Zəhərlənmələrin bir səbəbidə qızmar günəş altında saxlanılan meyvə və tərəvəzlərdirmi?
Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov günəşin bir müddət qarpıza mənfi təsir etmədiyini bildirdi: “Yeni dərilmiş qarpızı gün altında saxlamaq olar.
Onun üzərinə “biyan” adlanan bitkinin yarpaqları çəkilsə, yaxşı olar. Qarpız günün altında daha yaxşı yetişir, ancaq çox yetişəndən sonra içini yeyir və xarab olur. Sərin yerdə saxlamağın üstün cəhəti qarpızın uzun müddət sağlam qalmasıdır”.
E.Hüseynov qeyd etdi ki, bir gündə 1 kilodan artıq nitratları çox olan qarpız yeyilərsə, insanları zəhərləyə bilər: “Qarpızın günün altında qalması zəhərlənməyə səbəb olmaz. Əlbəttə, qaynar qarpızı yemək düzgün deyil. Azad İstehlakçılar Birliyi olaraq primitiv bir cihazla hər il monitorinq aparırıq. Qarpız və yemişlərin tərkibində nitratların miqdarı həddindən çoxdur. Azərbaycan torpaqları demək olar ki, nitratlarla zəhərlənib. Ölkədə qarpızı, yemişi yetişdirmək, yaxşı məhsuldarlıq əldə etmək üçün kənd təsərrüfatı ilə məşğul olan insanlar heç bir normaları bilmirlər və mümkün qədər nitrat, gübrələr verirlər. Mövsüm boyu qarpız və yemişlərin tərkinində nitratların miqdarı normadan çox olur. Ona görə biz tövsiyə edirik ki, qarpızdan çox istehlak etmək doğru deyil”.
AİB-in sədri gübrəli və gübrəsiz qarpızların fərqini açıqladı: Nitratı olmayan və ya az olan qarpızın içərisi al qırmızı, qabığının qalınlığı yarım santimetrdən az olur, bıçağı toxundurduqda partlayır, içərisindəki ağ zoğlar görünməz dərəcədə, çəkisi 4-5 kilodan artıq olmur. Lakin nitratlı qarpızlar böyük olur, qabığının qalınlığı 1 santimetrdən artıq, nitratsıza nisbətən, daha şirin olur, kəsdikdə çəhrayı rəngi verir, gözlə görünən ağ zoğlar olur. Ona görə, qarpızın kiçiyini, al qırmızı olanını almaq daha məsləhətdir”.
Onun sözlərinə görə, yemişlərdə də problem var: “Yemişlərin gün altında saxlanılmaması məsləhətdir. Lakin günəş altında müəyyən qədər qalmaq ona mənfi təsir etmir, daha yaxşı yetişməsinə səbəb olur. Uzun müddət qalarsa, çölü yaxşı görünməklə yanaşı, içərisi insanlara zərərli vəziyətə gətirib çıxara bilər”.
Azad İstehlakçılar Birliyinin sədri vurğuladı ki, Qida Təhlükəsizliyi Agentliyi geniş şəbəkə ilə yollarda olan satışa nəzarət edə bilmir: “Kənd Təsərrüfatı Nazirliyinin və qida təhlükəsizliyinin işçiləri bu mallar əkilən zaman əkinçilərin yanında olmalıdır, nə qədər gübrə vermək lazım olduğunu, həddindən çox verilərsə, nə baş verəcəyini bildirməlidirlər. Gübrə verilməsə belə, bu il yonca əkilmiş yerdə gələn il qarpız əkilərsə, yenə də nitratların miqdarı normadan çox olur”.
Tibb elmləri doktoru Adil Qeybulla sözügedən mövzu ilə bağlı Sitat.info-ya açıqlamasında bildirdi ki, ən böyük tövsiyə meyvələri təbii yetişdiyi vaxtda istehlak etməkdir: “Onda meyvələrin müasir süni iqlim şəraitində yetişdirilməsi üçün fəsilin önəmi qalmır. Qışda da istənilən meyvəni istixanalarda, süni iqlim şəraitində yetişdirmək mümkündür. Və vaxtından əvvəl yetişdirilmiş müxtəlif meyvə və tərəvəzin istehlakı məqsədəuyğun deyil. Amma biz buna vərdiş etmişik. Bu bizim həyatımızın bir hissəsinə çevrilib. Ona görə də insanlar öz nəfslərinə nəzarət edərək bu məsələyə ciddi əməl etməlidirlər. İkinci faktor ərzaq məhsullarının, o cümlədən meyvə- tərəvəzin daşınması, saxlanılması, utilizasiyası ilə bağlı təlimatlardır. Bu təlimatlar kənd təsərrüfatı tədarük mərkəzlərində və sair. kənd təsərrüfatı idarələrində sovet dövründə var idi. İndi də buna əməl etmək lazımdır. Bu meyvə- tərəvəzlərin hansı şəraitdə və necə saxlanılması xüsusi əsasnamə ilə təsbit olunub”.
A.Qeybullanın sözlərinə görə, günəş şüaları altında qalmış meyvə- tərəvəz saplağından ayrılıbsa, tərkibi tədricən xarab ola bilər: “Həddindən artıq yetişmə baş verə bilər və vaxtından əvvəl xarab olmasına gətirib çıxara bilər. Ümumiyyətlə meyvə-tərəvəz sərin yerdə saxlanılmalıdır. Bəzi meyvələrin bir – birindən kontaktı da istisna olmalıdır. Mümkün qədər təbii ot, taxta üzərində saxlamaq daha məqsədəuyğundur. Bir -biri ilə təmasda olan meyvələr çürüməyə başlayır. Bu məqamlara fikir verməklə, xüsusi təlimatlara əməl etməklə meyvə – tərəvəz saxlanılmalıdır. Sağlam şəkildə əhalinin istifadəsinə verilməli, satışa buraxılmalıdır”.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
Qidaelmi.az