“Danışığınıza fikir verin…” – Xruşovun oğlunun toyundan yarımçıq çıxanların çevriliş planı
1957-ci ilin başlanğıcında Xruşovlar ailəsində əsas müzakirə mövzusu toy məsələsi olub. Nikita Xruşov həmin ilin yaz aylarında oğlu Sergeyin toyuna hazırlaşıb. Uzun-uzadı ailə müzakirələrindən sonra belə qərara gəlinib ki, toy mərasimi bağ evində keçirilsin. Əvvəlcə belə planlaşdırılıb ki, toya Sergeyin dostları, ailə həyatı quracağı Qalina Şumovanın rəfiqələri və yaxın qohumlar dəvət olunsunlar.
Sonradan isə siyahı böyüyüb. Sergey Xruşov öz xatirələrində toy hazırlığını belə xatırlayıb:
“Biz öz toyumuzu kiçik bir əhatədə, dostlar və qohumlarla qeyd etmək istəyirdik. Amma atamın dəvət etdiyi qonaqların siyahısı günü-gündən böyüyürdü. Anam buna narazılıq etsə də, atam öz işində idi. Günlərin birində atam işdən evə qayıdanda anama dedi ki, siyahıya iki nəfərin də adını əlavə et, Tupolevi və Antonovu. Anam bu adları eşidəndə narazılığını yenə də büruzə verdi:
– O birilərini başa düşdük, neçə illərdir bir yerdə işləyirsiniz. Bəs bu təyyarə konstruktorları (Tupolev və Antonovu nəzərdə tuturdu) haradan çıxdı?
– Nina, onlar bu gün mənim qəbulumda idilər. Uşaqlardan söhbət düşdü. Sergeyə toy edəcəyimi onlara da bildirdim. Dəvət etməsəydim, yaxşı alınmayacaqdı. Onlar bizim hörmətli alimlərimizdir, tanınmış adamlardır, mən onları toya necə dəvət etməyə bilərdim?
Beləliklə, Mərkəzi Komitənin yüksək ranqlı məmurları, nazirlər, mədəniyyət və incəsənət xadimləri, digər tanınmışlar mənim toyuma dəvət aldılar. Qonaqların çoxluğuna baxmayaraq, bağ evində rahat şərait qura bildik…”
Toy günü səhər saatlarında N.Xruşov Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) yeni seksiyaların açılışnda iştirak edib. Günortadan sonra elə qonaqlar da sərgidən birbaşa Xruşovun bağ evinə yığışıblar.
Toy mərasimini Xruşov öz nitqi ilə açıb, o, öz valideynlərini xatırlayıb, gənclik xatirələrindən danışıb. Sonra söz bir-bir qonaqlara verilib. “40 də
rəcə”nin təsiri altında toya dəvətlilər özlərini rahat və sərbəst aparıblar. Amma istisnalar da olub.
Həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsini tutan Nikolay Bulqanin təbrik nitqi söyləyəndə Xruşov baş nazirlə xoş və mülayim kiçik bir zarafat edib. Zarafatda heç bir aşağılama və təhqir olmayıb.
Buna baxmayaraq, Xruşovun zarafatı Bulqanini özündən çıxarıb və o, elə mikrafonda Xruşovun cavabını verib:
– Nikita Sergeyeviç, danışığınıza fikir verin, ifadələrinizə hədd qoyun.
Bu gözlənilməz reaksiyadan Xruşov pərt olsa da, məsələni çox qabartmayıb, Bulqaninin reaksiyasına yumşaq zarafatla cavab verərək “insident”i qapayıb, əlavə söz-söhbətin ortaya çıxmasına imkan verməyib.
Bulqanin təbrikdən sonra öz masasının arxasına keçib. Bu masada Vyaçeslav Molotov, Georgi Malenkov, Lazar Kaqanoviç də əyləşiblər. Onlar aralarında 5-10 dəqiqə söhbət etdikdən sonra dördü də toyu tərk ediblər. Sonradan məlum olub ki, Molotov, Malenkov, Kaqanoviç və Bulqanin birlikdə Malenkovun bağına gediblər.
Tanınmışların toyu belə yarımçıq qoyub aqressiv şəkildə tərk etməsi heç kimin diqqətindən yayınmayıb. Xruşov da yaxşı anlayıb ki, Bulqanin onun cəbhəsindən çıxıb Molotovun cəbhəsinə keçib.
Sonralar marşal Georgi Jukov da öz xatirələrində bu haqda yazıb: “Molotovgilin toy mərasimini belə bir formada tərk etməsi xoşagələn hal deyildi. Onlar getdikdən sonra Ukraynanın birinci katibi Aleksey Kiriçenko mənə yaxınlaşdı:
– Georgi Konstantinoviç, bilirsiniz, bu hadisələr nədən xəbər verir? Onlar bu məclisi elə-belə tərk etmədilər. Mən belə düşünürəm ki, siz hər şeyə hazır olmalısınız. Biz sizə güvənirik. Sizin orduda böyük nüfuzunuz var, sizin bir əmrinizlə ordu istənilən bir siyasi məsələyə müdaxilə edə bilər. Siz ayıq-sayıq olun.
Kiriçenko sərxoş idi və elə düşünürdüm ki, onun bu müəmmalı danışığı da sərxoşluğundan irəli gəlir. Hər halda münasibət bildirməyi, ona cavab verməyi özümə borc bildim:
– Siz nə danışırsınız? Bu məsələyə mənim ordudakı nüfuzumun nə dəxli var? Ümumiyyətlə, bu fikirlər sizin haradan ağlınıza gəlir? Mən sizi anlaya bilmirəm.
– Yox, Georgi Konstantinoviç, dəxli var. Siz onları, Molotovu, Malenkovu, Kaqanoviçi yaxşı tanımırsınız. İndi də Bulqanini öz ətraflarına çəkiblər. Bu məsələ ciddiləşəcək, ağır fəsadları olacaq. Özünüz də bunun şahidi olacaqsınız.
Mən təxminən onun fikirlərini anlamağa başlayırdım. Sərxoş olsa da, danışdıqlarında məntiqi bir əsas var idi…”
Kiriçenko öz fikirlərində haqlı olub. Məhz həmin gün toyu tərk edənlər Malenkovun bağ evində Xruşovu devirmək planını bir daha müzakirə ediblər. Cəmi bir neçə aydan sonra, 1957-ci ilin iyun ayında isə toydan incik çıxanlar saray çevrilişinə cəhd ediblər, Xruşovu hakimiyyətdən devirmək istəyiblər. Ancaq onların bu cəhdi baş tutmayıb. Elə Kiriçenkonun sərxoş vəziyyətdə dediyi kimi, orduda böyük nüfuza sahib olan marşal Jukovun sayıqlığı nəticəsində Xruşovu “xilas” etmək mümkün olub.
Ən maraqlı məqam isə odur ki, Xruşov marşalın bu müdafiəsinin müqabilində onu bir neçə aydan sonra müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb.
İlham Cəmiloğlu, Musavat.com