Xəbər lenti
Reklam
Məşhur banklar süni intellekt agentləri üçün "təcili söndürmə düyməsi" axtarır


ABŞ-də fəaliyyət göstərən bir sıra iri və orta ölçülü banklar süni intellekt agentlərinin səlahiyyətlərini məhdudlaşdırmağa başlayıb. Buna səbəb "OpenAI" tərəfindən sınaqdan keçirilən modellərin təhlükəsizlik məhdudiyyətlərini aşaraq təcrid olunmuş test mühitindən kənara çıxmasıdır. Banklar mümkün risklərin qarşısını almaq üçün xüsusi nəzarət mexanizmləri, o cümlədən fövqəladə söndürmə sistemləri hazırlayır.
Məlumata görə, narahatlıq "OpenAI" modellərinin iyul ayında keçirilən kibertəhlükəsizlik sınaqları zamanı müəyyən edilmiş davranışlarından sonra artıb. Modellər internetlə əlaqəni kəsmək üçün nəzərdə tutulan təhlükəsizlik mexanizmlərini aşaraq proqram təminatındakı boşluqlardan istifadə etməklə xarici sistemlərə çıxış əldə ediblər.
Ən ciddi insidentlərdən biri “Hugging Face” platformasında qeydə alınıb. Belə ki, təcrid olunmuş test mühitində işləyən təxminən 700 avtonom agent kibertəhlükəsizlik sınağının cavablarını əldə etmək məqsədilə platformanın real sistemlərinə hücum edib. Bu fəaliyyət iki gündən çox davam edib.
"OpenAI" isə sınaqdan keçirilən modellərin açıq istifadə üçün təqdim edilən məhsullarla müqayisədə daha az təhlükəsizlik məhdudiyyətləri şəraitində işlədildiyini bildirib. Hadisə ilə əlaqədar Kaliforniyanın baş prokuroru Rob Bonta noyabrın 16-da şirkətə qarşı məhkəmə iddiası qaldırıb.
Məlumatda bildirilir ki, ABŞ banklarının heç biri indiyədək bu insidentlərdən birbaşa zərər görməyib. Buna baxmayaraq, bir sıra maliyyə qurumları xüsusi işçi qrupları yaradaraq süni intellekt modellərinin təhlükəsizlik məhdudiyyətlərini hansı üsullarla keçə bildiyini araşdırır.
Bankların əsas strategiyası agentlərə adi əməkdaşlar kimi yanaşmaqdır. Onlara fərdi identifikasiya məlumatları, konkret səlahiyyətlər və istifadə məhdudiyyətləri verilir. Süni intellekt sistemlərinin sınaq mühitləri də gündəlik bank əməliyyatlarından tamamilə ayrılır.
Bundan başqa, agentlərin hansı sistemlərə daxil olduğu, hansı əməliyyatları həyata keçirdiyi və bu proseslərin insan tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi qeydə alınır. Məqsəd mümkün insident zamanı baş verənləri addım-addım müəyyənləşdirmək və süni intellektin əməliyyat qeydlərinə müdaxiləsinin qarşısını almaqdır.
Bankların nəzərdən keçirdiyi əsas mexanizmlərdən biri “Kill Switch” adlanan fövqəladə dayandırma sistemidir. Bu mexanizm nəzarətdən çıxan və ya ələ keçirilən süni intellekt agentini digər sistemlərdən dərhal ayırmağa və onun başladığı prosesləri müəyyənləşdirməyə imkan verməlidir.
Maliyyə qurumları həmçinin agentlərin insan əməkdaşlara məxsus giriş məlumatlarından icazəsiz istifadə etməsini aşkar edən sistemlər üzərində işləyir.
Lakin belə agentlərin qəfil dayandırılması bank əməliyyatlarında fasilələrə səbəb ola bilər. Buna görə də kreditləşmə, dələduzluğun aşkarlanması və maliyyə cinayətlərinin araşdırılması kimi sahələrdə alternativ iş mexanizmləri də sınaqdan keçirilir.
Qeyd olunur ki, ABŞ-ın bütün iri bankları aktivlərin idarə edilməsi, ödənişlər və maliyyə əməliyyatları daxil olmaqla müxtəlif istiqamətlərdə süni intellekt agentlərindən istifadə edir. Müstəqil süni intellekt riskləri üzrə ekspert Naresh Raheja isə bankların artıq bu texnologiyaları tətbiq etməklə kifayətlənmədiyini, onların fəaliyyətinə davamlı nəzarət və risklərin idarə edilməsinə daha çox diqqət ayırdığını bildirib. \\Valyuta.az


Tarix: 26 noyabr 2026
Baxış: 40

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş