanmağa çalışırlar”.
Rusiyalı ekspertlər xəritələr mövzusunu təsadüfi gündəmə gətirmir. Rusiya prezidenti Putin Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi üçün xəritələrin Rusiya Baş Qərargahının arxivində olduğunu bildirmişdi. 1926-cı il və 1974-cü il tarixli hansı xəritənin əsas götürüləcəyi isə hələ də bilinmir. Rusiya iddia edir ki, sovet dövrü xəritələri ancaq Moskvada Müdafiə Nazirliyində saxlanır. Onlar yoxlanıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar.
Belə görünür ki, Moskva elə xəritələrdən də istifadə edərək tərəfləri əsas razılaşmalar məkanının Rusiya olduğuna inandırmağa çalışacaq. Hətta ehtimal etmək olar ki, Rusiya Paşinyanı daha sözəbaxan etmək üçün İrəvan müxalifətinə dəstəyini artıra bilər. İndi Paşinyan hakimiyyəti həm də o səbəbdən duruş gətirə bilər ki, Moskva ondan dəstəyini çəkmir. Doğrudanmı Rusiyasız sərhədləri dəqiqləşdirmək mümkün olmayacaq? Rus analitiklər nə dərəcədə haqlıdır? Olmaz ki, hər iki tərəf güclərini birləşdirib problemin həlli üçün çalışsınlar?
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya özündə olan xəritələrə çox güvənir: “Ona elə gəlir ki, ondan başqa heç kəsdə xəritə yoxdur. Amma Azəbaycanda da bu xəritələr var. Əslində Rusiya topoqrafik xəritələrə diqqət yetirir və belə hesab edirlər ki, əsas hərbi xəritələrdir, o da yalnız Rusiya Müdafiə Nazirliyindədir. Lakin sovet dövründə həm siyasi, həm topoqrafik xəritələr buraxılıb. Burada SSRİ-yə daxil olan bütün respublikaların inzibati sərhədləri göstərilirdi. İndi Rusiya hər şey əldən çıxdıqdan sonra xəritələrin əlində olduğunu söyləməklə üstünlük qazanmağa çalışır”.
Q.Hüseynlinin sözlərinə görə, sadəcə, Moskva bu məsələlərin həllinə fayda vermək əvəzinə yanlış təsəvvürlər yaradır: “Zənnimcə, Rusiyanın söylədiklərinə inanmaq lazım deyil. Moskva danışıqlarda imtiyazları ələ keçirmək cəhdləri göstərir. Amma bir daha təkrar edirəm ki, həmin xəritələrdən Ermənistanda da, Azərbaycanda da var. Rusiyanın bu yanaşmaları siyasi məqsədlər daşıyır”.
Politoloqun fikrincə, Avropa Birliyi prosesin monitorinqini aparacaq: “Hətta eyham vurublar ki, kənar gücün müdaxiləsinə, əngəl olmasına imkan verməyəcəklər. İyul-avqustda da Brüsseldə görüş keçiriləcək. Qərb bu dəfə daha israrlı görünür və hiss olunur ki, Paşinyanın özünə də təzyiq göstərilib. Ancaq Avropa Birliyi prosesləri dinamik surətdə aparmaq istəyirsə, Nikol Paşinyana nəzarət etməlidir ki, Moskva ona təsir göstərə bilməsin”.
Elxan Şahinoğlu
Siyasi analitik Elxan Şahinoğlunun dediyinə görə, Kreml nəzarət etdiyi mediaya yeni tapşırıq verib: “Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldəki növbəti görüşü topa tutun! Əmri alan Rusiya mediası Ermənistanın radikal müxalifət təmsilçilərinə və Paşinyana müxalif olan ekspertlərə istinad edərək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkil etdiyi görüşü və əldə edilən razılaşmaları aşağılamağa çalışır. Brüsseldə növbəti görüş avqustda olacaq. Bu tarixə qədər Moskva Ermənistandakı əlaltıları vasitəsilə prosesi pozmağa çalışacaq”.
Ekspertin sözlərinə görə, Kreml Paşinyana bircə gün də nəfəs dərməyə imkan vermədi: “Baş nazir Brüsseldən qayıdan kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana zəng edib. Əslində Lavrov Mirzoyandan Paşinyanın Brüssel görüşünün hesabatını istəyib, növbəti dəfə ”yolunuzu azmayın” mesajını çatdırıb”.
Turan Rzayev
Siyasi şərhçi Turan Rzayev deyir ki, Brüssel görüşündən iki gün sonra sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsi həm rəsmi Bakının, həm də İrəvanın prosesdə maraqlı olduğunu göstərir: “Tərəflərin delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını bildirməsi də bunu təsdiqləyir. Prinsip etibarilə sərhədlərin delimitasiyası ilə bağlı Avropa ilə Rusiya arasında fikir ayrılığı yoxdur. Bu isə öz növbəsində prosesin həllini sürətləndirə bilər. Bu mənada ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi əslində yeni bir şey deyil, əksinə, mövcud prosesin öncədən təyin edilən qrafik üzrə aparıldığını göstərir. Digər tərəfdən, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi Azərbaycan-Ermənistan sülh gündəliyindəki ehtimal edilən Qərb-Kreml rəqabətini neytrallaşdıra bilər”.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşünün keçirildiyi yer bilinib. Baş nazirin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan Arazdəyən kəndi (Vedi rayonunun Arazdəyən kəndi) istiqamətində sərhəd xəttində görüşüb.
Mənbə: Yeni Müsavat