“Orada xudmani bir ev tikəcəm…” - Tanınmışlar işğaldan azad ediləcək hansı rayonda yaşamaq istəyir?
Cəbhədə baş verən son hadisələr, işğaldan azad edilən torpaqlar bütün Qarabağın, işğalda olan ərazilərin bizə geri qayıdacağı inamını yaradır.
Sfera.az tanınmışlara "işğal edilmiş ərazilərimiz azad olduqdan sonra həmin bölgələrdən hansında yaşamaq istəyirsiniz?” sualı ilə müraciət edib. Beləliklə…
Deputat Məlahət İbrahimqızı Qarabağın istənilən bölgəsində yaşamağa hazır olduğunu bildirib:
"Vətənimizin bir parçası olan Qarabağ üçün, onun hər qarışı üçün o qədər darıxmışıq ki… O torpaqların hər qarışı bizim üçün əzizdir. Ona görə də hansı rayonda yaşamağı seçmək mənim üçün çox çətindir”.
Azərbaycanın Xalq artisti Mənsum İbrahimov Ağdamda yaşamaq istəyir:
"Qarabağ mənim üçün iki qat əzizdir. Çünki Ağdamda dünyaya gəlmişəm. Məni Mənsum İbrahimov kimi tanıdan o torpaqdan aldığım səs olub. Hələ işğal dövründə də mən azı ayda bir dəfə Ağdama getmişəm. Allah qoysa o torpaqlar azad olan kimi sevə-sevə Ağdamda yaşayaram”.
İlin gənc müəllimi seçilən, Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru Şəbnəm Cəbrayıl Laçında çalışmaq və orada yaşamaq istəyir:
"Mən Laçında yaşamaq və xidmət etmək istəyərəm, çünki, doğulduğum yerdir. Onun hər qarışında babalarımızın ayaq izi var. İllər keçsə də qəlbimizdə vətənə qayıtmaq istəyi heç zaman azalmadı, ümidimiz heç vaxt itmədi, arada qırılsaq da, arzumuzdan möhkəm yapışdıq və bu gün rəşadətli ordumuzun, ali baş komandanımızın qətiyyəti nəticəsində biz torpaqlarımızı geri alırıq. Bəli, artıq yavaş-yavaş məcburi köçkün adı üstümüzdən götürülür...”.
İqtisadçı-ekspert Natiq Cəfərli Şuşada yaşamağı arzulayır:
"Mən uşaqlıqda bircə dəfə Şuşada olmuşam. Elə o vaxtdan da oranın təbiətinə vurğunam. Allah qoysa, Şuşa azad olduqdan sonra orada yaşamağı arzulayıram”.
Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı dostu ilə Cəbrayılda yaşayacağını bildirib:
"Qarabağın istənilən bölgəsi mənim üçün əzizdir. Amma Cəbrayılın Qaracallı kəndində yaşamağı istəyirəm. Çünki tələbə yoldaşım ordandır və biz onunla əlli ildir ki, dostuq. Həmin kəndə 1971-ci ildə bir dəfə getmişəm. İndi dostumla arzu edirik ki, onun orda sökülən evini bərpa edib yaşayaq”.
Təhsil eksperti Kamran Əsədov Azıx mağarasında araşdırma aparmaq, Şuşada yaşamaq istəyir:
"Tarixçi kimi ilk getmək istədiyim ərazi artıq işğaldan azad edilmiş Xudafərin körpüsüdür. Ümumilikdə Xudafərin körpüsündə, Azıx mağarasında araşdırma aparmaq istəyirəm. Yaşamaq üçün isə Şuşanı arzulayıram. Bunun da səbəbi tarix boyu Şuşanın müstəsna rolunun olması, Şuşa qalası, Bayat qalası və s-dir. Bundan başqa Laçın, Kəlbəcərdə də yaşamaq mənə maraqlı olardı. Ən böyük arzum isə Şuşada Qarabağ Dövlət Universitetini açmaqdır”.
"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlidə Şuşada yaşamağı arzu edənlər içərisindədir:
"Çox qısa müddətdə işğaldakı bütün torpaqlarımız azad ediləcək. Hər qarış torpağımız əzizdir. Ayrıca olaraq istini sevmədiyim və qarı-yağışı çox sevdiyim üçün yayda sərin, yaz-payızda bol yağışlı, qışda çox qarlı bölgə Şuşa olduğu üçün orada yaşamaq istərdim”.
Dünya və Avropa çempionu, Daxili İşlər Nazirliyinin "Dinamo” idman klubunun təmsilçisi Eduard Məmmədov Şuşada qələbə qazanmağın arzusundadır:
"İşğalda olan torpaqlarımızın hər bir zərrəsi qiymətlidir. Bu dəqiqə cəbhədə igidlərimiz hər qarış torpaq üçün canlarından keçirlər. Şuşa şəhəri mənim üçün bir başqadır. Şuşada yaşamaq istərdim. Torpaqlarımız tam şəkildə işğaldan qurtulsun, biz idmançılar yarışlarımızı doğma Qarabağımızda keçirib, qələbə qazanaq, şanlı bayrağımızı dalğalandıraq”.
Şair Eminquey Akif Kəlbəcərdə ev tikməyi arzu edir:
"Qarabağla bağlı bir çox videolara baxmışam. İstər işğaldan əvvəl, istər işğal vaxtı, istərsə də işğaldan sonra. Ən çox aşiq olduğum Kəlbəcər olub. Maşın dağın içindən təbii tuneldən keçib meşəliyə çıxırdı. Orada, bilmirəm, hansısa çayın üstündə gəmidən restoran tikiblər. Altdan şırhaşırla çay axır, meşənin içi, çayın üstündə də restoran. Ermənilərəin İstisuda dincəlməyi, kef çəkməyini görəndə çox pis olmuşdum.
Əlbəttə, könül istər ki, yaxşı pulun ola, Qarabağın hər bölgəsində bir xudmani ev tikəsən, amma belə bir şansım olsa, Kəlbəcəri seçərdim. Qalanlarını da inşallah gəzərik, çadır qurub istirahət edərik. Əsas odur, biləcəyik ki, bu çadırı qaçqın kimi yaşamağa yox, istirahət etməyə qurmuşuq”.
Tarix: 08 oktyabr 2020
Baxış: 498
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş